Qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir məqamda Cənubi Qafqaz kimi bir coğrafiyada suveren davranmaq mümkünsüz qədər çətin məsələdir. Hazırda faktiki olaraq bir çox dövlət üçün mövcudiyyət və fəaliyyət qrafiki həmin ölkələrin paytaxtlarından çox kənarda, hətta sərhədlərindən çox uzaqda cızılır. Nəticədə bir çox beynəlxalq subyekt daxili və xarici siyasətini imperialist mərkəzlərdən gələn tezislər əsasında quraraq "demokratiya və insan haqları" oyunlarının iştirakçısı kimi çıxış etməkdədir.
Ötən dövr ərzində bölgə ilə, ümumiyyətlə, əlaqəsi olmayan beynəlxalq subyektlərin Azərbaycan əleyhinə fəaliyyətləri də məhz bu çərçivədə şərh oluna bilər. Lakin danılmaz bir reallıq var ki, bu hücumlar nəinki bizi çətin duruma salmamış, əksinə, cənab İlham Əliyev bu təcavüzkar cəhdləri bütün platformalarda fiaskoya uğratmışdır.
Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Konstitusiyamızın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyinin təmin olunması Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının vacib elementlərindən biridir. Lakin beynəlxalq münasibətlərdə dövlətin xarici siyasi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amillərdən olduğu üçün xarici siyasət xüsusi peşəkarlıq tələb etməklə özfəaliyyətə yol verilməyən, həssas spesifik sferadır. Suveren dövlət kimi xarici siyasət vasitələrindən istifadə edərək ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş tədbirlərini təhlil etdikdə Azərbaycanın, xüsusən cənab İlham Əliyevin prezidentliyi dövründə xarici siyasət kursunu, sözün əsl mənasında, uğur hekayəsi hesab etmək olar.
Möhtərəm Prezidentin xarici siyasətinin təməlində bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi dayanıb. Lakin tam siyasi və iqtisadi müstəqillik əldə etmədən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmək mümkün deyildi. Ulu Öndər Azərbaycanı siyasi cəhətdən müstəqil beynəlxalq subyektə çevirsə də, iqtisadi imkanların məhdud olması 2000-ci illərin əvvəllərində hələ də xarici siyasət kursu özü diplomatiya dühası olan Ümummilli Liderin gözləntilərinə uyğun deyildi. Peşəkar diplomat olan cənab İlham Əliyev Prezident seçildikdə bu reallığın fərqində idi və diplomatik müstəvidə güc amilinin mahiyyətini gözəl anlayırdı. Beləliklə, həyata keçirilən ardıcıl, şaxələndirilmiş fəaliyyət Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması ilə nəticələndi. Xüsusən cənab İlham Əliyevin neft-qaz amilini milli mənafeləri ehtiva edən kapitala, habelə tarixboyu bizim üçün problemə çevrilmiş strateji coğrafi mövqeyimizi isə dividendə çevirməsi xarici siyasətimiz üçün inanılmaz imkanlar açdı. Siyasət kursunun isə işinin peşəkarı tərəfindən həyata keçirilməsi prosesin faydalılıq əmsalını qat-qat artırdı. Nəticədə 2011-ci ildə zamanında bizə laqeyd münasibət bəslənən BMT-də Azərbaycan 155 ölkənin səsini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Kifayət qədər həssas dönəmə təsadüf edən üzvlük dövründə cənab İlham Əliyev bir daha özünün qlobal miqyası ilə dünyanın birnömrəli beynəlxalq təşkilatının ən ali qurumunda dünyanın əsas oyunçuları ilə bir səviyyədə proseslərə təsir göstərmə iradəsini nümayiş etdirə və milli maraqlarımızın təmin olunmasını həyata keçirə bildi. Təsadüfi deyil ki, dünyanın ikinci böyük təsisatı - Qoşulmama Hərəkatına rəhbərlik üçün Bakının namizədliyi nəzərdən keçirilərkən məhz İlham Əliyev amilinə görə Azərbaycanın Hərəkata uğurlu rəhbərlik edə biləcəyi heç kimdə şübhə doğurmadı. Beləliklə, 2019-cu ildən etibarən Azərbaycan digər üzv ölkələrin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçildi. Bu, Azərbaycanın xarici siyasəti üçün önəmli uğur idi, amma eyni zamanda Qoşulmama Hərəkatının tarixində də dönüş nöqtəsi oldu. Yarandığı gündən ətalətdə qalan təsisat məhz cənab İlham Əliyevin sədrliyi dövründə aktiv qlobal subyektə çevrildi. Hətta bir sıra qlobalmiqyaslı proseslərdə BMT-dən daha effektiv, daha təsirli və daha nəticəyönümlü iş əmsalı ortaya qoya bildi. Təsadüfi deyil ki, xüsusən pandemiya ilə mübarizədə qlobal səylər məhz cənab İlham Əliyevin rəhbərliyi altında, Qoşulmama Hərəkatı çərçivəsində birləşdirildi. Dünyanın qəbuledilən güc mərkəzlərinin peyvənd milliyyətçiliyi fonunda prosesdə mərkəzdənqaçma və avantürist yanaşmalar ilə mübarizəsində məhz cənab İlham Əliyev cəsarətlə mübarizə apardı və BMT İnsan Haqları Şurası prosesə münasibət bildirməli oldu. Bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələr qəbul edildi. Eyni zamanda pandemiya sonrası dünya düzəni məsələsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının mövzusu oldu. Göründüyü kimi, Qoşulmama Hərəkatına məhz cənab İlham Əliyevin rəhbərliyi altında daha çox təşkilat kimi davranılması təsisatın artıq statusunun dəyişilməsi zərurətini meydana çıxardı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkəsini formalaşdırmaqla prosesdə ilk addımları atdı. Beləliklə, Qoşulmama Hərəkatı məhz cənab İlham Əliyevin sədrliyi dönəmində özünün qızıl dövrünə qədəm qoydu. Təsadüfi deyil ki, Hərəkatın beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin sədrliyinin daha bir il uzadılması ilə nəticələndi.
Dövlət başçısının Azərbaycanın xarici siyasət kursunda şah əsərlərindən biri də, heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Azərbaycana ehtiram olaraq və "yaşıl enerji" sahəsindəki fəaliyyət başda olmaqla, görülən işlərə əsaslanaraq COP29-a evsahibliyini ölkəmizə həvalə etməsi idi. Ötən ay Bakıda baş tutmuş COP29-un uğurlu nəticələri birmənalı formada deməyə əsas verir ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyində, əslində, iqlim dəyişiklikləri ilə mübarizədə yeni səhifə açdı. Çünki məhz Azərbaycanın sədrliyi və yorulmaz səyləri ilə əldə olunan həllyönümlü nəticələr baxımından COP29, İlham Əliyevin dediyi kimi, "ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək".
Prezident İlham Əliyevin Azərbaycanın prioritetlərindən biri kimi türk dünyası ilə münasibətlərin dərinləşdirilməsini müəyyən etməsi də xarici siyasət kursumuzun mühüm uğurlarındandır və ciddi tarixi nəticələrə yol açmaqdadır. Nəticədə ötən dövr ərzində biz Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasının şahidiyik və prosesdə İlham Əliyev şəxsiyyətinin rolu danılmaz formada görünməkdədir. Məhz cənab İlham Əliyev tarix və mədəniyyət sahələrində zəngin müştərək irs, eyni dil və din amillərini münasibətlərimizin uğurlu inkişafında səmərəli alətə çevirməklə türk tarixində yeni dövr başlatdı. Türkiyə və Azərbaycan münasibətləri Şuşa Bəyannaməsinə qədər yüksəldi, o cümlədən Mərkəzi və Orta Asiya dövlətləri ilə də münasibətlər qarşılıqlı olaraq xarici siyasət kursunda prioritetlərə çevrildi.
Xarici siyasət kursumuzun özünün qızıl dövrünə məhz cənab İlham Əliyevin dönəmində qədəm qoyulması ilə əlaqədar möhtərəm Prezidentin çoxşaxəli fəaliyyətinə tarixi baxışa bu prizmadan yanaşmaq nə qədər məqsədəuyğun olsa da, digər tərəfdən ölkə rəhbərinin fəaliyyəti barədə 2003-cü ildən etibarən danışmaq insaflı yanaşma deyil. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Bakıda sovet rəhbərliyi ilə nüfuz alveri edilərkən cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 Yanvar hadisələrinə görə sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi. Azərbaycan Xalq Cəbhəsi hərəkatı Qorbaçov yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alındığı dövrdə İlham Əliyev sovet miqyasında cəbhəçilərin ideoloqu olan Qorbaçovun rejiminə təhdid hesab edildiyi üçün işdən çıxarılmışdı. Ulu Öndər Bakıya qayıtdıqdan sonra məhz onun sayəsində hakimiyyət iyerarxiyasında yer tutmuş bir sıra şəxslər nankorluq edən zaman parlamentdə Ulu Öndərə qarşı çirkin kampaniya nümayiş etdiriləndə, ona danışmağa imkan verməyəndə, Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə onun əsas silahdaşı yenə də İlham Əliyev idi. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Bu mənada 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində Ulu Öndərlə bərabər, onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adı xüsusi qeyd olunmalıdır.
Sonrakı dövrdə möhtərəm Prezidentin davam etməkdə olan şərəfli fəaliyyəti son 200 ilin gündəliyindən daha zəngin, daha mürəkkəb, həm də tariximizin ən uğurlu mərhələsidir. Onun şah əsəri isə böyük Zəfərimizdir. Bəllidir ki, Qarabağ düyünü Ulu Öndərin nisgili idi, hətta özünün 2003-cü il 1 oktyabr tarixli son müraciətində də ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik". Böyük Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi.
Böyük hərbi-siyasi Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Ölkəni çadırlardan azad etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "palatka" təfəkküründən xilas edib, 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Bu Zəfərə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, çoxəsrlik dövlətçilik ənənəsinin əhəmiyyətini dərk edən vətənpərvər gənclik yetişdirdi. Prezident İlham Əliyev bütün dünya ilə, xüsusən yanlış gözləntilərdə olan bəzi qlobal dairələrlə ideoloji savaşa girib, bu savaşdan da zəfərlə çıxaraq sübut etdi ki, Heydər Əliyev kursunun davam etdiyi bir şəraitdə Azərbaycan xalqı torpaqlarının zəbt olunması ilə barışa bilməz və bu siyasi xətti illərlə davam etmiş işğalın Azərbaycan gəncliyinə Qarabağ və Şərqi Zəngəzuru unutdurmasına imkan verməz. Məhz bu qətiyyətli mövqeni rəhbər tutmaqla 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi.
Möhtərəm Prezidentin enerji siyasətini Heydər Əliyevin neft strategiyası üzərində inşa edərək yeni mərhələyə ucaltmasının məntiqi nəticəsi olaraq Azərbaycan nefti bəzi ölkələrdə olduğu kimi, lənət yox, inkişaf etmək və dünyada təsirli güc kimi tanınmağımız üçün, sözün əsl mənasında, milli sərvətə çevrildi. Eyni zamanda strateji əhəmiyyətinə görə tarixboyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev milli kapitala çevirdi və elə geosiyasi konfiqurasiya formalaşdırdı ki, nə qədər Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız da bizim üçün dividend gətirməkdə davam edəcək.
Ümumiyyətlə, etiraf etməliyik ki, müasir Azərbaycan reallığında Azərbaycan nə ərazi ölçüsü, nə əhali sayına görə xüsusi göstəricilərə malikdir, əksinə, kiçik ölkə sayılır. Lakin məhz cənab İlham Əliyevin vizyonu sayəsində danılmaz faktdır ki, Azərbaycan müasir geosiyasi situasiyada nəinki bölgəmiz, bütövlükdə qlobal mənada hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilib. Təbii ki, qlobal ziddiyyətlərin gücləndiyi bir şəraitdə rəqabətqabiliyyətli güclü dövlətə çevrilmək sadə məsələ deyil. Xüsusən siyasi və iqtisadi transformasiyaların sürətlə davam etdiyi bir şəraitdə. Məlumdur ki, hazırda Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi təmin etmək üzrədir və bu, müasir mərhələdə Azərbaycanın enerji siyasətinin şaxələndirilməsində çox vacib addım hesab olunmalıdır. Məhz möhtərəm Prezidentin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin onun iradəsi ilə reallaşan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısına çevirib. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir zamanda Azərbaycan Prezidentinin zamanında nə qədər uğurlu gedişlər etdiyini və çoxlarının süni əngəllər yaratmasına baxmayaraq, nə qədər strateji düşüncə sahibi olduğunu bir daha ortaya çıxarır. Bu gün faktiki olaraq Azərbaycan Avropanın, xüsusən Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin enerji təhlükəsizliyində tədricən həlledici rol almaqdadır, o cümlədən Azərbaycanın Balkanlarda və Şərqi Avropada artan rolu bu baxımdan Avropa İttifaqının ayrı-ayrı strukturlarının ölkəmizə qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsi hesab olunmalıdır.
Əlbəttə, Azərbaycanın uğurları, artan iqtisadi imkanları və bundan dolayı güclənən suverenliyi, müstəqil siyasət yürütməsi regionla bağlı qeyri-adekvat maraqları olan neoimperialist güclər tərəfindən müsbət qarşılana bilməzdi. Xüsusən Vətən müharibəsində Azərbaycanın Zəfəri, habelə antiterror tədbirlərində cənab İlham Əliyevin müstəsna qələbəsi, konstitusiya quruluşumuzun beynəlxalq hüquqla tanınan bütün ərazilərimiz boyu bərqərar olunması regionda qeyri-dost niyyətləri olan gücləri ölkəmizə qarşı səfərbər etdi. Bu prosesdə də ənənəvi destruktiv Qərb strukturları, muzdlu media və korrupsioner siyasətçilər beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə müxtəlif bəhanələrlə siyasi hücumlar təşkil etməyə, bəyanatlar verməyə başladılar. Özünü beynəlxalq ictimaiyyət adlandıraraq dünya birliyi adından çıxış edənlərə münasibətdə möhtərəm Prezidentin mövqeyi kifayət qədər aydın oldu, "200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər?" Bu qətiyyətli mövqe nəticəsində ötən 3 illik dövrə baxsaq, cənab İlham Əliyevin qərəzli hücumların hamısını neytrallaşdırmağa, hətta kifayət qədər önəmli qlobal oyunçuları geri addım atmağa məcbur etməyə nail olduğunu görərik. Möhtərəm Prezidentin sağlam siyasi gedişləri, beynəlxalq hüquqa və ədalətə arxalanması, ən vacibi hüququn gücü və gücün hüququ arasında balansı qorumaqla atdığı addımlar planetar müstəvidə Azərbaycana hörmət və ehtiramın bərqərar olunmasını təmin etdi.
Bütün bunların nəticəsidir ki, lokal xarakterli antiterror tədbirlərinin ardınca Azərbaycana qarşı səf tutmuş güclər ölkəmizin beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərlə uyğun, suveren haqlarını bərpa etməsi faktını qəbullanaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinə dəstək verdilər. Beləliklə, cənab İlham Əliyev sübut etdi ki, beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi hansısa muzdlu təşkilatın, 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un evsahibliyini Azərbaycana həvalə etməsidir. Bu, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq.
Qeyd olunanlar fonunda əminliklə demək mümkündür ki, Prezident İlham Əliyev Ulu Öndər siyasətinə sadiq qalaraq yeni dövr üzrə müəyyənləşən hədəfləri Azərbaycanın real müstəqillik tarixində yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi mərhələyə çevirə bilib. Üstəlik, cənab İlham Əliyev elə konfiqurasiyaya nail olub ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə bilir. Bu mənada dönüb ötən dövrə baxanda bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət və bu xalq üçün, sözün əsl mənasında, tarixi şansdır. Millət olaraq şansımız gətirib ki, İlham Əliyev Azərbaycanda doğulub, Azərbaycanda yaşayır və Azərbaycanı idarə edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbərin dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilmədiyi bir şəraitdə cənab İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə müvafiq olaraq xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini şərəflə təmin edir. Qarabağ və Şərqi Zəngəzur başda olmaqla, Azərbaycanın hər bir guşəsi cənnətə çevrilməkdə, illərdir beynəlxalq ictimaiyyət tərəfindən görməzdən gəlinən, daşa dirənən qərbi azərbaycanlıların qayıdış haqlarının təmininə məhz zati-aliləri cənab İlham Əliyevin qətiyyətli mövqeyi ilə real zəmin yaranmaqdadır.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı