VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd olunan məsələlər əvvəlki forumlarda Azərbaycan tərəfindən təklif olunan, məhz mədəni irsin bərpasına yönəlmiş xüsusi yanaşmadır. Bu, 7 mərhələdən ibarət yanaşmadır. Bu forumda artıq o barədə daha praktiki danışa bilərik, çünki işğaldan azad olunmuş ərazilərdə bunun konkret nümunələri var. Artıq bir sıra mədəni-tarixi abidələrimizi və mədəni irs nümunələrimizi bərpa etmişik. Bəzi obyektdə xüsusi yanaşmalar tətbiq olunub və bu təcrübə digər ölkələr üçün də maraqlı ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Bugünkü təqdimatda Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılan bərpa-quruculuq işləri barədə danışdığını diqqətə çatdıran Prezidentin xüsusi nümayəndəsi deyib: “Buraya həm Pənahəli xanın İmarət kompleksi, Ağdam şəhərindəki Cümə məscidi, həm də bu yaxınlarda qoruq statusu almış bir sıra ərazilərimiz – Tuğ kəndi, Azıx və Tağlar mağaraları daxildir. Təqdimatda bu mədəni irs nümunələrinin necə bərpa olunması və həyata qaytarılması haqqında ətraflı danışıldı”.
Emin Hüseynov vurğulayıb ki, hər bir mədəni irs obyekti fərdi yanaşma tələb edir və bərpa zamanı müxtəlif metodlardan istifadə oluna bilər. Bura həm konservasiya, həm obyekti əvvəlki vəziyyətinə gətirmə, həm də onun özünəməxsus xüsusiyyətlərini saxlamaqla yeni elementlər əsasında bərpası daxildir.
“Bizdə bu yanaşmaların hər birinə dair konkret nümunələr mövcuddur. Lakin hansı halda hansı metoddan istifadə olunacağı hər bir obyekt üçün xüsusi təhlil olunur və prosesə həssaslıqla yanaşılır. Bu işin əhəmiyyətini bizə izah etməyə ehtiyac yoxdur, çünki 30 illik işğal dövründə bundan ən çox əziyyət çəkən və ziyan görən məhz Azərbaycan xalqı olub. Mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb. Bu səbəbdən, ərazilərimiz azad edildikdən dərhal sonra dövlət başçımızın tapşırığı ilə ilk növbədə, mədəni irs obyektlərimizin bərpasına yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. Bu proses "Böyük Qayıdış"ın özü qədər vacibdir. Çünki bu, təkcə insanların öz yurd-yuvalarına qayıtması deyil, eyni zamanda, sosial və mədəni komponentlərin də nə qədər əhəmiyyətli olduğunu göstərir”, - deyə o əlavə edib.