20 Aprel 2024 09:20
956
Səhiyyə
A- A+

Ürəyinizi qoruyun

 

Ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar problemləri ilk yerlərdə gəlir. Həkimlər bildirirlər ki, ürək problemləri vaxtında aşkarlananda əksər hallarda aradan qaldırılır. Ona görə də profilaktiki olaraq müayinələrdən keçmək və ilkin əlamətlərə diqqət yetirmək tövsiyə olunur. 
Yaz aylarında temperatur dəyişiklikləri nəticəsində insan orqanizmi daha çox enerji sərf edir. Bu da enerji ehtiyacına səbəb olaraq ürəyin iş yükünü çoxaldır. Xüsusilə ürək-damar xəstəliyi olanlarda belə vəziyyət şikayətləri artırır. Buna görə də qışdan yaza keçid dövrü bu xəstəliklərdən əziyyət çəkənlər üçün daha riskli hesab olunur.

 

Kişilərdə ürək xəstəliklərinə qadınlardan daha çox rast gəlinir

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Leyla Quliyeva bildirib ki, əgər yaxın qohumlardan hər hansı biri miokard infarktı, angioplastika və ya aorta koronar şuntlama əməliyyatı keçiribsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar: "İrsi faktor risklərin 20-25 faizini təşkil edir, 75-80 faiz digər risk faktorlarının payına düşür. Digər risk faktorlarına sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də əgər kimdəsə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalıdır".
Həkim-kardioloqun sözlərinə görə, əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu: "Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirirlər. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji "check-up" müayinəsindən keçməsi məsləhətdir".

 

Gündəlik 10 min addım xəstəliyin riskini azaldır

 

L.Quliyeva vurğulayıb ki, gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş pozğunluqlarında əvəzolunmaz qidadır: "Eyni zamanda çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır. Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır. Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir. O, infarkt riskini və xolesterinin qandakı səviyyəsini azaldır. Sarımsağın tərkibindəki kversetin molekullarının, pomidorun tərkibində olan likopenin hesabına damar tutulmalarının qarşısı alınır".
Mütəxəssisin sözlərinə görə, hərəkətsizliyin nəticələri olan insulin dirənci, şəkər xəstəliyi ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarına aiddir. Hətta oturaq həyat tərzi də gündə 1 qutu siqaret çəkməyə bərabər ola bilər. Aktiv həyat tərzi qan dövranını yaxşılaşdırır, toxumaları qan və oksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin kaloriləri yandırır, yağları əridir, metobalizmi sürətləndirir, sağlam qidalanma ilə birgə olarsa, arıqladır.
"Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmaya başlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkət qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşı qoruyur. Eyni zamanda insulin dirəncini qırır, yaxşı xolesterinin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlik hormonlarını çoxaldaraq stressi azaldır, təzyiqin stabil qalmasına kömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanı ləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandan almaq mümkün deyil. Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir. Demək olar ki, bütün müasir smartfonlarda və "ağıllı saat"larda addım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damar xəstəliklərini, şəkər, arterial hipertenziya riskini azaldır", - deyə həkim-kardioloq qeyd edib.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video