29 Aprel 2022 00:56
1450
İQTİSADİYYAT
A- A+
Xəzərin dərdi var

Xəzərin dərdi var

 

Dənizin səviyyəsi enməkdə davam edir, balıq ehtiyatları da azalır

 

Dünyanın ən böyük gölü hesab olunan, dibindəki okean tipli yer qatı və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlandırılan Xəzərin səviyyəsinin son illər aşağı enməsi aktual problemlərdən birinə çevrilib.

Ümumiyyətlə, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsi hesab olunur. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.

Bəzən Xəzərin getdikcə quruyacağı mülahizələrinə də rast gəlinir…

 

Ötən il dənizin səviyyəsi 30 santimetr enib

 

2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Ötən ilin məlumatına görə, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Yəni ən çox enmə 2021-ci ildə qeydə alınıb - 30 santimetr.

Təbii ki, səviyyənin aşağı düşməsi fonunda dəniz ekosistemi, biomüxtəlifliyi üçün risklər yaranır. Buna dünyada gedən iqlim dəyişmələri və qlobal istiləşmənin, eyni zamanda antropogen amillərin təsir etdiyi də qeyd olunur.

Son onillikdə Xəzər dənizində həmçinin balıq ehtiyatları kəskin azalıb və bu da əsasən balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların - siyənək, qızılbalıq, nərəkimilər və suitilərin də azalmasına gətirib çıxarıb. Endemik növ olan Xəzər suitisinin sayı XX əsrin əvvəllərində 1 milyon təşkil etsə də, hazırda onların sayı çox azdır. Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətindədirlər.

 

Son monitorinqin nəticəsi - dənizdə çirklənmə azalıb

 

Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzərdə monitorinqlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır. Monitorinqlər sahil zolağını da əhatə edir. Götürülən su nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji, toksikoloji təhlillər edilir. Bununla çirklənmə dərəcəsi müəyyən olunur. Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilib. Monitorinqlər zamanı 80 müxtəlif koordinat üzrə 292 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilib. Eləcə də həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılıb.

Neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizdə çirklənmənin azaldığını müşahidə edirik. Populyasiyaların da kifayət qədər artdığı görünür.

 

Açıq kanallarla dənizə çirkab sular axıdılır

 

Nazim Mahmudov qeyd edir ki, ETSN sırf nəzarət funksiyasını həyata keçirir. Burada məqsəd hansısa sahibkarlıq subyekti, dövlət müəssisəsini müəyyənləşdirib cərimə tətbiq etmək deyil. Təbii ki, qanuna müvafiq şəkildə akt-protokol tərtib olunur və cərimələr müəyyənləşir. Məqsəd odur ki, istər sahibkarlıq subyekti, istərsə fiziki, hüquqi şəxslər, istərsə də dövlət müəssisələri, xüsusən yerlərdə bələdiyyə orqanları, yerli icra strukturları məsuliyyətini artırsın.

Məsələn, Bakı və Abşeron ərazisində Səbail, Suraxanı, Xəzər, Binəqədi rayonlarının sahil zolağında kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bu obyektlərin çoxu bələdiyyə torpaqlarında yerləşir: "Hər kəs anlamalıdır ki, fəaliyyət nəticəsində ətraf mühitə ziyan vururamsa, qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirməliyəm. Hər hansı sahibkarlıq subyekti çirkab suyunu dənizə axıdırsa, məsuliyyəti özü daşıyır. Obyekt sahibləri təmizləyici qurğu quraşdırmalı və ya bir neçə sahibkar birləşib bu istiqamətdə iş görməlidir. Bununla bağlı kifayət qədər maarifləndirici tədbirlər həyata keçiririk. Sahibkarlara, bələdiyyələrə bildiriş məktubları göndəririk".

İdarə rəisi deyir ki, qarşıdan turizm sezonu gəldiyi üçün çimərlik, istirahət mərkəzlərində canlanma olacaq. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, istirahətdən sonra sahildə qida qalıqları, tullantı formalaşmasına imkan verməməlidir. Hər kəs ətraf mühitin çirklənməsinə qarşı həssas olmalıdır. Bunu dərk etsək, Xəzər dənizinin çirklənməsinin qarşısını ala bilərik. Onun sözlərinə görə, Bakı və Abşeron ərazisində, eyni zamanda regionlarda mərkəzi kanalizasiya şəbəkəsi tam formalaşmadığı üçün müəyyən zamanlarda həmin rayonların bəzi hissələrində çirkab, məişət tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır: "Bu problemlərin gələcəkdə aradan qaldırılması "Azərsu" ASC-nin master planında nəzərdə tutulub, amma bu işlər müəyyən zaman, maliyyə vəsaiti tələb edir. Təəssüflər olsun ki, açıq kanallarla çirkab suyun dənizə axıdılmasının da şahidi oluruq".

İdarə rəisi son illərdə balıq ehtiyatlarının azalmasında çirklənmənin rolu olmadığını deyir. Onun sözlərinə görə, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar sırf iqlim faktorlarıdır.

 

Xəzərə gələn çay suları da təxminən 30 faizə qədər azalıb

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev qəzetimizə bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi enmə dövründədir.

Məsələn, ötən il dənizin səviyyəsi 2010-cu illə müqayisədə 20 sm, bu ilin yanvarında ötən ilin eyni ayı ilə müqayisədə 30 sm enib. Buna əsas səbəb Xəzər dənizinin su balansının dəyişməsidir.

Elmlər doktoru deyir ki, Xəzər qapalı su hövzəsidir və dünya okeanından ayrı oluğu üçün onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir. Gəlir hissəni çay suları, yağıntılar və yeraltı sular təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Əgər dənizə daxil olan su çox olarsa, səviyyə qalxır. Xəzərdən şimalda dənizə su gətirən iki böyük çay - Volqa bütün suların təxminən 80 faizini, Ural isə 5 faizini təşkil edir. Son illərdə Xəzərə gələn çay sularının təxminən 30 faizə qədər azalması və buxarlanmanın artması nəticəsində dənizin səviyyəsi enir. Buna əsas səbəb Xəzərin hövzəsi üzərində atmosfer sirkulyasiyası, siklon və antisiklonlardır. Professor qeyd edir ki, son illərdə dənizdə antisiklonik vəziyyət yaranıb. İndi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu.

Xəzərin səviyyəsi 1996-cı ildən bu günə qədər düşür. Düşmə hazırda 1,5 metr təşkil edir. Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən başlayıb və səviyyədə 3 dəfə kəskin dəyişmə olub. 1930-cu ildən 1941-ci ilə qədərki dövrdə dənizin səviyyəsi 2 metrə qədər, 1941-ci ildən 1977-ci ilə qədər daha 1 metr düşüb. 1978-1995-ci illər arasında səviyyə 2,5 metr qalxıb. 1996-cı ildən isə qeyd etdiyimiz kimi, yenidən aşağı düşür. Çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 4 min ildə Xəzər dənizinin səviyyə dəyişmələrində illik periodiklik var. Sonuncu belə düşmə 1862-ci illərdən başlayıb və bu proses təxminən 2050-60-cı illərə qədər 1-2 metr düşmə ilə davam edəcək.

 

Səviyyə enməsinin ən çox təsir etdiyi sahələr

 

Şöbə müdirinin sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsinin neqativ nəticələri çoxdur. 1978-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metr qalxanda Azərbaycanın 50 min hektar ərazisi su altında qalmışdı. Hazırda 1,5 metr düşdüyündən 30 min hektar sudan azad olub. Həmin ərazilər isə şoran torpaqlardır, istifadəsi üçün xeyli yuyulması lazımdır.

Xəzərin səviyyəsinin enməsinin ən böyük ziyanı gəmiçiliyə olur, çünki dənizdə gəmilər limanlara xüsusi kanallarla gəlirlər. Səviyyə enməsinin bioloji tərəfi də var. Dənizin sahil zonalarında balıqların yem bazaları olduğundan səviyyə enəndə onlar yem bazalarını itirir, bu da balıq ehtiyatlarının azalmasına səbəb olur. Xüsusilə Xəzərin şimalında Qazaxıstan sahillərində çəkilmələr kilometrlərlə olur və burada balıqlar yem bazasının 50 faizini, eyni zamanda kürü qoyma yerlərini də itirirlər. Azərbaycan ərazisində dənizin səviyyəsinin enməsi ilə sahildən uzaqlaşma Abşeron yarımadası, Sumqayıt ərazisində 100 metrə qədər, cənub hissədə kilometrlərlə olub.

Əmir Əliyev deyir ki, Xəzər suitilərinin sayının azalması iqlim dəyişmələri, dənizin səviyyəsindəki dəyişikliklərlə bağlı olsa da, burada antropogen təsirlər də var. Ərazilərdə neft çıxarılarkən xüsusi maddələr vurulur ki, bunlar suitilərə mənfi təsir göstərir. Araşdırmalar zamanı suitilərin orqanizmində həmin zəhərli maddələrin olduğu aşkarlanıb. Suitilər əsasən şimalda yaşadığı üçün iqlim dəyişmələri nəticəsində buzlaq sahələrinin azalması da onlara təsir edir.

Professor şimalda dənizin donması məsələsinə də aydınlıq gətirib. O, qeyd edib ki, Xəzər dənizinin şimalında suyun donması həmişə müşahidə olunub və bu, havanın temperaturu ilə bağlıdır: "Səviyyə aşağı düşdüyü halda mənfi temperaturda donma sahələri bir az da çoxala bilər. Hətta dənizin Azərbaycan ərazisinə düşən hissəsində də 2011-ci ildə donma müşahidə olunub. Onda Ataçay hövzəsində buzlar əmələ gəlmişdi. Eyni zamanda 1924-cü ildə Qızılağac körfəzinin bəzi hissələri də buz bağlamışdı. Sərt qış aylarında buzlaqlarn sahəsi artır və onlar parçalananda bizim ərazilərə gəlir. 1955-ci ildə Abşeronda neft buruqlarına buz parçaları ziyan vurmuşdu. Buzları parçalamaq üçün xüsusi vasitələrdən istifadə olunmuşdu".

 

2050-ci ildən sonra dənizdə suyun səviyyəsi artacaq

 

Şöbə müdiri vurğulayıb ki, 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır. Bu dövr də təxminən 200-250 il davam edəcək. Xəzərin səviyyəsinin qalxması da problemlər yaradacaq, geri qayıtma nəticəsində həmin sahələr yenidən su altında qala bilər:

"1930-cu illərdə səviyyə enəndə Lənkəran, Neftçalada dənizin çəkildiyi yerlərdə evlər tikildi, bağlar salındı. 1977-ci ildən səviyyə qalxmağa başlayanda hamısı suyun altında qaldı, kəndləri oradan köçürtdülər. Xəzərin səviyyəsi daim nəzərə alınmalıdır, səviyyə periodik olaraq dəyişir. Buna görə də sahilə çox yaxınlaşmaq, orada tikinti aparmaq olmaz. Bir vaxtlar Xəzərin 300 metrə qədər yaxınlığında ev tikmək qadağan idi. İndi isə bu məsafəni 50 metr ediblər, amma həmin proses müəyyən vaxtdan sonra yenə təkrarlanacaq".

Göründüyü kimi, Xəzərin problemləri kifayət qədərdir. Tək sevindirici hal isə çirklənmə prosesinin qarşısının alınmasıdır. Dənizdə neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə çirklənməni azaldıb. Suyun səviyyəsinin enməsinin əsas səbəbi isə qlobal iqlim dəyişikliyidir. Çay sularının azalması və buxarlanmanın artması bu prosesə ən çox təsir göstərən amillərdir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!