05 Iyun 2024 08:00
739
SİYASƏT
A- A+

XƏYALİ ERMƏNİSTANDAN REAL ERMƏNİSTANA KEÇİD

 

"Dəmir yumruq" bu dəyişmənin təkanverici qüvvəsi oldu

 

Kim nə deyirsə, desin:
İnsanları düz yola gətirməyin və ağıllandırmağın bir yolu da güc tətbiqidir!
Söhbət burada həm də məcburetmədən sonra həqiqətin və reallığın dərkindən, "ağıllandırıldıqdan sonra" düzgün yola qayıtmaqdan gedir.
Qudurğanlıq edən, boş xülyalarla yaşayan, özünə deyil, başqalarına arxalanan dövlətlər də belədir.
* Sülh yolu ilə danışırsan, eşitmir...
* Müəyyən güzəştlər təklif edirsən, razılaşmır...
* Beynəlxalq hüququ, mötəbər qurumlar tərəfindən qəbul edilmiş sənədləri xatırladırsan, qulaqardına vurur.
Elə ki, "dəmir yumruğ"unu işə salırsan, başını əzib ordusunu darmadağın edirsən, əvvəlcə "qohum-əqrəba"sını köməyə çağırır, bundan bir şey çıxmadığını görəndə isə quzuya dönür.
Ürəyindəki niyyəti, istəyi başqa cür olsa da, yaranmış reallığın sərt üzü ilə hesablaşmağa, gücün qarşısında ipəyə dönərək güzəştə getməyə məcbur olur!
Həm də bundan betərindən qorunmaq üçün!

***
Ötən əsrin doxsanıncı illərinin əvvəlində:
* Ermənistan SSRİ-nin dağılmasından;
* Əli Azərbaycan xalqının qanına batmış Qorbaçovun hakimiyyətə gəlməsindən;
* Havadarlarının ona arxa duraraq silahlandırmasından;
* Erməni diasporunun siyasi və maliyyə dəstəyindən;
* Habelə Azərbaycana maymaq, qətiyyətsiz, təcrübəsiz və səriştəsiz insanların başçılıq etməsindən istifadə edərək ərazimizin 20 faizini işğal etdi.
* Nə beynəlxalq hüquqa məhəl qoydu;
* Nə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirdi;
* Nə də Azərbaycanın "ən yüksək səviyyəli muxtariyyət" təklifinə əhəmiyyət verdi.
Keçmiş DQMV-ni və Azərbaycanın daha iki rayonunu öz ərazisinə birləşdirmək, özününküləşdirmək niyyətini də gizlətmədi.
* İkili standartların əsas yanaşma üsuluna çevrilməsi;
* BMT-nin öz qərarının icrasına aciz və səhlənkar münasibət bəsləməsi;
* Münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun dişsiz və fərsiz, əksinə, erməni dəyirmanına su tökmək istiqamətində fəaliyyət göstərməsi;
Habelə dünyada sözükeçən dövlətlərin lider, siyasətçi və parlamentarilərinin erməni diasporu tərəfindən rüşvət və korrupsiya yolu ilə ələ alınması sayəsində Qarabağ münaqişəsi acı bağırsaq kimi uzandıqca uzandı.
* Ta o vaxta qədər ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi!
* Ta o vaxta qədər ki, Azərbaycanın siyasi nüfuzu artaraq dünyadakı mövqeləri əsaslı şəkildə möhkəmləndi!
* Ta o vaxta qədər ki, Azərbaycan özünə qüdrətli, ən müasir silahlarla silahlanmış ordu qurdu!
* Ta o vaxta qədər ki, Ermənistanın baş naziri Paşinyan içib sərxoş olaraq əsl niyyətlərini açıqladı, "Qarabağ Ermənistandır və nöqtə" deməklə sülh danışıqlarına nöqtə qoydu!
Beləliklə, "dəmir yumruğ"un işə salınmasına əsas yaratmış oldu!
***
Münaqişənin gedişində və həllində diqqətçəkən bir neçə vacib məqam da vardır.
Əvvəla, Ermənistan işğal etdiyi ərazilərə "öz torpağı" kimi baxmır, Orta əsrlər vəhşiliyi və vandallığı nümayiş etdirirdi.
Belə ki, "din ayrı qardaşları" ilə birlikdə işğal etdikləri bütün əraziləri talayır, evləri və digər binaları söküb materiallarını İranın inşaat bazarlarında satdırır, bağları, meşələri qırıb daşıyır, dini, mədəni, tarixi abidələri və qəbiristanlıqları dağıdır, kənd və şəhərləri xarabalıqlara çevirirdilər.
Ələ keçirdikləri torpaqlarda isə məskunlaşma apara bilmirdilər.
* Əvvəla, hayların o qədər əhalisi yox idi.
* İkincisi, heç kəs hazır evini qoyub xarabalıqlarda yaşamaq istəmirdi.
* Ən nəhayət, xaricdən gətirilən Livan və Suriya ermənilərinin böyük əksəriyyəti şəraitsizliyi görərək geri qayıdırdı.
* İşğal faktına görə Azərbaycan tərəfindən blokadaya salınan bu ölkə yoxsul və perspektivsiz vəziyyətə düşdüyündən yerli əhali də məqam tapan kimi xaricə qaçırdı.
* Oğlan uşaqlarını orduda xidmətdən yayındırmaqdan ötrü köç edənlər də çox idi və bu proses indi də davam etməkdədir.
Ermənistanı dünyada müdafiə edənlər çox olsa da, beynəlxalq aləm işğal faktını qəbul etmədi, Hayastanın özü də daxil olmaqla heç bir dövlət keçmiş DQMV-nin müstəqilliyini tanımadı!
Azərbaycan tərəfi isə bəzən təklənməsinə, müxtəlif təpkilərlə qarşılaşmasına baxmayaraq, torpaq itkisinə səbəb olacaq heç bir addım atmadı, sənəd imzalamadı!
Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən cənab İlham Əliyev dəfələrlə açıq və qətiyyətli şəkildə bəyan etdi:
"Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək, öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına yol verməyəcəkdir!"
Dövlət başçısı İlham Əliyev sözdə dediklərini əməli işi ilə də möhkəmləndirdi.
Daim milli maraqlara söykənən daxili və xarici siyasət yürütdü, ölkənin iqtisadi gücünü artıraraq siyasi nüfuzunu yüksəltdi, dostlarının sayını artırmaqla dünyadakı mövqeyini möhkəmləndirdi, hücum diplomatiyası tətbiq etməklə beynəlxalq qurum və təşkilatlarda fəal və səmərəli iş aparıb, müasir və qüdrətli ordu qurdu.
İlk dəfə Azərbaycan 2016-cı ilin dördgünlük Aprel müharibəsində öz gücünü və imkanlarını nümayiş etdirdi.
Amma Aprel dərslərindən nə Ermənistanın havadarları və müdafiəçiləri nəticə çıxardılar, nə də vassal dövlətin qudurğan başçıları...
Müdrik və uzaqgörən siyasət yürüdən, hər addımını məharətlə ölçüb-biçən Azərbaycan Prezidenti İlham Əliyev isə hadisələri "yetişdirdikdən" sonra əlverişli və dəqiq məqam seçdi: 
"Dəmir yumruğ"u işə saldı!
44 gün ərzində üç cəbhədə - hərb meydanında, diplomatiya sahəsində və informasiya müharibəsində döyüşərək hər üç cəbhənin qalibi və qəhrəmanı oldu!
Otuzillik işğaldan sonra ilk dəfə olaraq Ermənistan və onun havadarları mövcud reallığı dərindən dərk etdilər.
Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanat təkcə kapitulyasiya aktı olmadı, həm də, əslində, Ermənistanı bir dövlət kimi məhvolmadan xilas etdi!
"Xilasolma"nın" şərtini isə Müzəffər Ali Baş Komandan İlham Əliyev irəli sürmüşdü:
"Düşmən ordusunun Azərbaycan ərazisindən tam çıxarılma qrafiki verilməyincə hərbi əməliyyatlar dayandırılmayacaqdır!"
Belə də oldu!

***
Məğlubiyyətlə barışmaqda çətinlik çəkən Ermənistan sonralar cığallıq etməyə cəhdlər göstərdi.
Həm də elə güman edirdi ki, havadarlarının dəstəyi ilə son məqamda nəyəsə nail ola biləcək!
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və dönməz qətiyyəti hər cür məkrə və oyunbazlıqlara üstün gəldi!
"Dəmir yumruq" müxtəlif formada bir neçə dəfə işə salındı:
* 23 mart 2023-cü ildə unikal əməliyyatla Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsi quruldu!
Ərazi bütövlüyümüz bərpa olundu!
* 20 sentyabr 2023-cü ildə cəmi 23 saat çəkən lokal antiterror əməliyyatı nəticəsində Qarabağ ərazisindəki bütün terrorçular zərərsizləşdirildi, qanunsuz hərbi birləşmələr ləğv edildi və tərk-silah olunaraq ərazimizdən çıxarıldı!
Dövlət suverenliyi və Konstitusiya əsasları təmin edildi!
* 16 aprel 2024-cü ildə yüksəksəviyyəli razılıq əsasında Rusiya sülhməramlı kontingenti ərazimizi tərk etdi.
Bütün bədbin proqnozlar puça çıxdı, sülhməramlılar musiqi sədaları altında bizdən ayrıldılar.
Bu gün isə birbaşa və vasitəçilərsiz sülh danışıqları, delimitasiya və demarkasiya prosesləri gedir.
Ermənistanın baş naziri N.Paşinyan özünün dərk etdiyi həqiqəti xalqına da çatdırmaq istəyir:
"Xəyali Ermənistan"dan yaxa qurtararaq real Ermənistanı məhvolmadan xilas etməliyik".
"Sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması bugünkü Ermənistanın xilasına xidmət edir".

Bunu Ermənistanda başa düşməyənlər, yaxud anlamaq istəməyənlər də var!
"Mifik Ermənistan" hesabına vəzifəyə gələnlər, vəzifədə olarkən xalqı çapıb-talayanlar, habelə bu adla ermənilərdən pul toplayaraq milyardlara yiyələnən, yaşadıqları dövlətlərdə rüşvətlə vəzifə əldə edərək ölkə siyasətinə təsir göstərməyi bacaran erməni diasporunun üzvləri yağlı tikəni əldən buraxmaq istəmirlər.
Onların məqsədi nə müstəqil Ermənistan, nə də azad, firavan yaşayacaq erməni xalqıdır!
Diaspor xaricdə rahat və təhlükəsiz yaşamaqla "Böyük Ermənistan" adı ilə, əslində, millətlərini fəlakət və məhrumiyyətlərə salmaqla şəxsi maraq və sərvət toplamaq hərisliklərini təmin edir.
Qurbanlıq qoyuna çevrilən erməni xalqı isə, deyəsən, ayılmaqdadır.

Bu dəfə erməni kilsəsi işə qarışaraq avam camaatın önünə çıxıb.
Keşiş Baqrat Qalstanyan sülh danışıqlarına, sərhədlərin müəyyənləşdirilməsinə etiraz hərəkatının başında dayanır.

Arxasından görünənlər isə Koçaryan və Sarkisyan, Katalikos II Qaregin və işğal dövründə milyardlar qazanan xunta üzvləridir.
Bu gün revanşizm, hikkə, pul qazanmaq ehtirası erməni xalqının taleyini dəyişə biləcək proseslərə qarşı çıxan xuntanın gözünü kor edib.
Onlarla müqayisədə Paşinyan daha gözüaçıq görünür!
Çünki 44 günlük Zəfər müharibəsində İlham Əliyevin "dəmir yumruğ"u onu ağıllandıraraq gözünü açdı!
Bugünkü reallığı, Azərbaycanın qüdrətini və imkanlarını görüb dərk etməsində yardımçı oldu!

Həmin "dəmir yumruq" daim hazır vəziyyətdədir!
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün xəbərdarlıqlarını edib.
Həm Paşinyana, həm keçmiş prezidentlərə, həm bütün erməni diasporlarına, həm də Ermənistanın müdafiəçilərinə və havadarlarına!

Başa düşənlər yeni reallıqları dərk edərək lazımi nəticələri çıxarıblar!
Başa düşməyənləri isə başa salmağın qısa və təsirli yolunu Müzəffər Ali Baş Komandan İlham Əliyev hamıdan yaxşı bilir!
***
Paşinyan sülh danışıqlarına "nöqtə" qoyanda dünyadan xəbərsizliyini, Azərbaycanın imkanlarını düzgün dəyərləndirmədiyini, Ermənistanın gücünü isə şişirtdiyini sübut etmişdi.
Başı daşdan-daşa dəyən, ağır məğlubiyyət yaşayan, reallıqları dərindən dərk edən erməni baş naziri artıq doğru yoldadır. Əslində:
"Biz tarixi deyil, müasir Ermənistanı qorumalıyıq" söyləməklə və ona uyğun addımlar atmaqla erməni xalqına böyük xidmət göstərir.
Beyni xülyalarla zəhərlənmiş, aldadılmış erməni xalqı bunu başa düşüb qiymətləndirə biləcəkmi?
Yoxsa yenə "dəmir yumruq" işə düşməlidir?
***
Hadisələrdən göründüyü kimi, revanşistlərin önünə erməni kilsəsinin keşişləri keçib.
Kilsəni daim terrorçu yuvasına, gizli silah-sursat anbarına çevirən kilsə təmsilçiləri...

44 günlük Zəfər müharibəsində əlinə avtomat götürərək ordunu işğala ruhlandıran keşişlər də vardı.
Bu gün yenə də hayları yanlış yola çəkirlər.

Amma "dəmir yumruq" işə düşən kimi əvvəlkitək qaçıb kilsədə gizlənəcəklər.
İndi isə ciblərinə pul basanlar olduğundan meydana çıxıblar.
Qədim türk məsəlidir: "Meydan boş qalanda ora çaqqal sürüsü dolar".
Revanşistlərin yenidən Azərbaycanla müharibə aparmağa, bizdən torpaq almağa gücləri çatmaz!
Getdi o günlər daha!

Ermənistan dövlətçiliyinin xilas yolu yaxın qonşuları Türkiyə və Azərbaycanla razılaşıb, onların tələblərini yerinə yetirməkdədir!
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində "EFES - 2024" çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə açıq şəkildə bildirdi:
"Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularda görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir".
Müzəffər Ali Baş Komandan İlham Əliyev də xəbərdarlığını edib!
"Dəmir yumruq" hazır vəziyyətdədir və gicişən baş axtarır.

Yeganə yol sülh danışıqları ilə Azərbaycanın tələblərini ödəməkdir! 

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video