07 Iyun 2024 10:05
767
Səhiyyə
A- A+

Xərçənglə mübarizə daha asan olacaq

 

Tibbi yeniliklər bunu deməyə əsas verir

 

Ən təhlükəli xəstəliklərdən hesab edilən xərçəng orqanizmdə anormal hüceyrələrin böyüməsi ilə başlayıb sürətlə digər orqanlara yayılır. O, ürək-damar xəstəliklərindən sonra dünyada ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Genetik meyil, artıq çəki, tütün və spirt istifadəsi, radiasiya, hava çirkliliyi, kanserogen və kimyəvi maddələr xərçəng xəstəliyinin əsas səbəbləridir.
Xərçəngin standart müalicə formaları olan kimyaterapiya və radiasiyanın əks təsirləri də var. Çünki sözügedən müalicə metodları zədələnmiş hüceyrələrlə yanaşı, sağlam hüceyrələri də məhv edir. Belə olan halda, xərçəngi məğlub etmək üçün daha təsirli müalicə üsulu tapmaq zərurətə çevrilib.

 

Fərdi peyvənd görünməyən xərçəng hüceyrələrini aşkar edir

 

Böyük Britaniya mütəxəssisləri xərçəng xəstəliyi ilə mübarizədə yeni üsul sayılan fərdi peyvəndlənməni sınaqdan çıxarıblar. Bu, "mRNA" texnologiyası əsasında hazırlanmış fərdi vaksinlərdir. Ölkənin Milli Səhiyyə Xidməti daxilində otuz xəstəxananın imza atdığı Xərçəng Peyvəndi Layihəsinə əsasən, fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər bu vaksini hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər.
Mütəxəssislər xərçənglə mübarizədə yeni peyvəndin uğurla nəticələnəcəyini bildirirlər. Fərdi xərçəng peyvəndlərinin digər müalicə üsullarının təsir etmədiyi bədxassəli hüceyrələri potensial olaraq məhv edəcəyi, şişin böyüməsini və ya yayılmasını dayandıra biləcəyi təxmin edilir. Peyvəndlərin əsas məqsədi immunitet sisteminin xəstəliyə səbəb olan faktorları tanımasına imkan vermək və orqanizmin onlara qarşı müdafiəsini təmin etməkdir.
Fərdi peyvənd sınaqları bir neçə xəstə üzərində effektiv nəticə verib. Bu peyvəndin yaradıcıları sınaqların 2027-ci ilə qədər başa çatacağını, ondan sonra fərdi vaksinin hər kəs üçün əlçatan olacağını vurğulayıblar.

 

Süd vəzi xərçəngi simptomları görünməzdən əvvəl müəyyən ediləcək

 

Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Bu xəstəliyin müalicəsi üçün erkən diaqnoz vacibdir. Lakin bu xərçəng növü də digərləri kimi, adətən, daha gec aşkar edilir, simptomlar ortaya çıxdığı zaman şiş ən az bir santimetr və ya daha böyük ölçüyə çatmış olur. Süd vəzi xərçənginin ən təhlükəli tərəfi isə bu xəstəliyin təkrarlana bilməsidir. Çünki döş xərçəngi əməliyyatdan və digər müalicə üsullarından sonra da bədəndə qalır. Diaqnostik müayinələrdə görünməyəcək səviyyədə olan bu hüceyrələr daha sonra xəstələrdə xərçəngin təkrarlanmasına səbəb ola bilər.
Londonda yerləşən Xərçəng Tədqiqatları İnstitutunun mütəxəssislərinin araşdırmaları nəticəsində döş xərçənginin təkrarlanması ehtimalının yeni qan testi sayəsində əvvəldən müəyyən edilə biləcəyi məlum olub. Tədqiqat zamanı müxtəlif növ döş xərçəngi olan 78 nəfərdən toplanan qan testi nümunələri araşdırılıb. Nəticədə qan testi vasitəsilə xəstəliyin simptomlarının yenidən görünməsindən təxminən 15 ay əvvəl xəstəliyi aşkar etmək mümkün olub.

 

Daha dəqiq və sürətli

 

Dünyada onkoloji xəstəliklər səbəbindən kişilər arasında baş verən ölüm hallarına görə prostat vəzi xərçəngi ikinci yerdədir. Mütəxəssislər bu xərçəng növünün 2040-cı ilə qədər iki dəfə artacağını proqnozlaşdırırlar.
 İngiltərəli alimlər xərçənglə bağlı daha bir yenilik edərək prostat vəzi xərçəngini daha erkən aşkarlaya bilən tüpürcək testi hazırladıqlarını açıqlayıblar. DNT nümunəsini ehtiva edən yeni testin mövcud qan testindən daha dəqiq və sürətli olduğu açıqlanıb. Üstəlik, bu testi hər kəs evdə edə biləcək, bunun üçün tibb məntəqəsinə getməyə ehtiyac qalmayacaq. Mütəxəssislər bildiriblər ki, test həm də MRT müayinəsinin aşkarlamadığı prostat vəzi xərçəngini də aşkar edəcək.
İlk sınağı "Barkod 1" adlandırılan tədqiqatda 55-69 yaşarası 6 mindən çox kişinin tüpürcək testləri araşdırılıb. Sınaqda iştirak edən və xəstəliyin heç bir simptomunu hiss etməyən bir neçə nəfərdə prostat xərçəngi aşkarlanıb. Onlardan biri olan 71 yaşlı Dhireş Törnbul deyib ki, diaqnozu eşidəndə tamamilə şoka düşüb. Onun sözlərinə görə, əgər sınaqda iştirak etməsəydi, xəstəliyin daha sonrakı mərhələlərində xərçəngə yoluxduğunu öyrənəcəkdi. Belə ki, test hələ sınaq mərhələsində olmasına baxmayaraq, artıq bir neçə insanın həyatını xilas edib.

 

Xərçəng həyatın sonu deyil

 

Əvvəllər xərçəng üçün riskli yaş 50-dən yuxarı hesab olunurdu. Lakin son illər gənclərdə artan xərçəng nisbətləri narahatlıq yaradır. Mütəxəssislər gənclər arasında artan bağırsaq xərçənginə qeyri-düzgün qidalanmanın səbəb ola biləcəyini bildirirlər. ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları deyirlər ki, düzgün olmayan pəhrizlər, qutu qidaları mədə-bağırsaqdakı bakteriyaların tarazlığını pozur, bu da hüceyrələrin daha sürətli qocalmasına və onları xərçəngə qarşı daha həssas edən iltihaba səbəb olur.
Qeyri-sağlam həyat tərzi sürən insanların bioloji yaşları faktiki yaşlarından çoxdur. Bioloji yaş hüceyrə, toxuma və orqanların yaşıdır. Genetika, ətraf mühitə məruz qalma və pəhriz, məşq və yuxu vərdişləri kimi həyat tərzi faktorları bioloji yaşa təsir göstərir. Mütəxəssislər insanlara mütləq sağlam həyat tərzinə riayət etməyi, lifli qidalara üstünlük verməyi tövsiyə edirlər. 
Xərçəng həyatın sonu deyil. Erkən diaqnoz qoyulan xərçəngin müalicə olunma ehtimalı olduqca yüksəkdir. Bu xəstəlikdə ən önəmli faktor xəstənin motivasiyasının və əhvali-ruhiyyəsinin yüksək olmasıdır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video