22 Iyul 2024 15:20
95
SİYASƏT
A- A+

“The Jerusalem Post”: Azərbaycanın zəngin tarixini və mədəniyyətini kəşf edin

 

İsraildə ingilis dilində nəşr olunan ən çoxtirajlı və populyar qəzetlərdən biri olan “The Jerusalem Post”da bazar günü, iyulun 21-də Azərbaycanın tarixi, mədəniyyəti və görməli yerlərinə həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1991-ci ildə milli dövlət kimi tam müstəqillik qazanan ölkədə 26 müxtəlif etnik qrupun – fərqli adət-ənənələrin və mədəniyyətlərin daşıyıcılarının nümayəndələrinin yaşadığı bildirilir. Müəlliflər yazırlar: “Azərbaycan dünyanın hər yerindən, o cümlədən İsraildən çoxlu turist cəlb edir. Təl-Əvivdən dinamik, canlı və gəzinti üçün maraqlı olan paytaxt Bakıya həftədə bir neçə reys həyata keçirilir. Azərbaycan paytaxtının mərkəzində siz orta əsrlər, Avropa və müasir memarlığın möhtəşəm nümunələrini görə bilərsiniz. Şəhərin müxtəlif məkanlarında özünüzü Berlində, Vyanada, Dubayda və ya hətta Dubrovnikdə olduğu kimi hiss edə bilərsiniz”.

Qeyd olunur ki, Azərbaycan müsəlman ölkəsi olsa da, İsraildən gələn qonaqları həmişə səmimi qarşılayır və Bakının özündə bir neçə yəhudi sinaqoqu var. Məqalədə onlardan biri - şəhərin mərkəzində dövlət vəsaiti hesabına tikilmiş və 2011-ci ildə istifadəyə verilmiş dağ yəhudilərinin yeni sinaqoqu ətraflı təsvir olunur.

Nəşrdə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt məskunlaşdığı yeganə yer olan paytaxtdan ikisaatlıq məsafədə yerləşən Quba rayonunun Krasnaya Sloboda qəsəbəsi haqqında məlumat xüsusi yer tutur. Bundan əlavə, Krasnaya Sloboda həm də İsrail və ABŞ-dan kənarda sonuncu yəhudi yaşayış məskəni hesab olunur.

Diqqətə çatdırılır ki, qəsəbənin ən görməli yerlərindən biri də Dağ Yəhudiləri Muzeyidir. Muzey eksponatları və multimedia təqdimatları yerli icmanın tarixindən, Azərbaycandakı yəhudi irsindən, dağ yəhudilərinin adət-ənənələrindən, habelə Krasnaya Slobodadan çıxmış məşhur insanlardan bəhs edir. Qəsəbədə fəaliyyət göstərən sinaqoqlar da az maraqlı deyil ki, onlardan biri də XIX əsrin memarlıq abidəsi olan məşhur Altı günbəzli sinaqoqdur.

Məqalə oxucuları zəngin və rəngarəng Azərbaycan mətbəxi ilə tanış edir, həmçinin ölkədə əla şərabların istehsal edildiyini qeyd edir. Şərab zavodlarından biri paytaxtın yaxınlığında yerləşir. Şərab zavoduna gedən yolda turistlər məşhur palçıq vulkanlarını, hündür zirvəsi olan dağlarını və safari parkını görə bilərlər. Bu müəssisədən 45 dəqiqəlik məsafədə Azərbaycanın çoxəsrlik dəmirçilik ənənələrinin mühüm məkanlarından biri olan Dəmirçi kəndi yerləşir.

Oxucuları Bakının görməli yerləri ilə tanış olmağa dəvət edən müəlliflər paytaxtın yeni rəmzlərindən birinə çevrilmiş müasir memarlığın şah əsəri - Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, “Alov qüllələri” göydələnləri, Şəhidlər xiyabanının yerləşdiyi, şəhərə və Xəzər dənizinə möhtəşəm mənzərəsi olan Dağüstü park haqqında bəhs edirlər.

“İçərişəhərdə isə siz Bakının qədim simvolunu və paytaxtın ən ecazkar yerlərindən birini - Qız qalasını görmək və Köhnə şəhərin dar küçələrində gəzmək imkanı əldə edəcəksiniz. Yerli sakinlərlə söhbətlər də İsraildən gələn qonaqlara xüsusi təəssürat bəxş edəcək. Əgər sizdən haralı olduğunuzu soruşsalar, qürurla israilli olduğunuzu deyə bilərsiniz və bunun müqabilində səmimi əl sıxma və ya qucaqlaşmaqdan təəccüblənməyin”, - deyə “The Jerusalem Post” yazır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video