09 Fevral 2024 09:20
684
SİYASƏT
A- A+

Ümummilli inamın möhtəşəm təntənəsi

 

Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü İlham Əliyevin xilaskarlıq missiyasına böyük etimad göstərdi

 

Tarixinin ən qüdrətli Azərbaycanının müdrik və qədirbilən xalqı yenə də tarixi bir seçim etdi... 
Müstəqillik dövrünün 9-cu prezident seçkisində xalq öz liderini müəyyənləşdirdi...
İlk dəfə bütöv Azərbaycanda keçirilən Zəfər seçkilərində xalq məhz Xilaskar Lideri cənab İlham Əliyevə etimad mandatı verdi - 92 faiz...
Xalq cənab İlham Əliyevin cəmi 20 ildə yaratdığı sabitliyə, yüksəlişə, inamlı və dayanıqlı inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə inamını, sədaqətini, sevgisini ifadə etdi!
Xalq təkcə ölkənin birinci şəxsini seçmədi, həm də qalib Azərbaycanın Yeni Yüzilinə - Zəfər Əsrinə səs verdi!
Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə şanlı möhürünü vurdu! 

 

Ədalətli, demokratik seçki və Zəfər əsrinə verilən səs

 

İndiyədək ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycandakı demokratiyanın aynası rolunu oynayıb. Ölkəmizin seçki təcrübəsi də çox unikaldır. Azərbaycan xalqı növbəti dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik! 
Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Ulu Öndər Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib.
Vətən müharibəsindən sonra keçirilən ilk seçkidə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 200 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisə oldu. Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Xalqımız 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici kimi səsverməyə qatıldılar. İllərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnıaçıq, üzüağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. 
Bu seçkinin möhtəşəm nəticəsi həm də antiazərbaycançı şəbəkəyə xalqın sərt şilləsi oldu. Bu, Azərbaycanın fövqəlgüclər qarşısında mətin mübarizəsinin, müstəqil siyasətinin yeni zəfəridir.
7 fevral Azərbaycanın yeni tarixinin ən məsuliyyətli seçim anı, xalqın isə müdriklik sınağı idi. Azərbaycan bu seçimdən də, bu sınaqdan da məsuliyyətlə, müdrikliklə, şərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan məmləkətin bəşəriyyəti öz bacarığı, qabiliyyəti ilə həmişə heyrətləndirəcək bir milləti olduğunu nümayiş etdirdi. Xalq düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayraqdarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi...
Ataların məsəli var: elin gözü tərəzidir. 4 milyon 651 min 473 seçici, 90 min 372 müşahidəçi, 190 xarici media qurumunun 200-dən artıq nümayəndəsi, 72 beynəlxalq təşkilatı təmsi edən şəxslərin iştirakı ilə keçən tam demokratik, şəffaf və ədalətli seçkilər nəticəsində əzmli qələbəni cənab İlham Əliyevin qazanması tarixi və təbii qanunauyğunluqdur desək, yanılmarıq.
Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələrinin qarşılaşdıqları mənzərələrlə bağlı etirafları da deyilənləri sübut etdi. Mərkəzi Seçki Komissiyasının seçkinin nəticəsi ilə bağlı açıqladığı ilkin rəqəmlər 3 təşkilatın - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-nin "ORACLE ADVISORY GROUP" təşkilatı ilə birgə, "Rəy" Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi "exit-poll"ların nəticəsi ilə demək olar ki, üst-üstə düşdü.
Seçki prosesini işıqlandıran beynəlxalq KİV də seçkilərin tam demokratik, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirildiyini yayımladılar və dünya birliyi Azərbaycandakı demokratik seçki mühitindən bir daha xəbərdar oldu. Xaricdə yaşayan soydaşlarımız və ya əcnəbilər 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsi ilə səsvermə prosesini canlı izləyə bildilər. 
Azərbaycanda yaşayan çoxmillətli əhalinin iradəsini ifadə edən bu seçkilər bir daha dünyaya cənab İlham Əliyevin ölkəmizdə yüksək hörmətə və nüfuza malik olmasını, xalqın ona böyük inamını və sarsılmaz dəstəyini sübut etdi. 

 

Niyə məhz İlham Əliyev?!

 

Bu suala cavab tapmaq heç də çətin deyil. Çox yox, cəmi 20 il öncəyə boylanıb bu günümüzlə müqayisə aparsaq, hər şey aydın görünər. 
Xalq çox yaxşı bilir ki, cənab 
İlham Əliyev Azərbaycan tarixində böyük iz qoyan şəxsiyyət, eyni zamanda son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdədir. Artıq Azərbaycanda bütün qələbələrin fövqündə bir Qələbə var. Bu Qələbəni də təmin edən ölkəmizin rəhbəri cənab İlham Əliyevdir. Azərbaycanın gələcək inkişafı ilə bağlı da cənab İlham Əliyev tərəfindən uğurlu strategiya müəyyənləşib.
Məhz Prezident İlham Əliyevin yüksəliş konsepsiyası fonunda 2003-2023-cü illər ölkəmizin  çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar olub ki, bu dövrdə ölkəmiz, əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. 
Azərbaycan misilsiz inkişafı ilə Avrasiyanın enerji xəritəsini yeniləyib. Nəticədə əldə edilmiş tarixi uğurlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb və xalqımıza sevinc bəxş edib. 
Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etməyibmi? Onun gördüyü işləri sayıb qurtarmaq, kitablara sığışdırmaq mümkün deyil. Bu faktı dünyanın tanınmış siyasətçiləri də etiraf edirlər. 
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. Başqa sözlə desək, Qarabağın separatçı xunta cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemi həll edib və üstəlik Cənubi Qafqazda dünyanı heyrətə salan yeni reallıqlar yaradıb.
Fevralın 7-də cənab İlham Əliyevin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsinin isə simvolik mənası vardı. Bu, dünyaya və dünya erməniliyinə, onların havadarlarına verilən mesaj idi. Bu, Xankəndinin timsalında Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. 
Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb işıqlı sabaha çıxardısa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməklə yanaşı, Xilaskar Lider statusuna sahibləndi. 
Məhz cənab İlham Əliyevin əsl sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və neçə illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb. Əlbəttə, misli-bərabəri olmayan bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. 
Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Cənab İlham Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə yaxın buraxmayıb. Vaxtilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır.

 

1 milyon 500 min AHİK üzvünün doğru seçimi

 

Xalqın səsi göstərdi ki, Azərbaycanın bu günü də, gələcəyi də cənab İlham Əliyevlə bağlıdır. Seçkilərdəki qələbə növbəti yeddi ildə Azərbaycanın inkişafı, 20 ildə başlanılmış işlərin davam etdirilməsi, nailiyyətlərin daha da artırılması deməkdir. Hesab edirəm ki, bu qələbənin əsasında Azərbaycan xalqının İlham Əliyevə olan dərin etimadı, inamı dayanır. Xalq öz rəhbərinə inandı və ona səs verdi. Bu qələbənin qazanılmasında Yeni Azərbaycan Partiyasının böyük zəhməti var. 
Bu böyük tarixi qələbəyə bütün xalqımız sevinir. Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qürur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətinin və vətəndaş cavabdehliyinin göstəricisidir. 
Hələ ötən il dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı kerçirilərkən üç minə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə mühüm qərar qəbul edilmişdi. 26 sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqı olan AHİK-in 1 milyon 500 min üzvü İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin dəstəklənməsi barədə qərar qəbul etmişdi. Bununla bağlı qəbul olunan bəyanatda əminliklə qeyd edilirdi ki, bu gün müstəqil Azərbaycan tam əmin əllərdədir, ölkəmiz tarixboyu heç vaxt bu qədər güclü olmayıb. Fərəhlə söyləyə bilərik ki, bu, məhz Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əvvəlki prezident seçkilərində olduğu kimi, bu dəfə də mövqeyi birmənalı, yekdil və dəyişməz oldu. Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI Qurultayının nümayəndələri 1,5 milyon həmkarlar ittifaqı üzvləri adından 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xalqımızla həmrəyliyi davam etdirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirən böyük şəxsiyyət İlham Əliyevi dəstəklədiyimizi bəyan etdik.
Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü prezident seçkilərində vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədi.

 

Beynəlxalq təşkilatlardan seçkiyə müsbət rəy 

 

Ölkəmizdə keçirilən prezident seçkilərini minlərlə xarici müşahidəçi izlədi. Açıqlanan hesabatlara əsasən deyə bilərik ki, Azərbaycan bir daha dünyaya seçki nümunəsi göstərib. Onların bir neçəsinin bəyanatına və müşahidəçilərin fikirlərinə diqqət etsək, buna şahidlik edərik. 
Seçkiləri müşahidə edən Parlamentlərarası Assambleyanın, Asiya Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının, TÜRKPA-nın Beynəlxalq Münasibətlər və hüquq komissiyasının, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Xəzər Strateji Araşdırmalar İnstitutunun, həmçinin Türkiyə, Pakistan, Meksika, Belarus, Bosniya və Herseqovina, Mərakeş, Kamboca, İordaniya, Özbəkistan, İraq və Ərəb parlamentinin nümayəndə heyətlərinin yaydıqları bəyanatlarda, açıqladıqları hesabatlarda qeyd edilir ki, seçkilər rahat və dinc şəraitdə keçib. 
Beynəlxalq təşkilatlar seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd ediblər. MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev isə prezident seçkilərinin Azərbaycan Konstitusiyasına tam uyğun keçirildiyini bəyan edib. 
Bu seçkilər həm də antiazərbaycançı şəbəkəyə ağır zərbə oldu. Seçkilərə qədər ölkəmizə qarşı edilən təzyiqlər, hücumların hamısı iflasa uğradı. Xüsusən də Azərbaycan nümayəndə heyətinin imtina etdiyi 
AŞPA-nın uğursuz cəhdləri bu təşkilatın özünə ləkə vurdu. Dünya gördü ki, Azərbaycanın çox yüksəksəviyyəli seçki təcrübəsi var. Ölkənin vətəndaşları isə mütəşəkkil şəkildə bu seçkilərdə iştirak edərək Avropaya nümunə göstərdilər.  
Prezident seçkiləri beynəlxalq mətbuatın da diqqət mərkəzində oldu. Dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırdılar. Materiallarda ölkədəki seçkiöncəsi siyasi-iqtisadi vəziyyət və seçkiləri şərtləndirən amillər, səsvermə prosesinin gedişi, nəticələri, seçkinin ölkəmizin və regionun gələcəyinə təsir imkanlarına dair fikirlər yer aldılar. Məsələn: "Associated Press" agentliyinin seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayımında seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub. Agentliyin digər məqaləsində bildirilib ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağ regionunda ildırımsürətli proseslərdən sonra Azərbaycan Prezidentinin ölkədə nüfuzu ən yüksək səviyyədədir. Seçkilər isə ölkənin bütün ərazisi üzərində artıq tam nəzarətə malik Azərbaycanda yeni eranın başlanğıcıdır.

 

Xalqımızın və dövlətimizin həyatında yeni parlaq dövr başlayır

 

Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. 
Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkilərindən sonra qoyulur. Yəni artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq dövr başlayır. Azərbaycan xalqının xoşbəxt gələcəyinin ən layiqli təminatçısı olan Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı böyükdür. Çünki o, gördüyü möhtəşəm işlərlə xalqın qəlbində özünə taxt-tac qurub.
Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrilib. Cənab İlham Əliyev çevik idarəçilik metoduna yiyələnmiş rəhbərdir. Yeni situasiya ondan islahatları daha geniş miqyasda aparmağı və vacib qərarların operativ qəbulunu şərtləndirir. Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur və onların əksəriyyəti 2030-cu ilədək olan mərhələni əhatə edir.
Bütün bu proseslərdə Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı isə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Mehriban xanım Əliyeva həm Heydər Əliyev Fondunun rəhbəri, həm də birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həlli yolunda cənab İlham Əliyevlə birgə addımlayıb. Cənab İlham Əliyevin yürütdüyü siyasətin ən böyük dəstəkçisi olan Mehriban xanımın əvəzsiz xidmətlərinin, əlbəttə ki, bundan sonrakı illərdə də şahidi olacağıq. 
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir. Prezident İlham Əliyevin bütün layihələrinin uğurla reallaşmasında böyük dəstəyi olan Mehriban xanım Əliyeva bu gün Müzəffər Ali Baş Komandanla birgə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında əvəzsiz xidmətlər göstərir. Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyeva dövlət başçısı ilə birlikdə üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Elə buna görə də xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsindəki müstəsna rolu və mövqeyi təqdir edilir. Mehriban xanımın Azərbaycan naminə yürütdüyü şərəfli missiya xalqın cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsini təmin edir, dövlətçilik kursumuza çevrilən Əliyevçilik siyasi xəttini daha da möhkəmləndirir. 

 

Zəfər seçkisi - Naxçıvanın 100 illik yubileyinə mühüm töhfə 

 

Ölkəmizdə reallaşan bütün prezident seçkilərində aktiv rol oynayan Naxçıvan Muxtar Respublikası da bütöv Azərbaycanda keçirilən Zəfər seçkilərində bir daha öz nümunəsini ortaya qoydu. 
Bütün bunları həm seçkilərə hazırlıq prosesində, həm də səsvermə günü Naxçıvanda şahidlik etdiyim reallıqlara əsasən söyləyirəm. Hələ seçkilərdən öncə seçicilərimlə görüşərkən onlar birmənalı şəkildə seçkilərdə iştirak edəcəklərini və ən layiqli namizədə səs verəcəklərini bəyan edirdilər. Fevralın 7-də bu, bir daha təsdiqini tapdı. 
Milli Məclisdə təmsilçisi olduğum Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınmışdı. Səsverməyə start verildiyi andan muxtar respublika sakinləri seçkilərdə fəal iştirak etməyə başladılar. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülmüşdü. 35 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkün oldu.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermə hüququmdan istifadə edərkən şahidi olduğum mənzərə isə qürur hissi yaşatdı. Həm məntəqədə təşkil olunmuş qeydiyyat prosesi, həm seçici fəallığı mükəmməl idi. 
Saat 19:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz göstərilirdi. Səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın şəhər və kəndlərində sakinlər küçələrə axışıb, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımızı dalğalandırmaqla və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd etməyə başladılar. Bu, Naxçıvan əhalisinin cənab İlham Əliyevə olan sevgisinin, inamının, böyük etimadının real mənzərəsi idi. 
Ümumiyyətlə, Naxçıvan sakinləri hər zaman seçkilərdə yüksək fəallıqları ilə fərqləniblər və fevralın 7-də bu, bir daha təsdiqini tapdı. Naxçıvanlılar hər zamankı kimi, bu seçkilərdə də aktiv iştirak edərək Azərbaycanın işıqlı sabahına səs verdilər. 
Bu seçkilərin həm də Naxçıvan üçün xüsusi özəlliyi oldu. Çünki bütöv Azərbaycanda keçirilən 2024-cü il 7 fevral tarixli ilk prezident seçkiləri muxtar respublikanın 100 illik yubileyinə təsadüf etdi. 
Məhz bu gün - fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvan diyarı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi ilə bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. 
Bu gün Naxçıvan Muxtar Respublikası dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. 
Cənab İlham Əliyevin ötən il iyulun 5-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi hesab olunur. Dövlət başçısının sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern tərəqqisi geniş vüsət almağa başlayıb. Səlahiyyətli nümayəndənin icrasını reallaşdırdığı tapşırıqların  mənzərəsi Naxçıvanın yeni hədəflərə doğru düzgün yolda olduğunu təsdiqləyir.  
Bir sözlə, Naxçıvan əhalisi Zəfər seçkisində cənab İlham Əliyevə etimad mandatı verməklə həm də daha möhtəşəm gələcəyə səs vermiş oldu. Xalqdan etimad mandatı alan  Prezident İlham Əliyev isə yeni milli ideya ilə yeni dövrə başlayacaq. Bu ideya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün artırılmasına, xalqımızın milli birliyinin daha da möhkəmlənməsinə və xarici düşmənlərimizə qarşı daha mətinləşməsinə səbəb olacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video