31 Iyul 2024 20:23
146
SİYASƏT
A- A+

Türkiyəli ekspert: Ankara-İrəvan dialoqu Azərbaycan-Ermənistan danışıqları ilə qarşılıqlı əlaqəlidir

 

Türkiyə ilə Ermənistan arasında davam edən dialoq prosesini Bakı və İrəvanın sülh danışıqlarından ayırmaq mümkün deyil. Bu proseslər bir-biri ilə bağlıdır. Bunu Türkiyə və Azərbaycanın liderləri dəfələrlə və açıq şəkildə bəyan ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Haber Türk” telekanalına açıqlamasında Ankara Universitetinin professoru Yıldız Deveçi Bozkuş Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin iki ölkənin dövlət sərhədində keçirilən son görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma tempi Bakı ilə İrəvan arasında dialoqda irəliləyişlə paralel olacaq. “Ermənistan tərəfinin Azərbaycanla sülhə hazır olduğu barədə bəyanatları hər iki məsələdə tezliklə müsbət irəliləyişə ümid verir”, -deyə professor qeyd edib.

Bozkuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsinin nəticələri fonunda Ankaranın İrəvanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğu barədə sözlərinə istinad edib: “Prezident Ərdoğan açıq şəkildə bildirdi ki, İrəvan revanşizmdən, qonşu dövlətlərə qarşı mənfi münasibətdən əl çəksə, o zaman regionda yeni dialoq və əməkdaşlıq prosesi başlaya bilər. Eyni zamanda, “3+3” dialoq platforması da bunun üçün stimul olardı”.

Ekspert Ankara ilə dialoqla bağlı İrəvanın mövqeyinin tədricən dəyişməsinə diqqət çəkib. “Əvvəllər üçüncü ölkələrdə Türkiyə ilə dialoq qurmaqda israrlı olan Ermənistan xarici platformalardan istifadə etmədən birbaşa təmaslar istiqamətində mövqeyini yenidən nəzərdən keçirir”, –deyə Bozkuş bildirib.

O xatırladıb ki, Ermənistan tərəfinin təklifi ilə Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin əvvəlki görüşləri Moskva və Vyanada keçirilib. “Son 2 ildə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşü dövlət sərhədində baş tutub. Danışıqların növbəti mərhələsinin Ankara və ya İrəvanda keçirilməsi tamamilə mümkündür”, -deyə Ankara Universitetinin professoru bildirib.

Eyni zamanda, Bozkuş bir daha vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə dialoqda irəliləyiş Ankara ilə İrəvan arasında dialoq üçün mühüm amil olaraq qalır.

Bundan əlavə, münasibətlərin tam normallaşması üçün Türkiyə və Ermənistan bir sıra digər məsələlərdə, xüsusən də 1915-ci il hadisələri ilə bağlı konsensusa gəlməlidirlər.

Professor hesab edir: “Azərbaycan torpaqlarının işğalı problemi həll edilib. Bundan başqa, Ermənistanda Serj Sarkisyan kimi radikal siyasətçilərin hakimiyyətdən getməsinin nəticələri açıq-aşkar müşahidə olunur. İrəvan tərəfdən Ankaraya müsbət siqnallar var. Məsələn, baş nazir Nikol Paşinyanın Ermənistanın gerbindəki Ağrı dağının təsviri ilə bağlı tənqidi açıqlamaları diqqətdən yayınmayıb. Türkiyə digər erməni rəsmilərinin 1915-ci ildə həlak olan ermənilərin siyahılarının olmaması ilə bağlı açıqlamalarını da diqqətə alıb. Ona görə də görünür ki, dialoq prosesi sürətlənəcək və biz xüsusi nümayəndələrin növbəti görüşü üçün daha iki il gözləməli olmayacağıq”.

Bozkuş normallaşma istiqamətində növbəti addımlardan birinin Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası olacağını istisna etməyib. O vurğulayıb: “Bu yol daha mühüm nəqliyyat layihəsinin - Zəngəzur dəhlizinin bir hissəsi olacaq və regionun bütün ölkələrinin inkişafına töhfə verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video