Ulu Öndər Heydər Əliyev xalqın tarixinin hər səhifəsinin qədrini bilib, olanların qayğısına qalmağa, təhlükədən qorumağa, pozulanları bərpa etməyə çalışıb və bütün dövləti bunun üçün səfərbər edib.
Özünün də dediyi kimi, "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir". Bir dövlətin hərbi gücü zəruridir, çünki namərd qonşular bunu şərtləndirir. Lakin milli-mənəvi güc bir millətin varlığının identikliyinin qorunması üçün zəruridir, yoxsa heç bir hərbi müdaxilə olmadan özü-özünü daxildən məhv edər.
Hər xalqın eposu olmur. Qəhrəmanların şəninə çox nəğmələr qoşulsa da, nağıllar, dastanlar söylənsə də, bu, hər zaman epos səviyyəsinə qədər qalxmır. Dastanlar məhz bir millətin vətəninin qorunmasının, torpağı vətənə çevirib sevdirən qəhrəmanların tarixi olanda eposluq səviyyəsinə ucala bilir. Azərbaycan belə nadir xalqlardan biridir. Bu danılmaz həqiqəti bilən Ulu Öndər onu hər kəsin də dərk etməsini təmin etmək üçün eposların, dastanların yubileylərini nəinki dövlət, hətta dünya səviyyəsində qeyd etməyi vacib sayırdı. 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclasında deyirdi: "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsidir. Ona görə də, demək, bu, bizim ana kitabımızdır. Bu kitabın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər. Bu, bizim xalqımızın çoxəsrlik tarixində yeni bir mərhələdir". Hər nə qədər eposlar, dastanlar qəhrəmanlığın, şərəf mübarizəsinin tərənnümü olsa da, onlar dinc dövrün məhsuludur. Bu o deməkdir ki, xalqın qılıncı ilə yanaşı, qələminin də gücü var. Əslində, Heydər Əliyevin XX əsrdə etdikləri məhz qələmin gücünün nümayişi idi.
Türkün vətəni qılıncı çatan, atının dırnağı dəyən hər yerdir. Bunu sübut etmək üçün Ulu Öndər dünyanın hansı bucağında bir azərbaycanlı mütəfəkkir, dövlət xadimi olubsa, mütləq onu millətinə xatırlatmağı özünə borc bilib, çünki özünün də vurğuladığı kimi, "Beləliklə, xalqımız öz tarixini, keçmişini daha dəqiq bilərək daha da məğrur insan, azərbaycanlı, vətəndaş olur. Bu, çox mühüm məsələdir. Çünki dövlət müstəqilliyini əldə etmək, dövlət quruculuğunda dəyişikliklər yaratmaq və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə getmək böyük bir prosesdir".
Bu işlər hələ Sovet İttifaqı dövründə də aparılırdı. 1972-ci ildə Aşıq Ələsgərin 150, 1973-cü ildə Nəsiminin 600, 1981-ci ildə Nizami Gəncəvinin 840, Aşıq Alının 180 illik yubileylərinin beynəlxalq səviyyədə keçirilməsi, heykəllərinin ucaldılıb, haqlarında filmlərin çəkilib, araşdırmaların aparılması Moskva səviyyəsində gedən gərgin müzakirələrin, güclü siyasətin nəticəsi idi. Məqsəd öz müstəqil varlığını, kökünün mövcudluğunu daim xatırlamaq və xatırlatmaq idi. Bütün bunlar millətlərin kimliyini yox etməyə çalışan imperiya siyasətinə tamamilə zidd idi. Lakin əldə olunan uğurlu nəticələrdən belə görünür ki, Heydər Əliyev hər dəfə öz məqsədinə nail ola bilib.
Tarixi köklərinin sabitliyindən əmin olan, arxasında onun qayğısını çəkən dövlətin olduğuna inanan millətin özgüvəni də böyük olur. Dövlət nə qədər mürəkkəb bir sistem olsa da, hər vətəndaş orada öz yerini görməyənə qədər, Vətənlə arasında mənəvi bağ da yaranmır. Azərbaycan dünya coğrafiyasının ən uğurlu məkanlarından birində - Şərq və Qərbin qovşağında, zəngin təbii sərvətli ərazidə yerləşir. İnsanları da bu təbiətə uyğundur. Təsadüfi deyil ki, dünya düşüncə tarixində Azərbaycan mütəfəkkirlərinin də layiqli imzaları var, NASA-nın kosmosa göndərdiyi "Yerdən səslər" arasında Azərbaycan muğamı da səslənir, nadir istedadlar sırasında azərbaycanlıların da adı çəkilir. Elə bu səbəbdəndir ki, Azərbaycan qədimdən bəri həm uzaq yerlərin işğalçılarının diqqətini cəlb edib, həm də yaxın qonşuların məkrli planlarının mərkəzində olub. Bu məkanın tükənməz təbii sərvətlərinə, əlverişli coğrafi yerləşməsinə sahib olmaq istəyən xainlər çoxdur. Hünər bu xainlik arasında özünə inamı qoruyub saxlamaq, öz mənəviyyatına sadiq qalmaqdır. Heydər Əliyev deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, bizim xalqımız, Azərbaycan xalqı, millətimiz, yəni hər bir Azərbaycan övladı bütün xarici və daxili aləmi ilə çox gözəldir". Bu, ölkə rəhbərindən nəinki öz dövlətinin vətəndaşlarına, hətta bütün dünya azərbaycanlılarına ünvanlanmış bir çağırışdır: harada olursunuzsa olun, sizin gözəl, fəxr ediləsi bir Vətəniniz var.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz daxili bir cazibə qüvvəsi ilə üzünü Azərbaycana tutur. 2002-ci ildə həmin gün Ulu Öndər öz təbrikində deyirdi: "Azərbaycan xalqı uzun əsrlər boyu yadelli işğalçıların zülmlərinə məruz qalmış, öz şərəfli tarixini şəhidlərinin al qanı ilə yazmışdır. Bu ağır zərbələrə ləyaqətlə sinə gərən soydaşlarımız bir çox hallarda doğma torpaqlarından uzaq düşmüş, Vətənindən ayrı yaşamağa məcbur olmuşlar. Lakin öz xalqının taleyini, gələcəyini düşünən qardaş və bacılarımız Azərbaycanın istiqlal mücadiləsini bir an belə yaddan çıxarmamış, müstəqil dövlətçiliyimiz uğrunda fəal mübarizə aparmışlar". Heydər Əliyev xarici səfərləri zamanı mütləq orada olan azərbaycanlılarla, tələbələrlə görüşməklə yanaşı, oranın torpağında uyuyan görkəmli azərbaycanlı şəxsiyyətlərin məzarlarını da ziyarət edirdi. Bunu imperiya dövründə də edirdi, müstəqillik qazanandan sonra da. Belə ki, 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi kimi Suriya Ərəb Respublikasında səfərdə olanda o, dahi şair Nəsiminin, 1993-cü ildə isə müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq Fransaya ilk səfərində XX əsrin əvvəllərində Azərbaycan Respublikasının ilk qurucularından olmuş və qürbətdə vəfat etmiş Əlimərdan bəy Topçubaşovun Sen-Klu qəbiristanlığındakı məzarını ziyarət etmişdi. Bu, görkəmli Azərbaycan oğullarının ruhuna ehtiram, eyni zamanda uzaq məsafədən öz vətənləri ilə arada görünməz müqəddəs bir əlaqənin bərpası idi.
Bəli, hər xalqın taleyində enişlər, yoxuşlar, uğurlu günlərlə yanaşı, ağır sınaqlar da olur. Bunların hamısından eyni şərəflə keçib inkişafını davam etdirməyin ən vacib şərtlərindən biri millətin özgüvəninin qorunmasıdır. Bu, haradansa kənarda təlqin olunan bir hiss deyil, xalqın öz ruhuna mənsub olmalıdır. Məhz xalqın ruhunu tanıyan və sevən şəxs nəinki o hissin varlığından xəbərdardır, həm də onun sarsılmaması, daha da möhkəmlənməsi üçün əlindən gələni edir. 1990-cı il 20 Yanvar hadisələrini təhlil edən Ulu Öndər çıxışlarının birində deyirdi: "Xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatmışdır. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi". Güclü, özünə güvənən vətəndaş güclü dövlət deməkdir. Bunu bilən həqiqi lider də dövlətini məhz daxildən gücləndirməyə çalışır - hər vətəndaşının ruhunu sabitləşdirməklə, onun özgüvənini artırıb, şəxsiyyətinə dəyər verməklə.
Azərbaycan xalqı XX əsrin əvvəllərində bir dəfə cümhuriyyət qurub, cəmi 23 ay sonra ondan məhrum olmaq kimi acı bir təcrübə yaşamışdı. Eyni əsrin sonlarında yenə qanı, canı bahasına müstəqillik qazananda eyni qorxu, təşviş haradasa şüuraltında yaşamaqda idi. Ümumiyyətlə, 90-cı illər bütün postsovet məkanında qeyri-müəyyən, hətta təhlükəli illər idi: 70 illik imperiya dağılmış, yeni qurulan sistemlərin nə qədər uzunömürlü olacağı böyük bir sual altında idi. Belə bir vaxtda, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi" Azərbaycanın gələcəyini bir növ 30 illik müddətə "sığortaladı". Söhbət hansısa iqtisadi gəlirdən, xarici şirkətlərlə əməkdaşlıqdan yox, məhz Azərbaycan vətəndaşında yaradılan inamdan, əminlikdən gedir. Həmin müqavilənin imzalanmasında Ulu Öndər öz nitqində bu məqamı vurğulamışdı: "Müqavilə 30 il müddətinə bağlanır. Deməli, qarşımızda uzun bir yol var və böyük işlər, böyük vəzifələr durur". "Əsrin müqaviləsi" neft şirkətləri ilə əməkdaşlıq adı altında dünyaya Azərbaycanın varlığının, müstəqilliyinin, superdövlətlərlə bərabərhüquqlu tərəfdaş olmaq gücünün bəyanı idi.
Xalq öz kökünü tanıdığı qədər ucadır və özünə kimliyini təsdiq etdiyi qədər hörmətə layiqdir. Ulu Öndər Heydər Əliyev bunu bütün dərinliyi ilə dərk edirdi və ona görə də onu həm dövlətin prioritet məsələləri sırasına daxil edirdi, həm də onların qorunmasını şəxsən özünün ən böyük məsuliyyəti hesab edirdi.
Könül BÜNYADZADƏ,
AMEA-nın müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru