23 Aprel 2024 09:00
808
CƏMİYYƏT
A- A+

Vətən Laçın sərhədindən başlayır

 

İlham Əliyevin bütövləşdirdiyi Azərbaycanın başlanğıcından reportaj 

 

Şərqi Zəngəzurun cənnətməkanlarından biri - Laçındayıq... 
Yurda gələn yazın xoş ətri valehedicidir.
Yalnız təbiətin, dağların yamacı əlvan rəngə boyanmayıb. Doğma yurda qayıdan insanların simalarında sanki güllər açıb. İnsanların sevinc, fərəh dolu baxışları, mehriban davranışları adamın ürəyini riqqətə gətirir. 
Yurd həsrətinə son qoyulan laçınlıların qayğıkeşliyi elə ilk andan hiss olunur. Salam verdiyimiz hər kəs bizi evinə dəvət edir.
Bu gün həm də tarixi gündür. Bir il öncə, 2023-cü ilin aprelin 23-də Prezident İlham Əliyev "Laçın" sərhəd-buraxılış məntəqəsini yaratmaqla sərhəd və ərazi bütövlüyümüzü təmin etdi. Həmin tarixi günü təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı qeyd edir. Çünki bu tarixi nailiyyət 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbənin nəticəsi, qətiyyətin və dəmir iradənin təntənəsi idi. 
Sərhədin toxunulmazlığı dövlətin qüdrətini təcəssüm etdirir. 2023-cü il aprelin 23-də bütün təzyiqlərə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq çərçivəsində sərhədlərini tam nəzarətə götürməklə bir daha qətiyyətini və iradəsini nümayiş etdirdi.

 

"Baxın, görün bizə nə gözəl şərait yaradıblar"

 

Laçının füsunkar təbiətini seyr edə-edə enişli-yoxuşlu küçələrlə hərəkət edirik. 77 yaşlı Bakir Şükürov bizi evinə dəvət edir. Çay süfrəsi arxasında söhbət edirik. Bakir kişi 2023-cü il iyun ayının əvvəllərində Laçına qayıtdığını deyir: "1992-ci ilin mayında Laçını son tərk edənlərdənəm. Laçından əhali çıxanda ermənilər hər tərəfi yandırırdılar. Od-alov, tüstü göy üzünü bürümüşdü. Elə hiss edirdim ki, yanan Laçın deyil, bizik. Bu yurdu tikən babalarımızın ruhudur. Laçın işğaldan azad edildi, böyük quruculuq işləri görülür. Doğma  yurda dönəndə buraları cənnətməkan gördük.
Bakıda Pirşağıda məskunlaşmışdıq. Orada da şəraitimiz yaxşı idi. Dövlət bizə 6 sot torpaq sahəsi olan üçotaqlı ev vermişdi. Oradakı həyətimdə də gül-çiçək, hər cür meyvə əkmişdim. Amma havası, suyu, torpağı Laçınınkı kimi deyildi..."
Bakir Şükürov deyirdi ki, savaşdan öncə də, ümumiyyətlə, bütün zamanlarda Prezident İlham Əliyevə çox inanıb. Hiss edirmiş ki, Ali Baş Komandan torpaqlarımızı bir gün qaytaracaq: "Laçının alınma xəbərini eşidəndə sevincimin hədd-hüdudu olmadı. Bir gün eşitdim ki, yurda qayıdış başlayıb. Dərhal müraciət etdim. Dedim, bu yaşda doğma yurddan kənarda qala bilmərəm. Dövlətdən də heç nə istəmirdim. Deyirdim ki, bircə Laçına qayıda bilim, çadır qurub torpağın üstündə yataram. Bir baxın, görün bizə nə gözəl şərait yaradıblar. Bundan sonra ölsəm də dərdim yoxdur. Bizə doğma torpaqlarımızı qaytaran, bizə bu xoşbəxtliyi bəxş edən Prezidentimizə minnətdaram. Özümü cənnətdə hiss edirəm. Tanrı Prezidentimizi qorusun! Dövlətimiz var olsun!"

 

"Marş irəli, Azərbaycan əsgəri"

 

Küçə ilə hərəkət edərkən bir həyətdə xeyli insanın toplaşdığını görüb onlara sarı gedirik. Bəlli olur ki, bu ev bir zamanlar Laçın uğrunda gedən döyüşlərdə iştirak edən, bölük komandiri olan zabit Əhliəd Süleymanovun ata ocağıdır. Amma sabiq döyüşçü artıq haqqın rəhmətinə qovuşub. Bacıları, övladları, yaxınları onun cümə axşamı mərasiminə hazırlaşırlar. 
Ailə üzvləri Laçınla bağlı xoş təəssüratlarını bölüşürlər. Bu anda Elşən Qəniyev Birinci Qarabağ müharibəsi zamanı Laçında Əhliəd Süleymanovla aralarında yaşanan maraqlı bir tarixçəni xatırlayır: "1992-ci ildə Laçına ezamiyyətə getmişdim. O zaman Laçın özünümüdafiə batalyonuna da baş çəkib döyüşçülərlə görüşmüşdük. Bəstəboy bir zabitin komandanlığı ilə döyüşçülər hərbi hissənin həyətində əsgər marşı oxuyurdular. Həmin əsgər marşının müəllifinin zabit Əhliəd Süleymanov olduğunu dedilər. Bizimlə söhbətində Əhliəd Süleymanov dedi ki, mən hərbçi deyiləm, aqronomam. Laçının bu dar günündə əlimə silah almışam ki, torpaqlarımızı qoruyaq. Marş oxumaqla ordu qurulmaz, torpağı qorumaq olmaz. Nizam-intizam yoxdur. Bu, ordudan çox özfəaliyyət dərnəyinə oxşayır. Biz "Marş irəli, Azərbyacan əsgəri" oxuyuruq, işlərimiz isə hər gün bir addım geri gedir. Xahiş edirəm, yazın, həyəcan təbili çalın, rəhbərlik, xalq bilsin ki, Laçın təhlükədədir. Əgər Laçın işğal olunsa, atalarımızın ruhu məzarda od tutub yanar. Çox çəkmədi ki, Əhliəd Süleymanovun dediyi həqiqət oldu. Taleyin qismətində məhz bu səfərimizdə Laçında Əhliədin ata ocağına baş çəkmək də varmış..." 
Bacısı Ruqiyyə xanım deyir ki, qardaşının ötən illərdə bir arzusu olub: "O da Laçını azad görmək idi. Çox şükür ki, bu günü  görüb az da olsa xoşbəxtliyini yaşadıq. Qardaşımın ürəyini vətən həsrəti üzmüşdü. Bu il mart ayında dünyadan köçdü. Doğma yurdumuzda torpağa tapşırdıq".
Oğlu Mahir Süleymanov deyir ki, bir zamanlar qoruya bilmədikləri torpaqları Prezident İlham Əliyev qan tökmədən, itki vermədən geri qaytardı: "Həm də necə? Laçın indi bir cənnətə bənzəyir. Bir dağ rayonundan çox Avropanın əyalət şəhərlərinə oxşayır. Nə qədər ömrümüz var, bizə bu xoşbəxtliyi yaşadan, yurdumuzu cənnətə döndərən, bizi yenidən ev, torpaq sahibi edən Prezidentimizə borcluyuq. Vətən borcu ödənilməzdir. Çalışacağıq ki, ömrümüzün qalan hissəsini vətənə xidmətdə keçirək. Şükür edirik ki, atamız Vətən həsrəti ilə bu dünyadan köçmədi. Qurulan, abadlaşan, cənnətə dönən Laçını görüb, getdi. Var olsun, dövlətimiz, sağ olsun Prezidentimiz ki, laçınlıların qaçqınlıq əzabına son qoydu".

 

"87 yaşlı atam Laçına dönəndən sonra ağrı-acını tamam unudub"

 

Laçında dağların zirvəsində bir ev var. Laçının hansı yanından baxsan bu ev görünür. Üstündə Türkiyə və Azərbaycanın bayrağı dalğalanan, qarşısına türk dünyasının iki böyük lideri, Ulu Öndər Heydər Əliyevlə Mustafa Kamal Atatürkün böyük portreti vurulan bu ev Laçına gələn hər kəsin diqqətini cəlb edir. Kənardan maraqla evi seyr etdiyimizi hiss edən ucaboylu bir kişi bizə yaxınlaşaraq "Mənim evimdir", - deyir...
Rövşən Əliyev bizi evinə dəvət edir. Öyrənirik ki, o da Laçına ilk dönənlərdəndir. 
Ağsaqqal maraqlı söhbətə başlayır: "Qarşıda gördüyünüz kənd erməni kəndidir. Bu ev, bu bayraqlar, türk dünyasının iki dahi şəxsiyyətinin portreti oradan da aydın görünür. Laçına qayıdacağımı biləndə illərlə ürəyimdə abidəsini ucaltdığım, sevdiyim, şəxsiyyətlərinə  böyük hörmət bəslədiyim, xalqlarımızın mənəvi sərvəti olan bu böyük şəxsiyyətlərin portretlərini çəkdirib, yağışdan, günəş şüasından qorumaq üçün xüsusi olaraq üzlətdirib, özümlə birlikdə gətirdim. Mənə elə gəlir ki, yüz illərdir hər qarışı  qanla suvarılan bu torpaqları azad, bu diyarın hər bir guşəsinin cənnətməkana döndüyünü görüb onların ruhu sevinir. Bu Vətəni o dahilərin ruhu qoruyur".
Rövşən Əliyev deyir ki, köçkünlük vaxtı Abşeron rayonu Masazır qəsəbəsində yaşayıb. Orada da yaşamaq üçün şərait yaratsa da, narahatlığı varmış: "Laçını görmədən dünyadan köçəcəyimdən qorxurdum. Çox şükür, arzuma çatdım. Bütün ailə üzvlərimlə yurduma qayıtmışam. Buranın havası da, suyu da dərdimizə dərman olub. Mənim 65, atamın 87 yaşı var. Atam Laçına dönəndən ağrı-acını tamam unudub. Hər səhəri şükürlə açırıq. Hər gün bizə bu şəraiti yaradan, torpağımızı işğaldan azad edən  Ali Baş Komandan İlham Əliyevə dua edirik. Dövlət vətəndaşı üçün etməli olduğundan da artığını bizə edib. Bu gözəlliyi, bu şəraiti yuxumuzda belə görməmişdik. Şükür ki, bu gözəl günlərin xoşbəxtliyini də yaşamaq bizə qismət oldu".

 

"Bakıda doğulsam da, 30 il özümü qonaq kimi hiss etdim"

 

Həmsöhbətimiz Emil Nəcəfli deyir ki, dünyaya gələndə Laçın işğal olunmuşdu. Uşaq vaxtı valideynlər ona Laçın haqqında söhbətlər edər, Laçının işğalından danışardılar. Yaşının üstünə yaş gəldikcə ürəyində Laçın boyda bir sevgi böyüyüb: "Özümü Bakıda qonaq kimi hiss edirdim. İçimdən gələn bir səs deyirdi ki, "Emil, sən Laçına qayıdacaqsan. Orada yaşayıb, orada işləyəcəksən. Bakıda Slavyan Universitetinin yataqxanasında yaşayırdıq. Valideynlərimə deyirdim ki, gəlin birlikdə Ali Baş Komandana müraciət edib, doğma yurda qayıdaq. Evimiz olmasa da, alaçıq qurub yaşayarıq.
2023-cü ilin mayın 28-də cənab Prezident bizə evimizin açarını təqdim etdi. Sonra Prezidentimiz bizə yaxınlaşıb şəkil çəkdirmək istədiyini bildirdi. Orada Laçının xilaskarı, qurucusu, bu xoşbəxtliyi bizə ərməğan edən, yaşadan dövlətimizin başçısı ilə söhbətimiz oldu. Cənab Prezident məndən arzumu, istəyimi soruşdu. Dedim ki, "Cənab Prezident, mən laçınlıyam. İstəyirəm ki, bütün ömrüm boyu Laçında yaşayıb, Laçında işləyim. Cənab Prezident dərhal səlahiyyətli nümayəndəsi Məsim Məmmədova mənim işlə təmin olunmağım barədə göstəriş verdi.
Avqustun 26-da burada Laçın şəhər günü keçirildi. Prezidentimiz və birinci xanım Mehriban Əliyeva da Laçına təşrif buyurmuşdular. Cənab Prezident məni aralıdan görüb tanıdı. Dərhal yanına çağırıb, işimlə maraqlandı. Ailə üzvlərimi soruşdu...
Çox xoşbəxtəm ki, oğlum Tuncay mənim kimi məcburi köçkün həyatı yaşamadı. Atamın,  anamın yurd həsrətinə son qoyuldu. Laçının havasını udanda, suyunu içəndə, hər gün  evə çıxıb, işə gedəndə bizə bu xoşbəxt həyatı yaşadan cənab İlham Əliyevə dua edirik".

 

"Evimizin açarını cənab Prezident özü təqdim etdi"

 

Laçın sakini Elbrus Sadıqovun 77 yaşı var. Deyir ki, Sumqayıtda qaçqın şəhərciyində yaşayıb. Hökumət onlara dördotaqlı mənzil veribmiş: "Hər şəraitimz olsa da, Laçının həsrəti ilə yaşayırdım. Laçın işğaldan azad olunanda dizimi yerə atıb Allaha şükür, Prezidentimizə dua etdim. Yoldaşıma dedim ki, Solmaz, illərdir mən bu günü gözləyirdim. Ömür vəfa etdi, bunu da gördüm. Nə olur-olsun Laçına qayıdıb, ömrümün qalan hissəsini doğma yurdumda yaşayıb, orada tamamlamaq istəyirəm. Laçın hər gecə yuxuma girirdi. Bir arzum vardı. Deyirdim ki, turist kimi də olsa, gedib bir dəfə doğma yerləri görüb ölsəm, gözüm arxada qalmaz. Çox şükür, bu günü də gördük.
Laçına ilk köç başlayanda qayıdan ilk 20 ailədən biri də biz olduq. Dövlətin bizə verdiyi dördotaqlı mənzili təhvil verib bu cənnətməkan yurda qayıtdıq. Artıq yurd həsrəti bitib. Bu gözəl evdə sevincli, fərəhli günlər yaşayacağıq. Evimizin açarını cənab Prezident özü təqdim etdi. Bir arzum olub-olmadığını soruşdu. Dedim, ən böyük arzumuz torpaqlarımızı azad görmək idi. Onu da alıb qaytarmısınız. Üstəlik, ermənilərin xarabazara çevirdiyi Laçını qısa müddətdə cənnətə də döndərmisiniz. Bundan artıq dövlət, prezident vətəndaşına nə etməlidir? Var olsun dövlətimizi! Dövlət başçımızın apardığı sülhsevər, qətiyyətli siyasəti ilə qürur duyuruq".

 

"Laçın" sərhəd-keçid məntəqəsi, hər zaman ayıq-sayıq xidmət

 

Laçın sakinləri ilə xoş gün keçirib yeni həyat şəraitləri ilə maraqlandıq, sevinclərini bölüşdük. Onlara bu şəraiti yaradan Prezidentimizin ünvanına ağızdolusu alqış eşitdik.   
Cənnətməkandan geri dönəndə hava qaralsa da, Laçının küçələrindən nur süzülürdü. Dağların yamacına səpələnmiş evlərdə sanki ulduz parıldayırdı. Bizə elə gəlirdi ki, burada insanlar da, ağaclar da, quşlar da, ağ gəmiyə bənzər evlər də xoşbəxtlik nəğməsi oxuyur. 
Həkəri çayının kənarı ilə əzəmətli dağlara tamaşa edə-edə Qubadlıya tərəf hərəkət edirik. Qarşımıza ötən il aprelin 23-də sərhəd və ərazi bütövlüyümüzün təminatını rəsmiləşdirən "Laçın" sərhəd-keçid məntəqəsi çıxır. Yaxşı xatırlayırıq, bir il öncə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan bu sərhəd keçid məntəqəsi Ermənistanı və onun havadarlarını çox narahat etmişdi. Dünyaya bəyan edirdilər ki, guya Azərbaycan bu məntəqəni yaratmaqla Qarabağın erməni əhalisinə qarşı "humanitar blokada" tətbiq edib. Ancaq bütün cəhdləri puç oldu. Azərbaycan bir addım da geri çəkilmədi.    
Məntəqəyə baş çəkirik. Burada Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları vətənin keşiyindədirlər. Ermənistan ordusunun ön xətti ilə aradakı məsafə o qədər də uzaq deyil.  Burada düşmənin bütün mövqeləri açıq-aydın görünür və müşahidə altında saxlanılır. 
Bütün bu imkanlara, Silahlı Qüvvələrimizin artan gücünə tamaşa etmək, sərhəddə ayıq-sayıq xidmətin, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurun getdikcə əsl cənnətməkana çevrilməsinin şahidi olmaq qürurvericidir. Elə bu xoş təəssüratlarla da reportajımızı yekunlaşdırıb geri qayıdırıq.

Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan"

Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video