2025-ci ilin 7-8 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri və Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlər həm ikitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etdi, həm də Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişdi. 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə öz suverenliyini bütün ərazisində bərpa edən Azərbaycan yaratdığı yeni reallıqları Ağ Evdə keçirilən görüşlərlə qlobal miqyasda rəsmən təsdiqlətdi. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı, ikitərəfli strateji tərəfdaşlığın təməli möhkəmləndirildi və onilliklər boyu regionun inkişafına mane olan elementlər tarixin arxivinə atıldı.
Vaşinqton Zirvəsi həm də ABŞ-Azərbaycan münasibətlərində uzun illər davam edən qeyri-obyektivliyə və ədalətsizliyə də son qoydu. Bayden Administrasiyası dövründə rəsmi Vaşinqtonun Azərbaycana qarşı nümayiş etdirdiyi birtərəfli və qərəzli mövqe ikitərəfli münasibətlərə ciddi zərbə vurmuşdu. Siyasi təzyiqlər, regiondakı reallıqları düzgün qiymətləndirməmək və qarşıdurma meyllərini körükləmək xətti Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına böyük əngəl yaradırdı. Həmin dövrdə vasitəçilik cəhdləri kənar güclərin öz geosiyasi maraqlarını reallaşdırmasına xidmət edirdi. Lakin Prezident Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin xarici siyasətində köklü paradiqma dəyişikliyi baş verdi.
Tramp Administrasiyası praqmatizmə, real güc balansına və regional sabitliyə önəm verən rasional xətt seçdi. Vaşinqton Azərbaycanın regiondakı aparıcı rolunu, iqtisadi və hərbi-siyasi potensialını düzgün dəyərləndirərək Bakı ilə münasibətləri yenidən qiymətləndirdi. Liderlər arasında formalaşan səmimi, qarşılıqlı hörmətə və etimada söykənən dialoq müsbət dəyişikliyin əsas hərəkətverici qüvvəsi oldu. Dövlət başçılarının strateji baxışlarının üst-üstə düşməsi nəticəsində 2025-ci ilin avqustunda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə tarixi razılıq əldə olundu. Bu addım ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bərabərhüquqlu tərəfdaşlıq mərhələsinin başlanğıcı oldu.
Prezident İlham Əliyevin yürütdüyü müstəqil, milli maraqlara söykənən siyasi kurs sayəsində ölkəmiz yalnız hərb meydanında deyil, masada da üstünlüyü ələ alaraq, Ermənistana beynəlxalq hüququn normalarına əsaslanan 5 təməl prinsip təklif etdi. Məhz bu prinsiplər sülh prosesinin əsas platformasına çevrildi. Qeyd edilməlidir ki, Ermənistan “sülh tərəfdarı” kimi görünməyə çalışsa da, reallıqda revanşist xəyallarla vaxt udmağa cəhd göstərirdi. Lakin Prezident İlham Əliyevin ardıcıl, prinsipial siyasəti və dəmir iradəsi İrəvanı reallıqları qəbul etməyə və sülhə məcbur etdi.
Tarixi müqayisələr də bu diplomatik uğurun miqyasını aydın göstərir. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında barışıq 18 il sonra, 1963-cü ildə Yelisey razılaşması ilə rəsmiləşdirildi. Prezident İlham Əliyev isə 2023-cü ilin lokal antiterror tədbirlərindən cəmi iki il sonra Ermənistanı sülh masasında şərtləri qəbul etməyə məcbur etdi. Bu, qalib liderin təkcə öz xalqına deyil, bütün regiona sülh və təhlükəsizlik bəxş etmək qüdrətinin təzahürüdür.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış üçtərəfli Birgə Bəyannamə və xarici işlər nazirləri səviyyəsində “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması regional geosiyasətin dönüş nöqtəsi oldu. Bəyannamədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər öz əksini tapdı. İrəvanın Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməsi və bu istiqamətdə Ermənistan Konstitusiyasında lazımi dəyişikliklərin edilməsi öhdəliyi sülhün davamlılığı üçün həlledici zəmin yaratdı.
Vaşinqton görüşü çərçivəsində Azərbaycan diplomatiyası illərdir mövcud olan iki böyük ədalətsizliyi də aradan qaldırmağa nail oldu. Birincisi, 30 il ərzində heç bir praktiki nəticə verməyən, əksinə münaqişənin dondurulmasına xidmət edən ATƏT-in Minsk Qrupu və ona bağlı strukturların ləğvi üçün Vaşinqtonda birgə müraciət imzalandı. 2025-ci il sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası Minsk Qrupunun fəaliyyətinə rəsmən son qoydu. İkincisi, 1992-ci ildən bəri ABŞ tərəfindən Azərbaycana qarşı haqsız təzyiq aləti kimi istifadə edilən 907-ci düzəlişin tətbiqinin dondurulması ilə bağlı Azərbaycan diplomatiyasının növbəti böyük zəfəri kimi tarixə düşdü.
Tarixi razılaşmaların mühüm geoiqtisadi tərkib hissələrindən biri Zəngəzur dəhlizinin işə düşməsi və “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsi oldu. Kənar dairələrin marşrutu məhdudlaşdırmaq, onu yalnız dəmir yolu ilə çərçivələndirmək cəhdləri iflasa uğradı. Yeni dəhliz paralel nəqliyyat xətlərini, optik kabel infrastrukturunu, habelə tranzit neft, qaz və yaşıl enerji kəmərlərini özündə birləşdirir. ABŞ-nin bu dəhlizin Ermənistandan keçən hissəsinin maliyyələşdirilməsini və təhlükəsizlik zəmanətini transmilli şirkətlər vasitəsilə öz üzərinə götürməsi layihənin beynəlxalq statusunu gücləndirdi. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz quru əlaqəsinin bərpası ilə yanaşı, Şərqlə Qərbi birləşdirən Orta dəhlizin rəqabət qabiliyyəti də artdı. Azərbaycan Avrasiya logistika xəritəsinin əvəzolunmaz mərkəzinə çevrildi.
Vaşinqton görüşündən ötən müddət göstərdi ki, 8 avqust razılaşmaları işlək və dayanıqlı mexanizmdir. Ötən dövr ərzində Misir və Davos sammitlərində dövlət başçılarının keçirdiyi effektiv görüşlər, ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya ardıcıl səfərləri ikitərəfli əlaqələrin dinamikasını daha da artırdı. Bunun məntiqi davamı olaraq ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana tarixi səfəri və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması reallaşdı. Vensin səfəri və imzalanan mühüm sənəd ABŞ-Azərbaycan münasibətlərində yeni müttəfiqlik mərhələsini rəsmiləşdirərək, ikitərəfli tərəfdaşlığın hüquqi təməlini daha da möhkəmləndirdi. Bununla Vaşinqton Cənubi Qafqazda bərqərar olan yeni sülh arxitekturasına strateji dəstəyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin iyulun 4-də Prezident Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda vurğulandığı kimi kimi son dövrdə Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə və uğurla inkişaf etməkdədir: “Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”.
Nəticə etibarilə, Vaşinqton Zirvəsi Cənubi Qafqazda onilliklər boyu sürən münaqişə səhifəsini bağlayaraq, Azərbaycanın moderatorluğu ilə sülh, inteqrasiya və tərəqqi dövrünün təməlini qoydu.
Prezident İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən liderlik və praqmatik diplomatiya Azərbaycanı qlobal miqyasda söz sahibi orta gücə çevirib. Dövlətimizin başçısının milli maraqlara söykənən qətiyyətli siyasəti ölkəmizin regionda yaratdığı yeni reallıqların aparıcı dünya gücləri tərəfindən tam qəbul olunmasını təmin edib. Məhz bu strateji xəttin nəticəsidir ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülh, təhlükəsizlik və qlobal nəqliyyat-logistika layihələrinin əsas moderatoru kimi çıxış edir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”