8 avqust 2025-ci il Cənubi Qafqazın müasir
siyasi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Ağ Evdə Azərbaycan
Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri
Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüş regionda onilliklər boyu
davam etmiş qarşıdurmanın siyasi-diplomatik müstəvidə aradan qaldırılması
istiqamətində yeni mərhələnin əsasını qoydu.
Lakin Vaşinqtonda baş verənləri yalnız həmin
gün imzalanan sənədlər və keçirilən görüş çərçivəsində qiymətləndirmək doğru
olmazdı. Bu hadisənin əsl mahiyyəti daha genişdir. Çünki 8 avqust 2025-ci ildə
Vaşinqtonda əldə olunan nəticə Azərbaycanın illər ərzində həyata keçirdiyi
ardıcıl, məqsədyönlü və milli dövlətçilik maraqlarına əsaslanan siyasətin mühüm
diplomatik nəticəsi idi.
Bu baxımdan Vaşinqton prosesinə nəzər salarkən
ilk növbədə bir mühüm həqiqət önə çıxır: Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan
formalaşdırıb. Bu təşəbbüsün siyasi müəllifi isə möhtərəm Prezident İlham
Əliyevdir.
Sülh təşəbbüsü Azərbaycanın siyasi iradəsindən
irəli gəldi
Azərbaycanın sülh siyasətinin əsas xüsusiyyəti
ondan ibarətdir ki, Bakı sülhü zəiflikdən deyil, güc və milli maraqların təmin
edilməsindən irəli gələn siyasi seçim kimi müəyyənləşdirib.
Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etmiş qalib dövlət kimi regionda yeni siyasi reallıq yaratdı.
2023-cü ildə ərazi bütövlüyünün tam təmin olunması ilə bu reallıq daha da möhkəmləndi.
Bunun ardınca Azərbaycan revanşist yanaşmalara deyil, sülhə, əməkdaşlığa və
regional inteqrasiyaya üstünlük verdi.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə
Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli
sürüldü. Dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi
müstəqilliyinin qarşılıqlı tanınması, ərazi iddialarından imtina, güc tətbiq
etməmək və güc tətbiqi ilə hədələməmək, dövlət sərhədlərinin delimitasiyası və
demarkasiyası, kommunikasiyaların açılması kimi müddəalar Azərbaycanın irəli
sürdüyü sülh konsepsiyasının əsasını təşkil etdi.
Deməli, bu gün regionda müzakirə olunan sülh
gündəliyinin əsas siyasi prinsipləri kənardan gətirilməyib. Onların müəllifi Azərbaycan
dövlətidir.
Prezident İlham Əliyevin müxtəlif çıxışlarında
dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh təşəbbüsü ilə
çıxış edib, beş əsas prinsip hazırlayıb və Ermənistan tərəfinə təqdim edib.
Buna görə də Vaşinqtonda paraflanan sülh sazişi mətni qəfil meydana çıxmış
diplomatik nəticə deyil. Bu sənəd Azərbaycan Prezidentinin illər əvvəl müəyyən
etdiyi siyasi xəttin məntiqi davamıdır.
Dövlət maraqları və sülh bir-birini
tamamlayır
Azərbaycanın sülh siyasətinin mühüm cəhəti
ondan ibarətdir ki, burada dövlət maraqları ilə sülh təşəbbüsü bir-birinə
alternativ deyil, əksinə, bir-birini tamamlayan amillərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
əvvəlcə öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etdi. Bundan sonra
qarşı tərəfə sülh təklif etməklə göstərdi ki, Azərbaycanın məqsədi regionda
yeni qarşıdurma yaratmaq deyil, uzunmüddətli və dayanıqlı sülh sisteminin
formalaşdırılmasıdır.
Bu yanaşmanın arxasında ciddi dövlətçilik fəlsəfəsi
dayanır. Azərbaycan üçün sülh yalnız müharibənin olmaması demək deyil. Sülh
eyni zamanda suverenliyin qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı,
kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi, regional təhlükəsizliyin
möhkəmləndirilməsi və xalqların rifahının yüksəldilməsidir.
Bu səbəbdən Azərbaycanın irəli sürdüyü sülh
gündəliyi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə
tutmur. Bu gündəlik bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir.
Vaşinqton Azərbaycanın siyasi xəttini beynəlxalq
müstəvidə möhkəmləndirdi
8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən görüş
Azərbaycanın sülh təşəbbüsünün beynəlxalq müstəvidə daha da möhkəmlənməsi
baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin yaradılması haqqında Saziş”in razılaşdırılmış mətnini
paraflaması mühüm siyasi hadisə idi. Prezident İlham Əliyev və Baş nazir Nikol
Paşinyanın Birgə Bəyannamə imzalaması isə prosesin siyasi əhəmiyyətini daha da
artırdı.
Sənəddə sülh sazişinin paraflanması ilə
yanaşı, ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması
istiqamətində addımların atılması, regional kommunikasiyaların açılması və
TRIPP layihəsinin reallaşdırılması ilə bağlı mühüm müddəalar öz əksini tapdı.
Bütün bunlar Azərbaycanın illərdir müdafiə
etdiyi mövqenin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Azərbaycan uzun müddət idi ki, artıq öz tarixi
missiyasını başa vurmuş Minsk prosesinin davam etdirilməsinin regionda sülhə
xidmət etmədiyini bildirirdi. İşğal faktı aradan qalxdıqdan, Azərbaycan ərazi
bütövlüyünü və suverenliyini təmin etdikdən sonra keçmiş münaqişənin yaratdığı
vasitəçilik mexanizmlərinin saxlanılması məntiqsiz idi. Vaşinqtonda bu
reallığın siyasi ifadəsi öz əksini tapdı.
Beləliklə, Azərbaycan yalnız müharibənin nəticələrini
dəyişmədi, həm də münaqişə ətrafında uzun illər formalaşmış siyasi yanaşmaların
yenilənməsinə nail oldu.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti
Azərbaycanın əldə etdiyi bu nəticələri
Prezident İlham Əliyevin uzaqgörən və çoxşaxəli siyasətindən ayrı təsəvvür etmək
mümkün deyil.
Dövlətimizin başçısının siyasi kursunda əsas xətt
həmişə Azərbaycanın milli maraqlarının qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi
və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi olub.
Vətən müharibəsində qazanılan tarixi Zəfər də
məhz bu siyasətin nəticəsi kimi Azərbaycan xalqının yaddaşına həkk olundu.
Lakin həmin Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Əsas məsələ
Azərbaycanın əldə etdiyi üstünlüyü siyasi və diplomatik imkanlara çevirməsi
idi. Prezident İlham Əliyev bunu həyata keçirdi.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi,
suverenliyini təmin etdi, sərhədlərinin delimitasiyası prosesini irəli apardı və
bundan sonra Ermənistanla sülh sazişinin hazırlanması təşəbbüsünü öz üzərinə
götürdü.
Bu ardıcıllıq təsadüfi deyil. Əksinə, bu, dövlətçilik
baxımından düşünülmüş strategiyanın göstəricisidir: əvvəlcə milli təhlükəsizliyin
və suverenliyin təmin edilməsi, daha sonra həmin möhkəm təməl üzərində sülhün və
əməkdaşlığın qurulması.
Trampın siyasi dəstəyi və Vaşinqton amili
Vaşinqton prosesində ABŞ Prezidenti Donald
Trampın rolunu da xüsusi qeyd etmək lazımdır. Prezident Tramp Azərbaycan və Ermənistan
liderlərini Ağ Evdə bir araya gətirməklə sülh prosesinə yüksək səviyyədə siyasi
dəstək verdi.
Lakin burada bir məqamı xüsusi vurğulamaq
vacibdir: ABŞ-ın və digər beynəlxalq aktorların dəstəyi Azərbaycanın təşəbbüsünü
əvəz etmir. Əksinə, Vaşinqton görüşünün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın
formalaşdırdığı sülh gündəliyi böyük beynəlxalq siyasi platformada dəstəkləndi.
Bu, Azərbaycanın diplomatik çəkisinin və
Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
Vaşinqton görüşü eyni zamanda Azərbaycan-ABŞ
münasibətlərində yeni səhifənin açılmasına səbəb oldu. 8 avqust 2025-ci ildə
iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə
Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması
ikitərəfli münasibətlərin inkişafında mühüm addım idi.
Sonrakı mərhələdə bu siyasi xətt daha da
inkişaf etdi və 2026-cı il fevralın 10-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq
Xartiyasının imzalanması ilə yeni institusional mərhələyə keçdi.
Bu fakt bir daha göstərir ki, Vaşinqton
prosesi yalnız Azərbaycan-Ermənistan sülhü ilə məhdudlaşmır. O, Azərbaycanın
beynəlxalq tərəfdaşlıq sisteminin genişlənməsinə də ciddi təsir göstərir.
Sülhün iqtisadi dayaqları
Azərbaycanın sülh konsepsiyasının digər mühüm
xüsusiyyəti sülhlə iqtisadi inkişafı bir-birindən ayırmamasıdır.
Vaşinqtonda regional kommunikasiyaların
açılması ilə bağlı əldə olunan razılaşmalar bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. TRIPP layihəsi yalnız nəqliyyat infrastrukturu deyil, eyni zamanda
sülhün iqtisadi əsaslarını formalaşdırmaq baxımından strateji əhəmiyyət daşıyan
təşəbbüsdür.
Azərbaycan üçün Naxçıvanla bağlantının gücləndirilməsi
mühüm milli maraqdır. Eyni zamanda bu bağlantının açılması region ölkələri üçün
yeni iqtisadi imkanlar yarada bilər. Ermənistan tranzit imkanlarından
faydalana, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələri daha da möhkəmlənə,
Orta Dəhlizin əhəmiyyəti arta bilər.
Beləliklə, Azərbaycanın irəli sürdüyü sülh
gündəliyi yalnız siyasi sənədlərdən ibarət deyil. Onun arxasında regionun
iqtisadi gələcəyini dəyişə biləcək konkret layihələr dayanır.
Azərbaycan yeni regional düzənin əsas
aktorudur
Bu gün Cənubi Qafqaz 2020-ci ildən əvvəlki Cənubi
Qafqaz deyil.
İşğal faktı aradan qalxıb. Azərbaycan öz ərazi
bütövlüyünü və suverenliyini tam təmin edib. Separatizm təhlükəsi aradan
qaldırılıb. Dövlət sərhədlərinin delimitasiyası istiqamətində proses davam
edir. Regional kommunikasiyaların açılması üçün siyasi və iqtisadi imkanlar
formalaşıb.
Bütün bunların fonunda Azərbaycanın regiondakı
mövqeyi də keyfiyyətcə dəyişib.
Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil,
Avrasiya məkanının mühüm nəqliyyat, enerji və geosiyasi mərkəzlərindən biri
kimi çıxış edir. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Zəngəzur
istiqamətində formalaşan yeni imkanlar Azərbaycanın regional rolunu daha da
gücləndirir.
Bu reallığın siyasi əsasını isə Prezident
İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti təşkil edir.
Sülhün müəllifi olmaq məsuliyyət də yaradır
Azərbaycanın sülh təşəbbüsünün müəllifi olması
eyni zamanda böyük siyasi məsuliyyət deməkdir. Bakı dəfələrlə bəyan edib ki, əldə
olunan razılaşmaların davamlı olması üçün qarşılıqlı öhdəliklərə hörmət edilməli,
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı iddialardan
tamamilə imtina olunmalıdır.
Sülh yalnız sənəd üzərində yazılan müddəalardan
ibarət deyil. Onun dayanıqlılığı qarşılıqlı etimadın formalaşdırılmasından, sərhədlərin
müəyyənləşdirilməsindən, kommunikasiyaların açılmasından və dövlətlərarası
münasibətlərin normal məcraya düşməsindən asılıdır.
Azərbaycan bu prosesdə öz mövqeyini aydın müəyyənləşdirib:
regionda yeni qarşıdurma deyil, davamlı sülh; yeni ərazi iddiaları deyil,
suveren dövlətlərin qarşılıqlı tanınması; qapalı sərhədlər deyil, açıq
kommunikasiyalar; qarşıdurma deyil, əməkdaşlıq.
Bu, Azərbaycanın milli maraqları ilə tam
uzlaşan mövqedir.
8 avqust 2025-ci ildən bir il sonra həmin
tarixi günün əsas siyasi mesajı daha aydın görünür.
Vaşinqton sammiti sülhü kənardan gətirmədi. Azərbaycan
uzun illər ərzində formalaşdırdığı siyasi xətti Vaşinqton platformasına çıxardı
və beynəlxalq dəstək qazandı.
Bu baxımdan 8 avqust Azərbaycan
diplomatiyasının uğurudur. Çünki Azərbaycan əvvəlcə öz gücünə və milli iradəsinə
söykənərək tarixi ədaləti bərpa etdi, sonra isə həmin Zəfəri sülh təşəbbüsünə
çevirdi.
Prezident İlham Əliyevin siyasətinin əsas
üstünlüyü də məhz bundadır: Azərbaycan heç vaxt proseslərin passiv iştirakçısı
kimi çıxış etmir. Ölkəmiz milli maraqlarını dəqiq müəyyənləşdirir, məqsədlərini
ardıcıl şəkildə həyata keçirir və regionda yaranan yeni reallıqların
formalaşmasına fəal təsir göstərir. Vaşinqton prosesi bunun ən parlaq nümunələrindən
biridir.
Bu gün Azərbaycanın qarşısında yeni tarixi vəzifə
dayanır: formalaşmış sülh imkanlarını davamlı regional əməkdaşlığa çevirmək.
Bunun üçün siyasi iradə, iqtisadi imkanlar, nəqliyyat və enerji potensialı,
beynəlxalq tərəfdaşlıq və ən əsası, Prezident İlham Əliyevin müəyyən etdiyi
strateji kurs mövcuddur.
Azərbaycan sülhə gedən yolu öz təşəbbüsü ilə
açıb
Bu yolun əsasını Azərbaycanın dövlət
maraqları, ərazi bütövlüyü və suverenliyi təşkil edir. Bu yolun siyasi memarı
Prezident İlham Əliyevdir. Bu yolun hədəfi isə yalnız Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması deyil, Cənubi Qafqazın uzunmüddətli sülh, təhlükəsizlik
və əməkdaşlıq məkanına çevrilməsidir.
Vaşinqtondan doğan yeni reallığın əsas mahiyyəti
də budur: Azərbaycan artıq regionda baş verən proseslərin yalnız iştirakçısı
deyil, siyasi gündəliyi formalaşdıran, sülh təşəbbüsünü irəli sürən və öz milli
maraqları əsasında yeni regional düzənin qurulmasına rəhbərlik edən əsas dövlətdir.
Səbinə SALMANOVA,
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü