05 Mart 2024 08:05
9576
SİYASƏT
A- A+

Xocalıya da ədaləti Müzəffər Komandan İlham Əliyev gətirdi

 

Ötən ay ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni tarixi dövrünün başlanğıcı oldu. Geridə qalan mərhələ xalqımızın və dövlətimizin keşməkeşli illərini, faciələrini, eyni zamanda möhtəşəm uğurlarını və qələbələrini əks  etdirir. 
Hərbi məğlubiyyətlərdən şanlı Zəfərə, nəhəng sosial-iqtisadi inkişafa, parçalanmış və məhvə sürüklənən dövlətdən tarixin ən qüdrətli Azərbaycanına keçid təkcə qəhrəmanlıq salnaməsi deyil, həm də hər zaman düşmənin yadda saxlamalı olduğu ibrət dərsidir. 
Möhtərəm cənab Prezident İlham Əliyev seçkilərə qüdrətli dövlət xadimi, qlobal nüfuzlu müdrik lider olmaqla yanaşı, yaşı iki əsrə bərabər tarixi ədalətsizliyə, 30 illik münaqişəyə və təcavüzə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Qalib dövlətin Müzəffər Komandan kimi qatılmışdı.
Xalqımız seçkilərdə cənab İlham Əliyevin timsalında həm də tarixin ən qüdrətli Azərbaycanına, ən möhtəşəm Zəfərinə, öz  gələcək işıqlı taleyinə səs verdi. 
Altı il öncə andiçmə mərasimində "münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq", - deyərək qətiyyətli mövqeyini bildirən Prezident cənab İlham Əliyev özü bu dəfə Xankəndidə, insanlarımız isə Şuşada, Xocalıda, Ağdamda, Agdərədə, Zəngilanda, Füzulidə, Qubadlıda və işğaldan azad olunmuş digər ərazilərdə səs verdilər. 
Öncəki seçkilərdə yeni salınmış qaçqın qəsəbələrində sakinlərlə görüşən dövlət başçısı indi keçmiş məcburi köçkünlərə Füzulidə, Laçında, Talışda, Ağalıda və digər yaşayış məntəqələrində yeni mənzillərin açarlarını  təqdim etdi.
 Xalqımızın üzləşdiyi faciələrin, uğursuzluqların səbəbkarı olan müharibə cinayətkarları, separatçı rejimi idarə edənlərin bir çoxu həbs edilərək, Bakıda, təcridxanalarda ədalət mühakiməsindədirlər. Hər bir vicdanlı azərbaycanlıda mənəvi rahatlıq, böyük təskinlik yaradan bu önəmli faktın özü də məhz möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyətinin, prinsipiallığının, "Dəmir yumruğu"nun  sarsılmaz gücü, bariz gerçəkliyidir.
Ulu Öndər Heydər Əliyevin banisi olduğu strategiya əsasında həyata keçirilən müdrik siyasət nəticəsində Prezident İlham Əliyev tariximizin ən böyük hərbi zəfərini, ən qüdrətli dövlətçilik nailiyyətini qazanıb və ölkəmizin mühüm təhlükəsizlik faktorunu reallaşdırıb. 
Bu Zəfərin ən sevindirici nəticələrindən biri də odur ki, xalqımıza yeni əlamətdar günlər, bayramlar bəxş olunub. Həmçinin heç vaxt unutmayacağımız məğlubiyyət, faciə, soyqırımı günlərini də artıq nisgil və kədərlə yox, qalibiyyət, "Qisasımız alındı!" duyğusu ilə keçiririk. 
Xocalı soyqırımının 32-ci ildönümünün azad olunmuş Xocalıda qeyd edilməsi  Zəfər salnaməsinin şanlı səhifəsidir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanın bu günü Xocalıda xocalılarla birlikdə keçirməsi isə yaddaşlarda daim yaşayacaq əlahiddə hadisə idi. Xocalıdan olan minlərlə soydaşımız, o cümlədən mənim üçün Qüdrətli Xilaskarımızın bu böyük həssaslığı, ali vətənpərvərliyi, səmimi təəssübkeşliyi olduqca mühüm əhəmiyyət daşıyır. 
Xocalıda doğulmuşam. Ötən əsrin 70-80-ci illərində Qarabağ bölgəsində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışam. Hər qarışı, hər cığırı, evi, küçəsi mənə əziz olan bu doğma yurdumuzun taleyində həm qürurverici, həm də məşəqqətli günlər çox olub. Ulu Öndərin Azərbaycanda ali hakimiyyətdə olduğu 1970-ci illərdə bütün Qarabağımız kimi Xocalı və xocalılılar da öz tarixlərinin xoş günlərini yaşayıblar. 1980-ci illərin sonlarından isə Xocalı taleyin ümidinə buraxılıb, güclü və hiyləgər düşmən qarşısında tək, əliyalın  qalıb. Sonrası  artıq hər kəsə bəllidir... 
Bir gecədə tariximizin ən qanlı soyqırımına məruz qalan və nəhayət, saatlar içində azad olunan Xocalıya doğru 31 il yol gəldik. Xocalılılar, eləcə də digər qaçqın və köçkün soydaşlarımız bu müddətdə çox əzab-əziyyətlərə qatlaşmalı oldular, həyatlarını sıfırdan qurmağa məcbur qaldılar. Respublikanın şəhər və rayonlarındakı yataqxanalarda, yarımçıq tikililərdə, vaqon və çadırlarda məskunlaşdılar. Amma onlar doğma torpaqlarına qayıdacaqlarına ümidlərini heç vaxt itirmədilər. Dövlətin dəstəyi, şəxsən Prezidentimizin himayəsi ilə yeni tikilən şəhərciklərdə evlərlə təmin edildilər. Düşmənin törətdiyi soyqırımı və işğal xocalılılara böyük kədər, nifrət gətirdisə, Ulu Öndər Heydər Əliyev və Müzəffər Sərkərdəmiz cənab İlham Əliyev onlarda  dövlətə, qələbəmizə inam yaratdılar. 
Bütün xocalılılar üçün 15 oktyabr əziz, çox əlamətdar gündür. Bu günü tariximizə və taleyimizə yazan  isə  Yenilməz Qəhrəman, yeni əsrin Milli Lideri cənab İlham Əliyevdir. Biz azad Xocalıya, Şuşaya, Xankəndiyə, Laçına, Qubadlıya, Zəngilana, Füzuliyə və digər yurd yerlərimizə görə, belə möhtəşəm qalibiyyətə görə Ona qəlbən minnətdarıq. 
Xocalılı yurddaşlarım, ağsaqqal-ağbirçəklərimiz, gənclərimiz qədirbilənliklə deyirlər ki, həyatımızın ən böyük sevincini bizə Böyük Qurtuluşumuzun memarı, Xilaskarımız Ulu Öndər Heydər Əliyev,  onun vəsiyyətini, xalqımızın çoxəsrlik arzusunu, istəyini müdrikliklə, layiqincə həyata keçirən Müzəffər Sərkərdəmiz cənab İlham Əliyev  yaşadıb. 
Möhtərəm Prezidentimizin Xocalı ictimaiyyətinin nümayəndələri ilə görüşündəki bu fikirləri hər birimizi qürurlandırdı. "Bu gün biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir... Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik", - deyən Müzəffər Komandan xalqa böyük zəfərin növbəti hesabatını verdi, həm də savaşın və antiterror tədbirlərinin ən həssas məqamlarını açıqladı. 
Qürur və fəxr hissilə şahidi oluruq ki, cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş hər bir yaşayış məntəqəsində dərhal quruculuq, bərpa, yenidənqurma işlərinə başlayır, həmin ərazini böyük tikinti meydanına çevirir. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd", "yaşıl enerji" konseti ilə məktəbdən aeroportlara, parklardan istehsal müəssisələrinə, mədəniyyət obyektlərindən dünyanın ilk onluğuna düşən modern tunellərinədək bütün zəruri sosial infrastrukturlar yaradılır, istifadəyə verilir. Bölgədə bu il sayı 20-yə çatacaq məskunlaşdırılan yaşayış məntəqələri sırasında Xocalının da adının olması, əlbəttə ki, yalnız sosial məsələ deyil, növbəti mənəvi uğur, qələbədir.
Hər qarışına şəhid qanı tökülən, az qala hər addımda soyqırımı qurbanlarının qalıqları tapılan, hər tərəfdə dəhşətli erməni vandallığının izləri görünən bu məğrur və əzabkeş şəhərdə də bərpa və yenidənqurma işləri böyük vüsətlə davam edir. Biz xocalılılar böyük məmnunluqla və minnətdarlıq hisslərilə müşahidə edirik ki, Milli Liderimiz Azərbaycanın yenilməz Zəfər Qalası kimi Xocalını yenidən, daha mükəmməl şəkildə  qurub-yaradır.
 Prezident cənab İlham Əliyevin sayəsində körpələrimiz artıq yeni Xocalıda dünyaya gələcəklər, Xocalıda məktəbə gedib, ailə və ev qurub yaşlanacaqlar. Bu, böyük xoşbəxtlikdir. Dünyadan köçənlərimizi artıq köçkün qəbiristanlıqlarında deyil, dədə-baba yurdlarımızın məzarlıqlarında dəfn edəcəyik. 
Möhtərəm İlham Əliyev Xocalıya azadlıq bəxş etməklə dağıdılmış məzarlarda uyuyan əzizlərimizin ruhuna, 613 soyqırımı şəhidinə olan borcumuzu hamımızın əvəzindən ödədi. O, Xocalı itkisi, Xocalı nisgili, ağrısı ilə dünyasını dəyişən minlərlə məcburi köçkünün, yurdumuzda məzarları dağıdılan insanlarımızın nisgilli ruhlarına əbədi rahatlıq bəxş etdi.
Xocalılılar üçün əlamətdar hadisələrdən biri də Ulu Öndərin şanlı izinin yeni Xocalıda əks olunmasıdır. Xocalı Soyqırımı Memorialının Heydər Əliyev Fondu tərəfindən yaradılmasının böyük tarixi əhəmiyyəti var. Möhtərəm Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın 20 ildir həyata keçirtdikləri "Xocalıya ədalət!" kampaniyası bütün dünyada səs salmışdır. Soyqırımı həqiqətləri qlobal miqyasda tanıtdırıldı, xaricdə bu məqsədlə yüzlərlə tədbir, yürüş, mitinq və digər tədbirlər təşkil olunmuşdur. Xocalılılar onların ağrılarını, əzablarını, qanlı tarixlərini yorulmadan, usanmadan, böyük fədakarlıqla, misilsiz vətənpərvərliklə dünyaya yayan və yaşadan hörmətli Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya əbədi minnətdardırlar. 
Soyqırımı şəhidlərinin ruhuna rahatlıq bəxş edən Heydər Əliyev siyasətinin bu qəhrəman təmsilçilərinə borcumuz əsla heç zaman ödənilməz. 
Bu gün çox qürurlu bir hadisənin də şahidləriyik və mən bunu daha çox xalqımızın, Qarabağ camaatının mühüm mənəvi dəyəri kimi qiymətləndirirəm. Qarabağ və Şərqi Zəngəzurun bütün keçmiş məcburi köçkünləri öz rayonlarının ən görkəmli təmsilçisi kimi məhz cənab İlham Əliyevi görürlər və fəxrlə deyirlər: "Ən böyük şuşalı İlham Əliyevdir", "ən böyük xocalılı İlham Əliyevdir", "ən böyük füzulili İlham Əliyevdir", "ən böyük laçınlı İlham Əliyevdir", "ən böyük ağdamlı İlham Əliyevdir"… 

Cənab İlham Əliyev işğaldan azad olunmuş rayon və kəndlərin quruculuğuna elə böyük həssaslıq, qayğı, təəssübkeşliklə yanaşır ki, əhali də Xilaskarını, haqlı olaraq, öz doğması, əzizi,  qəhrəmanı və qurucusu sayır.
Möhtərəm cənab Prezident İlham Əliyev xocalılılar üçün də prezidentlik statusundan qat-qat artıq yüksəklikdə dayanır, sevilir.
Xilaskarlarımıza - Heydər Əliyev irsinə, İlham Əliyev şəxsiyyətinə Xocalının, xocalılıların sədaqəti, vəfası, bağlılığı daim var olacaqdır! 

Ramil USUBOV,
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video