Müdriklərdən biri deyir ki, iki cür yolgöstərən
var: biri öz yolunu başqalarına təlqin edir, digəri isə insanlara onların öz düzgün
yollarını tapmaqda yardımçı olur.
Böyük liderlər zəmanələrinin mürşidləri kimi
insanlara ən düzgün yolu tapmaqda kömək göstərirlər. Dövrünün görkəmli maarifpərvərlərindən
olan Nəriman Nərimanov vaxtilə yazırdı: "Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz
ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, gedib qabağa,
tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”.
Xoşbəxt o xalqdır ki, özünə rəhbər seçib
taleyini etibar etdiyi Lider ona yolun ən düzgününü nişan verir. Bu, elm və təhsil
yoludur. Bu sahəyə qayğı göstərən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin
iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük
töhfələr verir.
Tarix zaman-zaman sübuta yetirib ki, bir
xalqın inkişafı üçün bu yoldan daha müqəddəs bir yol yoxdur. Dünyanın bütün qabaqcıl
xalqları öz hədəflərinə yalnız elmin, təhsilin, biliklərin gücü ilə çatıblar. Xalqın
yetirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatlarını insanlara məhz bu həqiqəti
çatdırmağa sərf ediblər. Təhsilin, elmin imkanlarının hər kəs üçün əlçatanlığı naminə
yaşayıblar.
Təhsil insanın fərdi azadlıqlarının əsas
mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları
mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində
bərqərar olan ictimai azadlıqlar qazandırır.
İnsanların maraqları, zövqü, dünyagörüşü,
həyat tərzi və s. məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan
elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın.
Bu da təbiidir.
Çünki cəmiyyətin hər bir üzvü təhsil sisteminin
içində yetişir. Bu mühitdə qazandığı müsbət meyilləri də, təhsil mühitində fərdi
dünyasından kənarlaşdırmağa müvəffəq ola bilmədiyi mənfi təzahürləri də öz davranışları
ilə sosial münasibətlər sisteminə daşıyır.
Bu baxımdan, sosial-iqtisadi həyatın müasirləşdirilməsində
təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə
çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar,
həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli
üzvü olması üçün münbit zəmin yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək
olan həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Ona görə də tarixin bütün dövrlərində təhsil
insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları
isə bu əhəmiyyəti daha da artıraraq təhsildə həlli vacib olan bir sıra məsələləri
dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə
təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının
daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır.
Təhsil tariximizdə yeni bir mərhələ
Bir neçə vaxt
əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizə
yeni Təhsil naziri təyin edildi. Dövlət rəhbərimiz tərəfindən xarici ölkələrin nüfuzlu
ali məktəblərində təhsil almış bacarıqlı, yenilikçi, peşəkar bir gəncə bu yüksək
vəzifəyə etimad göstərilməsi gənc nəslin gücü ilə cəmiyyətdə səmərəli dəyişikliklər
yaratmaq məqsədinin daha bir təzahürü kimi rəğbətlə qarşılandı. Bununla Prezident
milli təhsil tariximizdə xüsusi bir mərhələnin başlanması arzusunu ifadə etdi. Əminik
ki, Azərbaycanda təhsillə hansı şəkildə isə bağlılığı olan mütləq əksəriyyət bu
mərhələnin mühüm keyfiyyət dəyişikliklərini gündəlik həyatında duyub, məqsədyönlü
fəaliyyət göstərəcək. Yeni Təhsil naziri Emin Əmrullayev 2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici universitetlərdə
təhsil alıb. Bu proqram cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq qəbul
edilmişdir.
Sərəncam imzalanan
gün yeni təhsil nazirini videokonfrans formatında qəbul edərək öz tapşırıqlarını
verən Azərbaycan Prezidentinin çıxışı, toxunduğu bir çox vacib məsələlər yeni bir
gələcəyə mərhələli hazırlığın çağırışı idi. Bu çıxışın hər cümləsində müdrik rəhbərin
həyatımıza strateji baxışı hiss edilirdi. Xalqı gələcəyə hazırlamaq arzusu duyulurdu.
Cənab İlham Əliyevin irəli sürdüyü tezislərdən təhsil işığında Azərbaycan xalqının,
dövlətinin parlaq sabahına doğru aydın yol görünürdü. Bu nitqin leytmotivi Azərbaycan
təhsilinin keyfiyyətini yüksəltməkdən, onun səviyyəsini dünya təhsil standartlarına
bərabərləşdirməkdən, milli-mənəvi-əxlaqi dəyərləri Azərbaycan təhsilinin önündə
yaşatmaqdan ibarət idi. Bu siyasətin mənası xalqa yüksək səviyyədə xidmət etməyi
bacaran, cəmiyyətin xoşbəxt gələcəyini yaradan kadrların yetişməsini təmin etməkdir.
Çünki insanı yetişdirən, cilalayan, məhz təhsildir. Tarixən Azərbaycanın təhsili
milli mentalitetimizin etibarlı keşikçisi, maarifçi babalarımızdan qalan ən dəyərli
xəzinə kimi bugünümüzədək gəlib çatmışdır. Bunun özü qədirbilən xalqımızın yaşatdığı
təhsil siyasətidir. Milli ənənələrimiz, mənəvi-əxlaqi keyfiyyətlərimiz xalqımızın
həyat gücünü, gələcək arzularını əks edən güzgüdür. Bunun sayəsində biz sürətlə
tərəqqi edən bir millət kimi dünya sivilizasiyası dəyərlərinin köklü əhəmiyyətini
dərk edirik.
Ölkəmizin
rəhbəri öz liderlik keyfiyyətləri ilə XXI əsrin Azərbaycanında innovasion elita
yetişdirilməsi siyasətini məhz təhsildən başlayıb. Onun diqqət və qayğısı ilə Azərbaycanın
müasir təhsil modeli yaranıb. Minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində
ölkəmizin inkişafına töhfə vermək üçün peşəkar mütəxəssis kimi yetişir. Bu gün yaşadığımız
modern cəmiyyətin əsas güc mənbəyi zamanı qabaqlayan insan ağlıdır. Bu, yaşından
asılı olmayaraq, innovasiyalara meyilli elitadır, modernləşmə siyasətinin təməl
qoyanlarıdır.
Bu proqram
çərçivəsində minlərlə Azərbaycan gənci xaricdə təhsil arzusuna qovuşdu. Müasir biliklərə,
yeni dövrün innovasiyalarına yiyələndi. Vətənə peşəkar kadrlar kimi dönüb cəmiyyət
həyatının müxtəlif sahələrinə fayda verməyə başladı. Bu gün müxtəlif fəaliyyət sahələrində
özünü göstərən müsbət trendlər, inkişafa doğru dəyişikliklər, həm də bu gənclərin
özləri ilə gətirdikləri mütərəqqi təcrübələrin sayəsindədir. Onların formalaşdırdıqları
xoş ənənələrin təsiridir və bütün bunlar müdrik bir bağbanın, öz xalqının bu gününü
və gələcəyini düşünən dövlət adamının Vətən bağında əkdiyi ağacların barıdır.
Azərbaycanın
yeni Təhsil nazirinin bu gənclərdən biri olması Azərbaycan dövlətinin onları heç
zaman diqqətdən kənarda qoymadığının bariz göstəricisidir. Bu təyinat öz potensiallarını
reallaşdırmaq, Vətənə fayda vermək üçün bu gənclərə yaradılmış şəraiti, onlara göstərilən
dəstəyi aydın nümayiş etdirir.
Bu, həm də
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 100 tələbə ilə əsası qoyulan, sovet Azərbaycanına
rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin siyasəti ilə minlərlə gəncin təhsil
ardınca keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi ilə genişləndirilən
dövlətçilik addımlarının davamıdır.
Azərbaycan
dövləti təhsil almaq üçün xarici universitetlərə göndərilən və məzun olduqdan sonra
xarici ölkələrdə qalıb çalışan gənclərimizin də daim yanındadır. Onlara lazımi dəstəyini
heç zaman əsrigəmir. Çünki bu gənclər xaricdəki istinadgahımız, milli qürurumuz,
uzaqlardakı Azərbaycanımızdır. Bizim ölkə hüdudlarından kənarda eşidilən səsimiz,
sözümüz, nəfəsimizdir. Onların uğurları nə qədər bol olarsa, mövqeləri, dayaqları
nə qədər möhkəmlənərsə, Azərbaycanın da nailiyyətlərinin hüdudları bir o qədər genişlənər,
etibarlı olar.
Ermənistanın
Azərbaycana son hərbi təxribatlarına qarşı dünyanın müxtəlif ölkələrində aksiyalar
keçirən diaspor nümayəndələrimizin fədakarlığını hamımız gördük. Azərbaycanın qanı,
geni, qeyrəti ilə yaşayan təəssübkeşlik özünü bütün dünyaya göstərdi. Belə bir həmrəylik
siyasəti meydana qoyan mütəşəkkil güc Azərbaycanın bu sahədə də xeyli uğurlar əldə
etdiyini göstərdi. Xaricdə təhsil alıb qlobal dünyamızın müxtəlif səmtlərində çalışan,
yaşayan gənclərimizin də burada çox böyük rolu var. Bizi istəməyən qüvvələr zaman
keçdikcə belə gənclərimiz sayəsində qarşılarında qüdrətli Azərbaycan görürlər. Daha
mütəşəkkil, həmrəy qüvvə ilə qarşılaşıb öz yerlərini dərk etməyə məcbur olurlar.
Təhsilin strateji hədəfləri
Cənab İlham
Əliyev, demək olar ki, bütün çıxışlarında
mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini
önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini
verir. Ölkə Prezidentinin yeni Təhsil naziri Emin Əmrullayevin qəbulu zamanı söylədiyi
fikirlərin özəlliyi, mənası və mahiyyəti, proqram xarakterli tövsiyələri təhsildə
müəyyənləşdirilmiş strateji hədəflərə mükəmməl diqqətin yönəldilməsi ilə bağlı idi.
Zənnimizcə,
Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin
mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin
layiqincə yerinə yetirilməsindən asılı olacaq.
Dövlət rəhbərimiz,
ilk növbədə, təhsil sahəsində bu günə qədər aparılan islahatların daha da dərinləşdirilməsi
vəzifəsini aktuallaşdırdı. Məlumdur ki, milli təhsilimizdə islahatlar davamlı xarakter
daşıyır. Bu, həm Azərbaycanın sosial-iqtisadi inkişafından, həm də ümumiyyətlə,
dünyadakı yeni inkişaf trendlərindən irəli gələn prosesdir.
Bu gün dünyanın
əksər ölkələrində təhsil sisteminin təkmilləşdirilməsi transformasiya dövründən
keçir. Çünki müasir çağırışlar dünyada təhsil sistemini büsbütün dəyişir. Əmək bazarında
tələb və təklif mütənasibliyi dəyişir. Bəzi peşələr sıradan çıxır, yerinə yeni peşələr
və istiqamətlər yaranır. Bundan başqa, Azərbaycanda aparılan köklü islahatların
özü də ayrı-ayrı sahələr üzrə beynəlxalq təcrübəyə, mükəmməl bilik və bacarıqlara
malik peşəkar kadrlara tələbatı artırır. Bu da təbiidir. Ölkəmiz qloballaşma proseslərinin
fəal iştirakçısıdır. İqtisadiyyatımız dünya iqtisadi sisteminin tərkib hissəsinə
çevrilib. Biz bu sistemlə birgə inkişaf etməliyik. Tərəqqi imkanlarını reallığa
çevirən isə məhz peşəkar kadrlardır.
Biliklərə
əsaslanan iqtisadiyyata transformasiya əslində informasiya cəmiyyətinin tələblərinə
uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırır. Qara qızılı insan
kapitalına çevirmək labüdlüyü yaranır. Artıq bütün bəşəriyyət anlayır ki, müasir
dünyamızda ən qiymətli sərvət insandır, onun bilik və bacarıqlarıdır. Bu sərvəti
davamlı olaraq zənginləşdirmək və realizə etmək zəruridir.
Cənab İlham
Əliyevin da xatırlatdığı kimi, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin
ölkələrdə əldə edilmiş tərəqqi təhsilin yüksək səviyyəsi ilə bağlıdır. Təhsilin
səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də yüksək dərəcədə şərtləndirir.
Bu, ölkələrin ən yüksək inkişaf səviyyəsinə təbii resurslar vasitəsilə deyil, məhz
bilik, savad, təhsil, elm, yetkin insan ağlının hesabına çatdığını göstərir.
Prezident
İlham Əliyev hələ illər öncə Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi
prosesinin vacibliyini strateji hədəf kimi irəli sürdü və əməli surətdə inkişaf
etdirdi. Bu ali niyyətin reallaşdırılması üçün davamlı islahatlar apardı. Həmin
islahatların təsiri ilə indi ölkəmizdə tamamilə yeni təfəkkürlü, müasir nəsil yetişib.
Gənclər bu gün cəmiyyət həyatının bütün önəmli sahələrində yenilik meyillərini ifadə
edirlər. Yeni nəsillərin bacarıqları, bilikləri, ən müasir texnologiyalara maraqları,
Azərbaycanda müxtəlif tarixi hadisələr zamanı onların fəallığı, təəssübkeşliyi,
təşəbbüskarlığı bütünlükdə cəmiyyətin inkişafından xəbər verən göstəricilərdir.
İnkişaf təhsildən başlanır
Əksər ölkələrdə
olduğu kimi, Azərbaycanda da elm və təhsilin maddi-texniki bazası, eləcə də kadr
potensialı əsasən XX əsrdə formalaşmışdı. Son illərdə isə iqtisadiyyatımız, elmimiz,
təhsilimiz, mədəniyyətimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunub. Həyata
keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı
müasir dünyanın çağırışlarına uyğun tərzdə formalaşdırılır.
Müasir mərhələdə
ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları
qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident cənab İlham
Əliyev mövcud intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın
iqtisadi islahatlarla həmahəng inkişaf etdirilməsi məsələsini öz çıxışlarında dönə-dönə
aktuallaşdırır.
Aparılan köklü
islahatlar ölkənin müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə
sistemlərində, eləcə də özəl sektorda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin,
səhiyyənin və başqa sahələrin müasir standartlara cavab verən yeni bir mərhələyə
keçidini təmin edir. Bu prosesin ən mühüm amili olan kadr potensialının formalaşdırılması
missiyasını isə Azərbaycan təhsili yerinə yetirir. Ona görə də Prezident milli təhsil
sistemimizin ölkənin ümumi inkişafı tələblərinə uyğunlaşdırılmasını, ən müasir çağırışlara
hazır olmasını əsas tapşırıq və istiqamət kimi irəli sürür.
Yeniləşən Vətənin yeni məktəbləri
Son illər
Azərbaycanda təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində çox
böyük, diqqət çəkən işlər görülüb. 3500-dən çox məktəb tikilib. Yaxud əsaslı təmir
edilib. Ali məktəblər üçün yeni binalar, tədris kampusları inşa olunub. Beynəlxalq
təcrübəyə əsaslanan yeni ali məktəblər yaradılıb. Hazırda ən reytinqli xarici ali təhsil müəssisələrinin Azərbaycanda
filialları açılıb. Ölkəmizdə 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir və
onların sayının artırılması perspektivləri mövcuddur.
Ölkə təhsilinin
inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
çox böyükdür. Heydər Əliyev Fondunun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi
var: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində,
xalqımızın xoş gələcəyini yaratmağın əsas istiqamətləridir. Bu gün hər bir dövlətin,
hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur. Xanım Mehriban Əliyevanın rəhbərliyi
ilə uzun illərdir ki, Heydər Əliyev Fondu Ulu Öndərin təməlini qoyduğu və Azərbaycan
Prezidentinin əzmlə davam etdirdiyi təhsil islahatlarına miqyası görünməyən, nadir
dəyərli töhfələr verir. İlk növbədə təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi,
onun keyfiyyətinin yüksəldilməsi, dünya təhsili ilə əlaqələrinin yaradılması prosesinə
daima diqqət yetirir.
Mehriban xanımın
təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli
təhsil tariximizin müstəsna səhifəsidir. Bu layihə milyonlarla vətəndaşımızı, övladlarımızı
yaşadıqları məkanda hər növ şəraitə malik, yeni, işıqlı, müasir məktəblərdə təhsil
almaq arzusuna qovuşdurdu. Həm də təhsili cəmiyyətimiz üçün yeni bir dəyərə çevirdi.
Gənc nəslin keyfiyyətli təhsil almaq, uğurlu karyera qurmaq, cəmiyyətə fayda vermək
arzusunun çıraqbanı oldu.
Məktəblərin
yeniləşməsi və zənginləşməsi prosesi bu gün də davamlı olaraq inkişaf edir. Ucqar
dağ kəndlərində son dərəcə vacib olan modul tipli məktəblər tikilir. Burada məqsəd
keyfiyyətli təhsilin, müasir təhsil infrastrukturunun hər bir Azərbaycan vətəndaşı
üçün əlçatan olmasıdır. Yaxınlığından, uzaqlığından, coğrafi şəraitindən asılı olmayaraq,
hər bir insan üçün yüksək təhsil imkanının yaradılmasıdır. Xanım Mehriban Əliyevanın
təşəbbüsləri təhsildə ictimai düşüncəmizə, dünya ilə informasiya mübadilələri aparmağa,
sosial-tərbiyə təsisatlarımızı qurmağa və bu proseslərin uğurlu həllinə böyük töhvələr
verir.
Müəllim nüfuzu yüksəlir
Ölkədə aparılan
təhsil siyasəti prosesi göstərir ki, bu sahədə infrastrukturun müasirləşdirilməsi
hələ işin yarısıdır. Təhsildə keyfiyyətin təmin olunması üçün də paralel tədbirlərin
görülməsi vacibdir. Azərbaycan Prezidenti təhsildə keyfiyyət amilini şərtləndirən
əsas məsələlərdən biri kimi məhz müəllimlərin peşəkarlığını önə çəkir. Həqiqətən,
təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından keçir. Biliyi şagirdə, tələbəyə
əxz etdirən, ötürən, gəncləri insan, vətəndaş, peşəkar kimi yetişdirən məhz müəllimlərdir.
Bəzən bir peşəkar müəllim aid olduğu icmada çox böyük dəyişikliklər yarada bilir.
Buna görə də biz bu gün müəllim hazırlığına milli dəyərlərimizin, milli həyat gücümüzün
yenidən yaradılması məsələsi kimi baxmalıyıq. Çünki müəllimlər təhsildən, onun islahatlarından
gözlədiklərimizin canlı yaradıcısı, canlı daşıyıcısı, kamil, hərtərəfli insan yetişdirilməsini
təmin edən zəngin bir mənbə olmalıdır. Çünki əsil müəllimsiz əsl müəllim yetişə
bilməz!
İnnovativ
islahatların, informasiya texnologiyalarının vasitəsilə bu gün təhsilimizi çox ağır
durumdan xilas edən distant təhsilin tətbiqi dövründə də bilikli, bacarıqlı, vətəndaş qeyrətli müəllimlərimizin
inkaredilməz fədakar rolunu gördük və qəlbimizdə onlara minnətdarlıq duyğuları yarandı.
Övladlarımızın parlaq gələcəyini yaradan müəllimlərimizin nüfuzu, hörməti qədirbilən
xalqımızın və dövlətimizin nəzərində daha da ucaldı. Bu gün Azərbaycan dövlətinin
həyata keçirdiyi inkişaf layihələri peşəkar müəllimlərimizin sayını artırır. Eyni
zamanda cəmiyyətdə müəllim nüfuzunu yüksəldir. Bu, belə də olmalıdır. Müəllimə verilən
dəyər, hörmət istənilən cəmiyyət üçün müstəsna dərəcədə əhəmiyyətlidir. O cəmiyyət
irəli gedir ki, öz müəllimlərinin qədrini bilir.
Azərbaycanda
müəllim peşəsinə hər zaman böyük maraq göstərilib. Cəmiyyətin ziyalısı kimi eldə-obada
müəllimin nüfuzu əziz tutulub, sözü eşidilib. Son illər dövlətimizin həyata keçirdiyi
tədbirlər bu ənənəvi hörməti daha da yüksəldir. Diaqnostik qiymətləndirmələrdən
uğurla keçən müəllimlərin layiqli həyatının təmin olunması üçün əməkhaqları artırılır.
Onlara əlavə stimul yaradılır. Müəllim sosial təminat etibarilə kifayət qədər yaxşı
yaşayan, heç bir maddi sıxıntısı olmayan peşə sahibinə çevrilir. Son illər müəllim
peşəsini seçən gənclərimizin sayının artması, ali məktəblərə qəbul zamanı ən yüksək
ballar toplamış gənclərin məhz müəllim peşəsinə üstünlük verməsi də bu sənətin cəmiyyətdə
artan nüfuzunun göstəricisidir. Eyni zamanda burada dövlətimizin son illər inşa
etdirdiyi müasir, abad, işıqlı, zəngin maddi-texniki bazaya malik məktəblərdə çalışmaq,
təhsildə aparılan inkişaf proseslərinin bir parçası olmaq arzusunun da təsiri böyükdür.
Əmək bazarındakı tələbat nəzərə alınmalıdır
Müasir dünyamızda
təhsil sürətlə dəyişən, yeni inkişaf tendensiyaları ilə zəngin sahələrdəndir. Təhsil
sahəsində inkişafa nail olmaqdan ötrü bu tendensiyalarıın davamlı izlənməsi, çevik
addımların atılması çox vacibdir. Azərbaycan Prezidenti də təhsillə bağlı dünyada
gedən müsbət tendensiyalara daim fikir verilməsini vacib sayır. İnkişaf etmiş ölkələrdə
aparılan islahatların dərindən təhlil olunmasını, uyğun təcrübələrin Azərbaycanda
tətbiqini mühüm vəzifə kimi qarşıya qoyur.
Eyni zamanda
təhsilin vasitəsilə ölkəmizdə intellektual potensialın artırılması ilə yanaşı, əmək
bazarındakı tələbatların da nəzərə alınmasını zəruri hesab edir. "Xüsusilə ali məktəblərə
qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə
üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər
mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? ...Bizim təhsilimizin
əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır”.
Dördüncü sənaye inqilabının çağırışları
Bu gün dünya
dördüncü sənaye inqilabı dövrünə qədəm qoyub. Geniş rəqəmsallaşma, cəmiyyət həyatının
müxtəlif sahələrində innovativ həllərin tətbiqi bu yeni inkişaf mərhələsinin əsas
meyilləridir. Bu meyillər həyatımızı dəyişir. Ənənəvi peşələrə də ciddi təsir göstərir.
O qədər də intellektual bilik və bacarıqlar tələb etməyən bir sıra peşələr mövqeyini
itirir. Əvəzində isə rəqəmsal texnologiyalarla iş səriştəsi tələb edən peşələr yaranır.
Məsələn, adi
bir nümunə gətirək: uzun illər poçtalyon peşəsi çox yayılmışdı. Bu peşə yenə qalıb.
Amma fəaliyyət miqyası bizim uşaqlıq və gənclik illərində gördüyümüz kimi deyil.
O dövrün poçtalyonları qəzet-jurnalları, məktub və teleqramları ünvanlarına çatdırardılar.
İndi sənəd dövriyyəsi rəqəmsallaşdığından, insanlar mətbuat orqanlarını daha çox
elektron resurslardan oxumağa vərdiş etdiklərindən poçtalyon peşəsinə tələbat da
azalır. Amma bu sənətə yaxın başqa peşələrə tələbat genişlənir. Məsələn, onlayn
sifariş ilə evə çatdırılma xidmətlərinin inkişafı kuryer peşələrinə tələbatı artırır.
İndi şəhərdə yol gedərkən gənc kuryerlərin motosikl, yaxud velosipedlə hansısa sifarişləri
ünvanlara çatdırmaq üçün tələsdiklərini görürük. Proqnozlara görə, yaxın gələcəkdə
evə çatdırılma xidmətləri artıq insanlardan deyil, dronlardan istifadə edilməklə
yerinə yetiriləcək. Amma dronları da idarə edənlər yenə adamlar olacaq. Deməli,
evə çatdırılma xidməti ilə maraqlanan gənclərimiz indidən bu sahədəki yeni texnologiyaları
öyrənməlidirlər. Müvaifiq bilik və bacarıqlara yiyələnməlidirlər ki, o məqam yetişəndə
nəinki bu sahədə çalışsınlar, hətta bu fəaliyyət növünü ölkəmizdə elə özləri qura
bilsinlər.
Yaxud pandemiya ilə bağlı karantin dövründə müəllimlərimizin
tədrisi onlayn qaydada davam etdirmələri məsafədən təhsilin nə qədər böyük imkanlar
yaratdığını göstərdi. Həyat normaya dönəndən sonra da bu texnoloji vərdişlər qorunacaq,
onlardan istifadə ediləcək. Deməli, onlayn tədris vərdişlərinə malik peşəkar müəllimlərə
tələb daha da artacaq.
Texnologiyaların
inkişafı nəticəsində tədricən sıradan çıxan peşələr üzrə kadrların hazırlanmasına
isə artıq ehtiyac yoxdur. Bunun əvəzində əmək bazarında ehtiyac artan peşələr üzrə
kadr hazırlığına fikir verilməlidir. Azərbaycan Prezidentinin strateq kimi böyük
uzaqgörənliklə irəli sürdüyü vəzifələr bütün bu reallıqlardan irəli gəlir.
Təhsil mühitdir
Əmək bazarındakı
peşə ehtiyaclarının öyrənilməsini zəruri edən bir mühüm amil də var. Bu, əhalimizin
artması, demoqrafik tərkibin yenilənməsi ilə bağlıdır. Azərbaycanda gənclər əhalinin
böyük qismini təşkil edir. Bu baxımdan, Azərbaycan xalqı dünyanın ən gənc xalqlarındandır.
Belə bir resurs, gəncliyin enerjisi və fərdi inkişaf istəyi, ölkənin gələcək tərəqqisi
üçün çox böyük perspektiv deməkdir. Sadəcə olaraq onlara müasir çağırışlara uyğun
bilik və bacarıqlar, innovativ texnologiyalarla iş vərdişləri öyrətmək lazımdır
ki, həm işsizlik problemləri yaranmasın, həm də gənclərimiz qlobal inkişaf proseslərinin
bir hissəsi kimi öz imkanlarını reallaşdıraraq həyatlarını təmin edə bilsinlər.
Bu baxımdan, peşə təhsili müəssisələrinin çox böyük potensialı var.
Təhsil həm
də bir mühitdir. Bu mühiti yaradan təkcə məktəblər, ali və orta ixtisas təhsili
müəssisələri deyil. Ümumilikdə hər bir fərddir, ailələrdir, icmalardır, biznes qurumlarıdır,
kütləvi informasiya vasitələridir. Bir sözlə, ölkədə təhsilin inkişaf etmiş səviyyədə
olmasını istəyən hər kəsdir. Ona görə də bu mühitin formalaşması üçün cəmiyyətdə
təhsillə bağlı ictimai müzakirələrin daha da genişlənməsinə ehtiyac var. Əlbəttə
ki, lazımi təhsil mühitinin formalaşması cəmiyyətimizin öz gələcəyini daha hazırlıqlı,
daha peşəkar qarşılamasına böyük töhfələr verə biləcək.
Sağlam nəsil, sağlam gələcək
Gənclərimizin
təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin olması çox
mühüm məsələdir. Əslində elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil
vətəndaşlar yetişdirməkdir. Sözdə bu, aydın, konkret iş proqramıdır, amma əməldə,
pedaqoji praktikada tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın,
həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm
məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində hər şeydən əvvəl
milli ruh, milli mühit öz əksini tapmalıdır.
Milli ruh
özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin,
iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır. Milli ruh nədir?
Bu, ilk növbədə, konkret şəxsiyyətin bütün varlığında yaşatdığı dəyərlərə bağlılığıdır.
Həm də bu bağlılıq bir bilik deyil və ancaq bilikdən də doğan amil deyil. Bəlkə
ondan da qat-qat yüksək olan mənəvi-emosional bağlılıqdır. Qloballaşma dövründə
gənclərimizi yalnız bu bağlılığın gücü ilə ziyanlı təsirlərdən qoruya bilərik. Gənclərimiz
milli köklərə nə qədər bağlı olsalar, özlərini bir o qədər güclü, sarsılmaz hiss
edəcək, eyni zamanda, Vətən üçün faydalı olmağa cəhd göstərəcəklər.
Prezident
İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər
əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən
üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr
etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir.
Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri
müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik
dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi
cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi,
firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan
müdafiə etməlidir”.
Dövlət rəhbərimizin
təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki
təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən
insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha
etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa
çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran
cəmiyyət həmişə firavan yaşayır”.
Xalqın, dövlətin
sabahı belə bir bünövrə üzərində bərqərar olur.
Təhsilə, elmə
marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan
vətəndaşının mənəvi borcudur.
Nurlana ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru, professor