Bir gecədə anası və atası ilə yanaşı, 28 qohumunun ölümünə şahidlik edən Xocalı sakini
"Həmin gecə ermənilər hər tərəfdən zirehli texnikalarla şəhərə hücuma keçdilər. Ermənilər evləri yandırırdılar. Qocalar, qadınlar, uşaqlar zirzəmilərə toplaşıb ümidlə kömək gözləyirdilər. Hər keçən dəqiqə şəhəri dəhşət bürüyürdü. Zirzəmilərə yaxınlaşıb oradakı ailələrə şəhəri tərk etmək lazım olduğunu bildirirdim".
Əzimov Şahin Həsənbala oğlu Xocalı faciəsinin şahidi, hər iki valideyni şəhid olmuş 25 uşaq, yeniyetmədən biridir. Onun anası və atası fevralın 26-da gözlərinin qarşısında güllələniblər. Həmin gün Şahinin daha 26 doğması ermənilərin törətdiyi dəhşətli faciənin qurbanına çevriliblər.
Şahin Xocalının Ballıca kəndində anadan olub. Əzimovlar ailəsinin Ballıcadakı evi ermənilər tərəfindən yandırıldığı üçün onlar 1988-ci ildən Xocalı rayonundakı fin evlərdə yaşamağa məcbur qalıblar. 1992-ci ildə Şahin sexdə çörəkbişirən işləyirdi. Həmin vaxt 18 yaşı olmasına baxmayaraq, ailəsinin dolanışıq yükünü çiyinlərinə götürmüşdü.
"İnsanları gözlərimin önündə güllələyirdilər"
"İllər keçdikcə daha dərin duyğulara qapılır, həmin gün yadıma düşdükcə daha çox həyəcan keçirirəm. Baş verənləri heç cür unuda bilmirəm. Fevralın 26-da gecə saat 3-4 radələrində Qarqarçayı keçib üzü Ağdam istiqamətinə gedəndə daha nələr görmədik ki?! Həm də necə - qarlı yollarda ayaqyalın, başıaçıq... Vəziyyət necə olacaq, bilmirdik, hər şey qeyri-müəyyən qalmışdı. Elə yoldaca ermənilər qarşımızı kəsib körpələrə, ahıllara, hamilə qadınlara baxmadan insanları güllələməyə başladılar. Yaxınlarımı da orada itirdim. Mən isə tamamilə təsadüf nəticəsində erməni gülləsindən yayınıb sağ qala bildim", - deyə faciə şahidi həmin günü xatırlayır.
Deyir, həmin an özünü itirsə də, başa düşürdü ki, onlara kömək lazımdır: "Kömək çağırmaq üçün qaçıb kanal tərəfə getdim, orada gördüklərim daha dəhşətli idi. Təsəvvür edin, kanal boyu insan meyitləri, yaralılar... Heç kimə, südəmər uşaqlara belə rəhm etməmişdilər. Elə ona görə də Ağdamda məni görənlər erməni çəmbərindən sağ-salamat çıxdığıma inana bilmirdilər".
Şahin bir məqamı da qeyd edir. Deyir, sonralar Ağdam onun üçün daha da doğmalaşıb. Ağdam qəbiristanlığında dostlarını-tanışlarını, ən əsası isə, valideynlərini torpağa tapşırıb. Ona görə də 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk fürsətdə Ağdamdakı Şəhidlər xiyabanına baş çəkib.
"Düzdür, qəbirlər dağıdılsa da, oraya getmək, atamın, anamın ruhu dolaşan yerlərdə olmaq mənim tək təsəllim idi, hansı ki illərlə deyilən sözlər, verilən vədlər bizə bəzən ümid versə də, təsəlli ola bilmirdi. Ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna bir ömür təşəkkür etsək də, azdır".
Bir ailədən 6 şəhid
Vidadi Hüseynovun ailəsi Xocalıda ən çox itki verən ailələrdəndir. Qətliam gecəsindən sonra Vidadi atası Hüseyn bəy, anası Əzizə xanım, 3 bacısı və qardaşından xəbər ala bilməyib. Həmin gün 26 yaşlı gənc ailəsinin 6 üzvünü itirib, bir özü qalıb, bir də bacısı. O dəhşətli gecədə qocaların, qadınların güllələndiyinə, başı kəsilən, boğazının dərisi soyulan, gözləri çıxarılan uşaqların ah-naləsinə şahidlik edib. Faciə şahidinin sözlərinə görə, ermənilər qorxudan, soyuqdan ağlayan uşaqların səsinə gəlib onlara işgəncə verməyə başlayırdılar.
"Uzun müddət idi ki, Xocalıda gün sakit keçmirdi, hər gün ermənilər atəş açırdılar. Ona görə də hər axşam növbəli şəkildə postda olurduq. Fevralın 25-dən 26-na keçən gecə postda mənim növbəm idi. Çox dəhşətli idi. Sakinlər meşəyə tərəf qaçırdılar, qarlı havada, minbir əzab-əziyyətlə... Üç günə Xocalıdan Ağdama gəlib çıxa bilmişdim. Əl-ayağım soyuqdan donduğu üçün xəstəxanada yatası oldum. Ailəmdən xəbərim yox idi, hərə bir yana dağılmışdı. Sonra ailəmi axtarsam da, tapa bilmədim. Deyilənlərə görə, həmin gecə evimiz bombalanıb. Bəlkə də ailəm evin içində yanıb külə dönüb. Amma elə dəhşətli hisslərdir ki, hər an gözüm yoldadır - bəlkə qayıdan, "Vidadi" deyib səsləyən olar", - deyə faciə şahidi bildirir.
Hadisədən 31 il keçməsinə baxmayaraq, Vidadi həmin gecəni dünən olmuş kimi xatırlayır. İndi isə bir ümidi var. Deyir, Ali Baş Komandana güvənir, onun sayəsində tezliklə Xocalıya qayıdıb öz doğma yurdunda yaşaya biləcəyinə inanır.
Xocalı faciəsi kütləviliyinə, amansızlığına, müki şəxslərin qəddarlıqla qətlə yetirilməsinə görə təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Xalqımız həmin gecənin dəhşətini əsla unutmur və bütün dünyanı bu bəşəri cinayətə, Xocalı soyqırımına biganə qalmamağa çağırır. Bu soyqırımı müasir tariximizin ən kədərli izlər buraxan, xalqımızı daim milli özünüdərk ruhunda kökləyən dəhşətli faciəsidir.
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"