02 Aprel 2024 17:51
333
SİYASƏT
A- A+

“TRT Haber”: Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?

 

Türkiyənin “TRT Haber” agentliyi son dövrlər Fransa hökumətinin regiona artan marağı, xüsusilə Ermənistana dəstəyi ilə bağlı məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?” sərlövhəli məqalədə İkinci Qarabağ müharibəsindən sonra “Ermənistanın yeni himayədarı” kimi ortaya çıxan Fransanın bölgəni yenidən alovlandıra biləcək addımlar atdığı vurğulanır.

Qeyd edilir ki, Fransanın Zəngəzur dəhlizindən çox narahat olduğunu dilə gətirən ekspertlərin fikrincə, Afrikadakı müstəmləkələrindən qovulan rəsmi Paris bu addımlarla Türkiyəyə təzyiq göstərmək istəyir.

“TRT Haber”in müxbiri Sertaç Aksanın müəllifi olduğu yazıda vurğulanır ki, son vaxtlar Fransanın adının ən çox səsləndiyi yerlərdən biri də Ermənistandır. Paris burada addımlarını gah açıq, gah da kəşfiyyat təşkilatları vasitəsilə gizli şəkildə atır.

Eyni günllərdə dərc olunan iki müxtəlif xəbərə diqqət çəkən müəllif bu yazıların, əslində, bölgə ilə bağlı əhəmiyyətli ipucları verdiyini bildirib.

“Fransanın “Le Figaro” nəşrində yayımlanan məqalədə Paris-İrəvan münasibətləri ilə bağlı maraqlı detallar yer alıb. Yazıda irəli sürülən iddialara görə, Fransa Prezidenti Makron Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı bəzi addımlar atmaq istəyib. Bunların arasında Laçın dəhlizindən keçmək, Avropadan Azərbaycanla bağlı birgə qınaq qərarı tələb etmək, Vatikandan açıqlama gözləmək kimi mövzular olub.

Xəbərdə diqqət çəkilən ikinci məqalədə bildirilir ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlayır və Bakının milli təhlükəsizliyinə xələl gətirəcək casus şəbəkəsi yaratmağa çalışır. Bu faktlara nəzərə salanda aydın olur ki, Fransa Ermənistan məsələsində yeni “qapı” açmağa çalışır. Bundan əlavə, Fransanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi, Makronun açıqlamaları və Avropa İttifaqından tamamilə fərqli fikirləri də diqqətləri Parisə yönəldir. Digər tərəfdən Ermənistan üzərindən qurulan istənilən oyun Türkiyəni də yaxından maraqlandırır.

Mütəxəssis rəylərinə əsasında hazırlanan məqalədə vurğulanır ki, Vətən müharibəsində məğlubiyyətdən sonra rəsmi Moskvadan dəstək görməyən İrəvan hökuməti Avropa İttifaqı və NATO-ya üz tutub. Burada da Fransa işə qarışaraq İrəvanın və Paşinyanın “müdafiəçisi” rolunu öz üzərinə götürüb, siyasi addımlarını da məhz bu istiqamətdə atmağa başlayıb. Məsələn, Fransanın xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı Ağrı dağının fotosunu paylaşıb “Ermənistana yenidən qayıtdım” yazaraq İrəvana hər cür hərbi yardımın edilə biləcəyini açıqlamışdı.

Məqalənin “Fransanın “qarnının ağrısı” Zəngəzur dəhlizidir” yarımbaşlıqlı hissəsində Qarabağ Zəfərindən sonra imzalanan sazişin ən mühüm maddələrindən birinin də Azərbaycanla Naxçıvan arasında yeni nəqliyyat əlaqəsinin açılması olduğu qeyd edilir.

Müəllif bölgə üzrə mütəxəssis - Türkiyənin Atatürk Universitetinin dosenti Savaş Eğilmezin bununla bağlı fikirlərinə də yer verib: “Fransanı narahat edən məhz Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin reallaşması ilə Türk dünyasının ticarət, logistika və siyasi əlaqələri güclənəcək. Zəngəzur həm Türk dünyasının, həm də bölgənin parlayan ulduzu olacaq”. Eğilmezin fikrincə, regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərb qüvvələri, o cümlədən Fransa Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldur və aralarında terrorçuların da olduğu yaraqlıları regiona yerləşdirilir, bölgə silahlandırılır.

Yazının “Ciddiyə alınmamaq kompleksi Makronu səhvə sürükləyir” hissəsində ekspert qeyd edib: “Fransada 600 mindən çox yaxşı təşkilatlanmış və təsür imkanları olan erməni var. Bunu gözardı etmək olmaz. Fransa və onun lideri Makron, əslində, “ciddiyə alınmamaq kompleksi” ilə Avropanın liderliyi üçün oynayır. Bunu o qədər həvəslə və tələsik edir ki, bu da Fransa üçün ciddi səhvlərə gətirib çıxarır. Makron xüsusilə Türkiyə və Azərbaycana üzərinə gələrək Afrika itirdiyi nüfuzunu unutdurmağa çalışır. Üstəlik, o, “Ukraynaya əsgər göndərək” kimi qəribə ifadələri ilə həqiqətən də gülünc vəziyyətə düşür.

Məqalənin “Afrika və Qafqazın hesabını Türkiyəyə kəsmək istəyirlər” yarımbaşlıqlı hissəsində isə vurğulanır ki, məsələ hər nə qədər Fransa-Ermənistan və təbii olaraq Azərbaycana təsir etsə də, bütün bu hadisələrin inkişafını Türkiyəyə təsirsiz ötüşəcəyini düşünmək mümkün deyil.

Ankaradan ümumi mənzərənin necə göründüyünə də toxunan ekspert Fransanın son dövrdəki siyasətində Türkiyə üçün ayrıca bir başlıq açmağın zəruri olduğunu vurğulayaraq deyib: “Hətta bu başlıqları iki alt başlıqla bəzəyə bilərik: Afrikada Türkiyə və Qafqazda Türkiyə. Hər iki vəziyyət Fransanın yuxusunu qaçıracaq səviyyədə Türkiyənin xeyrinə inkişaf etməkdədir”.

Eğilmezin sözlərinə görə, bir-birinin ardınca Afrikadakı müstəmləkələrindən qovulan Fransa bunun əsas səbəbi kimi Türkiyəni görür.

Yazıya əlavə edilən infoqrafikada 2010-cu illərdən etibarən Fransa koloniyalarında mərkəzi hökumətə qarşı etirazların artması və bu bölgələrdə idarəetmə sisteminin dəyişməsinin Parisi qitədən ayrılmaq məcburiyyəti qarşısında qoyması, onun müstəmləkələrdən geri çəkilməsi mərhələli şəkildə izah edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video