03 Dekabr 2025 09:15
553
Mədəniyyət
A- A+
Taxtaya ruh verir

Taxtaya ruh verir


İnsanın ən çətin sınaqları çox vaxt gözlənilmədən gəlir. Bəzən bir saniyənin içində hər şey alt-üst olur, taleyimizdə yeni və ağır səhifələr açılır. Kimi bu ağırlığın altında qalır, əzilir, kimi isə onların içindən daha da güclənərək çıxır. Fiziki məhdudiyyətli Asif Qasımovun həyat yolu bu gücün ən parlaq nümunələrindən biridir. Bu, onu yalnız insan kimi deyil, bir həyat dərsi kimi tanıdan hekayədir. Burada fiziki məhdudiyyətdən yox, yenidən doğuluşdan, mübarizədən və insanın sınsa belə əyilməyən iradəsindən danışılır.

Tanrının verdiyi istedad ən mümkünsüz görünən vəziyyətdə belə özünü ifadə etmək yollarını tapmağa qadirdir.  Bu hekayədə olduğu kimi...

1979-cu il iyunun 26-da Gürcüstanın Dmanisi rayonunun Yırğançay kəndində dünyaya gələn Asif Qasımovun uşaqlığı çox çətin keçib. O, cəmi üç yaşında ikən əmisi ilə birlikdə Moskvaya gedib. İlk məktəb illərini orada keçirib. Sonralar yenidən Gürcüstana qayıdıb, bir neçə ay kəndlərindəki məktəbə gedib, ardınca isə ailəsi onu təhsilini davam etdirmək üçün Ermənistana göndərib. Həmin dövrdə Ermənistanda azərbaycanlılara qarşı təzyiqlər edilir, onların deportasiyası üçün cinayətlər törədilirdi. Asifin həyatı bu təlatümlərin içərisində keçir.

Təxminən iki ilə yaxın Ermənistanda oxuyan Asifin həyatını 1988-ci ildə baş verən Spitak zəlzələsi dəyişir. O, fəlakətdən bir neçə saat sonra yaxınları tərəfindən məktəbdən çıxarılaraq evə gətirilir. Həmin zaman zəlzələ oxuduğu məktəbi yerlə yeksan edir və onun sinif yoldaşlarından cəmi bir neçə uşaq sağ qalır. Üzərindən illər keçsə belə, Asif hələ də o faciəni səsi titrəyərək xatırlayır: "Atam və dostumun atası gəlib bizi, əmim uşaqlarını məktəbdən çıxarmasaydı, bəlkə də bu gün həyatda deyildik".

Asifin uşaqlığı eyni təlatümlə Gürcüstanın müxtəlif bölgələrində keçir. Müharibə, etnik qarşıdurmalar, qaçqınlıq… Beləcə, o, 8-9 məktəb dəyişir. Bu, təkcə məktəb dəyişmək deyildi. Bu, əslində, həyatının möhkəmlənməsinə səbəb olan hazırlıq yolu idi.

1991-1992-ci illərdə atası Rzaxan  Azərbaycana gəlmək məcburiyyətində qalır. O, Goranboy rayonuna, qardaşının məskunlaşdığı Tapqaraqoyunlu kəndinə gəlir. Lakin müharibə burada da onun yaxasını buraxmır, qardaşının evinə top mərmisi düşür. Bu dəfə Ağcakənd qəsəbəsinə köçür. Müəllim atası kənd məktəbində işə düzəlir, evlə təmin olunur. 1995-ci ildə orta məktəbi bitirən Asif hərbi xidmətə gedir və yenidən Gürcüstana qayıdır. Bir müddət orada işləyir, sonra yenə Azərbaycana dönür. Həyat elə bil onu sürətli yaşamağa məcbur edirdi. Hər şey dəyişirdi, sabit qalan tək şey səbri və tükənməz enerjisi idi. 

2003-cü ildə onun həyatında ikinci dəfə "həyatla ölüm" qarşılaşması olur. Böyük avtomobil qəzası keçirir, iki dostu dünyasını dəyişir. Asifin isə sağ əli, sağ ayağı, qabırğaları sınır. Bədənindəki ağrı keçsə də, qəlbindəki dost itkisi illərlə davam edən bir iz qoyur.

Amma o yenə geri çəkilmir. Daş karxanalarında fəhlə kimi çalışır, usta, baş usta, sonra müdir köməkçisi, daha sonra isə müdir olur. Amma taleyin onu sınayacağı böyük imtahan hələ qarşıda idi...

Bir gün Şahqaya qəsəbəsindəki işıq dirəyindəki elektrik naqillərini yoxlamağa çıxarkən metal qırılır. Asif deyir: "Yəqin qismət belə imiş. Təxminən 75-80 metr hündürlükdən yıxıldım, dərəyə yuvarlandım. Gözlərimi açanda artıq xəstəxanada idim. Belim sınmışdı, uzun müddət komada qalmışdım. Əməliyyatım üçün Ukraynaya aparıldım. Oradakı həkimlər "əməliyyat çox təhlükəlidir, ola bilər ki, sağ çıxmasın", - deyib tərəddüd edirdilər. Ancaq əməliyyatım uğurlu keçdi, möcüzəvi şəkildə sağ qaldım. 18 ay xəstəxanada qaldım. Xeyli fiziki və psixoloji terapiyalardan keçəndən sonra nəhayət, Vətənimə, ailəmə qovuşdum".

Asifin əməliyyatdan sonrakı həyatı da asan olmayıb. "Əlil arabasına möhtac olmaq fikri əsəblərimi tarıma çəkir, məni dərin depressiyaya salırdı. Sanki okeanın dərinliklərində havasız idim, boğulurdum. Qarşımda iki yol vardı. Ya qaranlığa qərq olmaq, ya da təkan verib aydınlığa çıxmaq, yenidən yaşamağa başlamaq. İkinci yolu seçdim... Çünki övladlarım vardı. Onlar məni həyata qaytardılar. Oğlum, qızım mənə elə sevgiylə, elə şəfqətlə baxırdılar ki, onlara görə yaşamaq, mübarizə aparmaq lazım idi", - deyir həmsöhbətimiz.

O, qısa müddət ərzində özündə cəsarət tapıb maşın sürməyi öyrənir, idmanla məşğul olmağa başlayır. Sonrakı həyatı radioda eşitdiyi bir xəbərlə dəyişir: "İndiki kimi xatirimdədir. 2013-cü il idi. Qar yağırdı. İdmandan çıxıb evə gedirdim. Radioda eşitdim ki, Prezident İlham Əliyev Yeni Ramana qəsəbəsində  yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak edib, artıq mərkəzə qəbullar da başlayıb. Dərhal yolumu dəyişdirib ora yollandım. Hətta mərkəzdəki işçilər təəccübləndilər ki, belə qarda necə gəlmişəm. Bir həftə sonra artıq ikinci həyatım başlamışdı. Həm taxta üzərində oyma, həm rəssamlıq öyrənirdim, eyni zamanda idmanla məşğul olurdum. Paralimpiya komitəsinə müraciət etdim. Bədən quruluşum avarçəkməyə daha uyğun olduğu üçün bu idman növü tövsiyə edildi. Üç il avarçəkmə ilə məşğul oldum. Nailiyyətlərim oldu, yarışlara qatıldım, xarici səfərlərə getdim. Yarışların birində belimdəki dəmirin fiksatorları qırıldı. Həkimlər bu idman növündən uzaqlaşmağımı məsləhət gördülər. Bundan sonra yalnız əl işləri ilə məşğul olmağa başladım".

2021-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı bir çox fiziki məhdudiyyətli şəxs kimi, Asifin də həyatından təsirsiz ötüşməyib. Mərkəzdə təlimçi olmaq, ağac üzərində bədii oyma sənətinin sirlərini benefisiarlara öyrətmək təklifini qəbul edib. Həmsöhbətimiz deyir ki, bu təklifi qəbul etmək həyatının ən düzgün addımlarından biridir: "Sənətimlə məşğul olmaq, duyğularımı, düşüncələrimi ağaca oymaq mənə daxili dinclik verir. Təkcə özümün deyil, tələbələrimin də art terapiya ilə məşğul olub, məhdudiyyətlərini unudub mənəvi rahatlıq tapmalarını istəyirəm. İndiyədək 50-dən çox tələbəm olub. Hər biri mənim üçün əzizdir, dəyərlidir. Əgər onlara bu sənətin sirlərini, peşəyə yiyənlənməklə birlikdə həm də daxili dünyalarına sakitlik, təmkinlik, özünü qəbuletməni öyrədə bilmişəmsə, demək ki, bu dünyada missiyamı yerinə yetirmişəm". 

Asif Qasımov benefisiarları ilə birlikdə müxtəlif tədbirlərdə çıxış edir, əl işlərini nümayiş etdirir. Ötən il sənətkarın müəllim yoldaşı İslam Həmidov və benefisiarlarla birlikdə təxminən bir aya yaratdığı "Yağış altında qadın" heykəli ölkəmizdə keçirilən COP29-da nümayiş olunub. Erroziyaya uğramış, yanmış məftillərdən hazırlanmış əl işi sanki Asifin elektrik işlədiyi, qəza keçirdiyi dövrə göndərdiyi, "yıxılsam da, yansam da, küllərimdən doğuldum" ismarışı idi...

"Əlillik son deyil" mövzulu sosial layihələri, qazi və fiziki məhdudiyyətli şəxslərə dəstək, motivasiya vermək məqsədilə çəkilən videoroliklər onun adını daha çox insana tanıtdı. O, təlimçi olmaqdan çox, həyat dərsi olan bir nümunəyə çevrildi.

Asif Qasımovun hekayəsi cəmiyyətimizdə əlilliklə bağlı yanlış stereotiplərə ən böyük cavabdır. O, əlilliyin son olmadığını, əksinə, bəzən yeni bir başlanğıc ola biləcəyini öz həyatı ilə sübut edir və deyir: "Əlillik bitməmiş hekayə, həyata davam etmək cəsarətidir".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!