Son 20-25 ildə baş verən qlobal dəyişikliklər prizmasından yanaşsaq görərik ki, bu müddət ərzində qlobal güc balansında baş verən dəyişikliklər fonunda həm regionda, həm də dünya miqyasında yeni böhran ocaqları formalaşmağa başlayıb. Biz bunları “dondurulmuş münaqişələr” kimi xarakterizə edirik.
Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç deyib.
Onun sözlərinə görə belə münaqişələrdən biri də Azərbaycan ilə Ermənistan arasında olan qarşıdurma idi və bu proses Qarabağ Zəfəri ilə nəticələndi. Bununla yanaşı, bu gün Yaxın Şərqdə, Qafqazda, Şimali Avropada və Şimali Afrikada müxtəlif coğrafiyalarda yeni problemlərlə üz-üzəyik. Belə bir mürəkkəb dövrdə Türkiyə və Azərbaycan yüksələn iki regional güc kimi ön plana çıxır. Əgər bu proses davam edərsə və milli güc elementləri daha rasional şəkildə istifadə olunarsa, Türkiyə və Azərbaycanın qlobal balanslara təsir edən orta güc statusunu gücləndirməsi ehtimalı artır.
Hüsamettin İnanç bildirib ki, son hadisələr də bunu təsdiqləyir: “İran–ABŞ–İsrail qarşıdurması, eləcə də Rusiya–Ukrayna müharibəsi fonunda hər iki ölkənin geosiyasi təsir əmsalı getdikcə artır. Xüsusilə İran üzərindən gedən proseslər göstərir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Qətər və potensial olaraq Azərbaycanın da daxil olacağı yeni regional əməkdaşlıq platforması formalaşa bilər. Bu platforma regionun öz problemlərini xarici müdaxilədən kənar şəkildə həll etməsinə imkan yarada bilər. Bu yanaşma beynəlxalq səviyyədə də dəstək qazanır. Aralıq dənizi hövzəsində İspaniya, İtaliya, Fransa kimi Avropa ölkələri, eləcə də Böyük Britaniya yeni geosiyasi yanaşmalar bu istiqamətdə formalaşan əməkdaşlıq modelinə yaxın mövqe sərgiləyir. Türkiyə və Azərbaycan isə bu proseslərin mərkəzində yer alır”.
Ekspert vurğulayıb ki, hazırda dünyada enerji siyasəti, boru kəmərləri və logistika üzərindən ciddi siyasi transformasiya baş verir. Bu transformasiyada həm Türkiyə, həm də Azərbaycan əsas rol oynayan aktorlardır. Hər iki ölkə enerjinin paylanma mərkəzi funksiyasını yerinə yetirərək öz geosiyasi çəkisini daha da artırır.
“Orta Şərqdə baş verən müharibələr və qeyri-müəyyənliklər Azərbaycan və Türkiyə üçün yeni imkanlar yaradır. Körfəz ölkələrinin ABŞ-nin təhlükəsizlik çətiri altında əvvəlki kimi özünü rahat hiss etməməsi İstanbulun maliyyə mərkəzi kimi rolunu gücləndirə bilər. Digər tərəfdən, Körfəz və xüsusilə İranın enerji tədarükündə gözləntiləri tam qarşılaya bilməməsi Azərbaycanın əhəmiyyətini daha da artırır. Bu kontekstdə Trans-Xəzər və ümumilikdə Avrasiya məkanı Avropanın enerji ehtiyaclarını qarşılayan əsas mərkəzlərdən birinə çevrilir. Bu isə Azərbaycanı regionda unikal və əvəzolunmaz aktor kimi ön plana çıxarır. Çünki enerji bu gün xarici siyasəti müəyyən edən əsas amillərdən biridir və Azərbaycan bu sahədə yeni geosiyasi reallıq formalaşdırıb”.
Ekspert sonda qeyd edib ki, bu proseslər fonunda Antalya Diplomatiya Forumu xüsusi əhəmiyyət daşıyır: “Forum regionda yeni ittifaqların və əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından mühüm platformadır. Xüsusilə Orta Şərqdə baş verən yenidənqurma proseslərinin regional əməkdaşlıq modelinə çevrilməsi istiqamətində ciddi addımların atılması gözlənilir. Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi yeni təşəbbüslər də bu platformanın əsas nəticələrindən biri kimi ortaya çıxa bilər”.