2025-ci il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslarda vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını və icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlərin andiçmə mərasimləri təşkil olunub. Bu mərasimlər gənc hüquqşünasların peşəkar fəaliyyətə başlamasında, vəkillik institutunun daha da güclənməsində mühüm rol oynayıb. Həmçinin Rəyasət Heyətinin iclaslarında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, bəzi vəkillərin dövlət qulluğuna qəbulu ilə əlaqədar fəaliyyətlərinin dayandırılması, mükafatlandırılması, öz ərizələri əsasında fəaliyyətlərinə xitam verilməsi, üzvlük haqqından müəyyən müddətə azad edilməsi, maddi yardım göstərilməsi, üzvlük haqqı borclarının silinməsi və digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlər üzrə qərarlar qəbul edilib. Ümumilikdə bu il Rəyasət Heyəti tərəfindən 790 qərar qəbul olunub. Qərarların əhəmiyyətli hissəsi vəkillərin sosial rifahının yaxşılaşdırılması, onların fəaliyyət şəraitinin və hüquqlarının müdafiəsi ilə bağlı olub. Belə ki, Rəyasət Heyətinin qərarları ilə xəstəliklə əlaqədar olaraq 4 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 82 vəkil isə analıq məzuniyyəti, təhsil və digər əsaslara görə üzvlük haqqı ödəməkdən azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun “Peşəkar hüquq müdafiəçiləri hər zaman vətəndaşlarımızın xidmətindədirlər” adlı məqaləsində qeyd olunub.
Məqalədə bildirilib ki, 2025-ci ildə vəkillərin və vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə cavablandırılması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunub, ümumilikdə 719 vətəndaş qəbul edilib.
“Rəyasət Heyətinə daxil olan müraciətlərin hər biri araşdırılıb, aidiyyəti üzrə baxılıb və qanunvericiliyə uyğun şəkildə cavablandırılıb. Ümumilikdə isə 2025-ci ildə Rəyasət Heyətinə 4 min 688 sənəd daxil olub, vətəndaşlara və dövlət qurumlarına isə 2 min 50 məktub cavab olaraq göndərilib.
2025-ci il ərzində Vəkillər Kollegiyasının fəaliyyəti çərçivəsində intizam və hüquqi normayaratma istiqamətlərində mühüm addımlar atılıb. Belə ki, bu il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ümumilikdə 893 şikayət daxil olub. İntizam icraatlarının nəticələri üzrə Rəyasət Heyəti tərəfindən 170 qərar qəbul edilib.
Bundan başqa, Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində də aktiv iştirak edib. Belə ki, 2025-ci il ərzində kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim olunub. Bu, kollegiyanın hüquqi islahatlarda və normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyib.
Eyni zamanda, Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında Vəkillər Kollegiyası il ərzində 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim edib. Bu mülahizələr ölkədə hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqenin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur”, - deyə məqalədə vurğulanıb.