08 Noyabr 2025 08:50
1067
SİYASƏT
A- A+
Tarixin axarına yeni başlanğıc verən ZƏFƏR

Tarixin axarına yeni başlanğıc verən ZƏFƏR


Bəşəriyyətin tarixi təcrübəsi belə bir həqiqəti təkrar-təkrar təsdiqləyib və bu gün də sübuta yetirməkdədir ki, milli dövlətçiliyin sabitliyi və möhkəmliyi lider faktorundan birbaşa asılıdır. Yalnız icmanı milli dövlət quruculuğu səviyyəsinə yetirərək millətə, onun nailiyyətlərini tarixi qələbələrə çevirməyə qadir güclü və istedadlı liderlərə malik cəmiyyətlərdə milli dövlətçiliyin sabitliyi, möhkəmliyi təmin edilə bilər.

Azərbaycanın ən yeni tarixinin təhlili müstəqil milli dövlətçiliyimizin möhkəm təməlinin məhz 1993-cü ildə qoyulduğunu göstərir. Bu dövr yeni siyasi elitanın idarəçilik potensialı sayəsində əvvəlki hakimiyyət dairələrinin dövlətin mahiyyəti və beynəlxalq mövqeyi barədə qeyri-sabit və anarxik baxışlarının əvəz olunması ilə xarakterizə olunmuş, müstəqil dövlətimizin formalaşması, institusional möhkəmlənməsi, dayanıqlı inkişafı və sosial-iqtisadi tərəqqisinin təminində həlledici əhəmiyyət kəsb etmişdir. 

Bu baxımdan XXI əsrdə Azərbaycanın milli dövlətçilik sistemi - azərbaycançılıq ideyasını strateji xəttə çevirən, insan hüquq və azadlıqlarını təmin edən, davamlı iqtisadi yüksəlişi reallaşdıran və ictimai tərəqqini gerçəkləşdirən iki liderin - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Ulu Öndərin strateji inkişaf kursunu uğurla davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Bu böyük şəxsiyyətlərin müəllifi olduqları dövlətçilik modeli həm milli identiklik, həm də universal dəyərlərin sintezində formalaşaraq müasir dövrün tələblərinə cavab verən inkişaf istiqamətini müəyyənləşdirir.

Azərbaycanın 1993-cü ildən sonra qısa müddət ərzində keçdiyi inkişaf yolu, əldə etdiyi mühüm nəticələr və 2003-cü ilə qədərki on il ərzində özünü doğrultmuş strateji inkişaf xəttinin gələcəkdə də davam etdirilməsi zərurəti Ümummilli Liderin xalqımıza 1 oktyabr 2003-cü il tarixli müraciətində dəqiq əsaslandırılmışdır. 

Ulu Öndərin 1 oktyabr müraciətində dövlətimizin getdikcə öz müdafiə qabiliyyətini artırdığı, hərbi cəhətdən gücləndiyi, Milli Ordumuzun qabaqcıl təcrübə və texnologiyalara yiyələndiyi, gənclərimizin həvəslə xidmətə getdikləri qeyd edilir, bildirilirdi ki, bütün bunlar asan başa gəlməmişdir. "Keçən dövrdə biz Sizinlə birlikdə həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər anti-Azərbaycan aksiyalarının qarşısını almışıq, nə qədər çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz".

Müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin böyük inam və ümidləri işığında 2003-cü ilin 15 oktyabrında xalqın yekdil dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ölkəmizi tarixdəki bu ən yüksək mövqeyinə yüksəltməyə dövlətə rəhbərliyinin ilk ilindən, ayından, həftəsindən, gün və saatlarından da deyil, hətta ilk dəqiqələrindən başlamışdı. 

O, hələ andiçmə mərasimində böyük hədəflərə doğru yolu aydın nişan verərək tarixin ən qüdrətli Azərbaycanını xəyallarında yaşadan hər kəsdə bu strateji yolda birgə, çiyin-çiyinə irəliləməyə, amallarından dönməməyə, nəticələrin mütləq arzuladığımız kimi olacağına əminlik yaradırdı. 

Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, təxminən 22 il əvvəl səsləndirilmiş o kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında sadəcə and içmirmiş, 22 il ərzində tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirmiş. 

Cənab İlham Əliyev 22 il əvvəl səsləndirdiyi bütün sözləri, verdiyi bütün ümidləri bu illərdə ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru irəliləyən milyonlarla vətəndaşımızla birgə reallığa çevirdi.

Dövlətimizin yeni lideri belə bir zərurəti diqqətə çatdırırdı ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Azərbaycan Prezidenti düşüncələrindəki belə bir ordunu qurmağı bacardı. Azərbaycan Ordusunu hərbi qüdrətinə, maddi-texniki təchizatına, döyüş ruhuna görə dünyanın ən güclü orduları cərgəsində qərarlaşdırdı. Dövlətimizin istiqlalı, bütövlüyü, suverenliyi, milli maraqları, xalqımızın qürur və ləyaqəti naminə bu ordunun sıralarında göz qırpmadan canını fəda etməyə hazır olan vətənpərvər bir nəsil yetişdirdi.

Müzəffər Ali Baş Komandan 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi. Həyata keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı mövqe, belə bir aydın həqiqət ətrafında qurdu. 

İllərlə Azərbaycana və dövlət rəhbəri kimi şəxsinə yönələn təzyiq və təhdidlər onun qətiyyətini sarsıda bilmədi. Və cənab İlham Əliyev dövlətimiz, xalqımız adına istədiyinə nail oldu, illərdən bəri bizə ağır faciələr, itkilər yaşatmış, inkişaf yolumuzda ən böyük əngəl olmuş problemin gələcək nəsillərə "miras" qalmasına, onların da ömrünü zəhərləməsinə imkan vermədi.

Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də - Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü günü Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Dövlət bayrağının ucaldılmasını həyata keçirərək Azərbaycanın ərazi bütövlüyünün rəmzi təsdiqini verdi.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətilə hərbi parad keçirildi. Prezident İlham Əliyev çıxışında bildirdi: "Bu günü bizə bəxş edən Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Bu, Azərbaycan xalqının tarixində mühüm tarixi hadisədir".

Bu möhtəşəm Zəfərin qazanılmasına görə Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə, son onilliklərdə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğuna və sosial-iqtisadi sahələrdə, xarici siyasətdə əldə etdiyimiz uğurlara, cəmiyyətimizdəki milli birlik və vətəndaş həmrəyliyinə, ən mühümü isə Ulu Öndərin, Azərbaycan Prezidentinin yetişdirdiyi vətənpərvər nəslin Vətən və dövlət sevgisinə, igidliyinə, cəsurluğuna borcluyuq. 

Qarabağı, Şərqi Zəngəzuru müharibə gedişində cəbhəyə könüllü getmək üçün səfərbərlik idarələrinə axışan, döyüş meydanında misilsiz igidliklər göstərərək qisasımızı qiyamətə qoymayan bu igidlərimiz azad etdilər. Qələbədə Azərbaycan cəmiyyətindəki milli birliyin, ölkəmizin döyüş meydanındakı hərbi əməliyyatlara paralel şəkildə apardığı informasiya savaşına töhfə verən insanlarımızın vəhdətinin çox mühüm rolu oldu. 

Ali Baş Komandanın hər qələbə müjdəsinin cəmiyyətdə yaratdığı coşqu, Qələbə sevincini küçələrdə bayram edən insanların ovqatı, xalq-ordu birliyi bundan sonra da əsrlər boyu milli yaddaşımızda yaşayacaq və nə qədər böyük ruha malik bir xalq olduğumuzu daim bizə xatırladacaq. 

Bu Zəfər ordumuzun qüdrətini bütün dünyaya göstərdi, sıldırım qayalardan dırmanaraq yüngül silahlarla düşmənin tankının, topunun üstünə atılan əsgər və zabitlərimizin qəhrəmanlığı, həyata keçirdikləri heyrətamiz döyüş əməliyyatları dünyanın  tanınmış hərbi məktəblərinin tədris proqramlarına daxil edildi. 

Vətən müharibəsi gedişində Ermənistan tərəfinin tutduğu əlverişli coğrafi mövqeyə və mürəkkəb relyef şəraitinə malik olmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməməsi onun hərbi-siyasi iflasını bir daha təsdiqlədi. Müharibə dövründə 10 mindən çox erməni əsgər və zabitinin fərarilik edərək döyüş meydanını tərk etməsi, bunun müqabilində Azərbaycan Ordusunda bircə fərarilik faktının da olmaması, Azərbaycan və Ermənistan orduları arasındakı fərqi, Ermənistan ordusunun mənəvi-psixoloji durumunun zəifliyini, döyüş əzminin olmamasını və onun hərbi strukturlarının dağılmasını açıq şəkildə nümayiş etdirdi. Əksinə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti müharibənin bütün mərhələlərində yüksək qəhrəmanlıq və fədakarlıq göstərərək ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail oldu, bununla da tarixi ədalətin bərpasına töhfə verdi.

Düşmənin 30 il ərzində möhkəmləndirdiyi hərbi istehkamların Azərbaycan əsgərinin canı və qanı bahasına yarılması, minlərlə hərbçimizin şəhidlik zirvəsinə ucalması və qazilərimizin göstərdiyi igidlik müasir Azərbaycan tarixində mətinlik, yenilməzlik və qəhrəmanlıq nümunəsi kimi əbədi yaddaşlarda qalacaqdır.

Vətən müharibəsi həmçinin erməni faşizminin mahiyyətini beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirdi. Ermənistan döyüş meydanında məğlubiyyətə uğradıqca, beynəlxalq humanitar hüquq normalarını pozaraq insanlığa qarşı ən ağır cinayətlərə əl atmışdır. Qadağan olunmuş silahların və ballistik raketlərin tətbiqi ilə Azərbaycanın şəhər və kəndlərinə müntəzəm hücumlar edilmiş, dinc əhali hədəfə alınmışdır. Lakin bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında alınmışdır.

Vətən müharibəsi ilə Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı, hərbi əməliyyatlar gedişində Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir kimi şəhərlərini, dinc əhalinin sıx yaşadığı əraziləri uzaqvuran raketlərlə atəşə tutub mülki vətəndaşlarımızı qətlə yetirmiş Ermənistandan fərqli olaraq, beynəlxalq konvensiyaların tələblərinə riayət edərək müasir silahlarla ancaq legitim hərbi hədəflərə yönəldi, düşmən tərəfdən heç bir mülki əhaliyə xətər toxundurmadı. Eyni zamanda Ermənistanın BMT tərəfindən tanınmış suveren ərazilərini tutmaq üçün hər cür imkan və şəraitə malik olduğu halda hərbi əməliyyatların bu ölkənin ərazisinə keçməsinə imkan vermədi. Rəsmi İrəvanın və Ermənistanın havadarlarının bu məqsədlə cəhd göstərdikləri ardıcıl təhrikedici təxribatlara rəğmən Vətən müharibəsini ancaq Azərbaycanın suveren ərazilərində apardı, torpaqlarımız işğaldan azad edildikdən, əsgər və zabitlərimiz öz sərhədlərimizdə yerləşdikdən sonra bütün hərbi əməliyyatlar da dayandı. 

Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi daim xüsusi qeyd edilməlidir. Müharibə dövründə bəzi xarici dövlətlərdə erməni lobbilərinin təsiri altında fəaliyyət göstərən siyasi dairələr Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır, ölkəmizə qarşı qeyri-obyektiv mövqe sərgiləyirdilər. Belə bir şəraitdə Türkiyənin prinsipial dəstəyi diplomatik müstəvidə mühüm əhəmiyyət daşıdı. Türkiyə rəsmilərinin bəyanatları, Türkiyə mediasının cəbhə bölgəsindən yayımladığı materiallar qlobal miqyasda obyektiv informasiya mühitinin formalaşmasına mühüm töhfə verdi.

Döyüş meydanının diplomatik cinahında isə cənab İlham Əliyev illərlə dünyanın gözünə üfürülən erməni yalanlarını faş etdi, xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, rəsmi İrəvanın təxminən 30 ilə qədər yürütdüyü işğalçılıq siyasəti, törətdiyi hərbi cinayətlər, bütün regionun təhlükəsizliyi üçün yaratdığı ciddi təhdidlər, işğal altındakı torpaqlarımızda illərlə həyata keçirilmiş vandalizm aktları barədə həqiqətləri dünyaya çatdırdı. Bu müsahibələrlə informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu.

2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş geniş mətbuat konfransında səsləndirilən, tarixi reallıqlara, beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əsaslanan məntiqi arqumentlər dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə çevrildi, qlobal media məkanında əsas xəbər başlıqları kimi yayıldı. Bu çıxış vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırıldı. 

Bu baxımdan tarixi Zəfərimizin dəyəri onun həm də informasiya savaşında qazanılmasındadır. Azərbaycanın milli maraqlarını daim hər şeydən öndə tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya məkanında, informasiya savaşında da Zəfərimizi təmin etdi, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Bu böyük dövlət adamının Azərbaycan adına son bir neçə ildə əldə etdiyi nəticələrin mahiyyətinə diqqət yetirdikdə, həmin nailiyyətlərin bu qədər çevik şəkildə - qısa zaman ərzində qazanıldığına bəzən heyrətlənənlər də olur. Lakin son illərin bu parlaq uğurlarına fokuslanarkən, onlara gətirib çıxarmış hazırlıq proseslərinin mükəmməlliyini də nəzərdən keçirərkən fərq edirsən ki, bu proseslərin heç biri qısa zamanda və asanlıqla baş verməyib, hər birinə illərin, onilliklərin zəhməti sərf olunub. 

8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzaladı və Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı. Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün tərəflər üçün qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin yaranmasına, bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə yol açan belə mühüm addımla Cənubi Qafqazda yeni strareji dövr başlandı. 8 avqust 2025-ci ildə Ağ Evdə dövlət rəhbərimizin iştirakı ilə baş verən və qəlbi Vətənə bağlı bütün dünya azərbaycanlılarını qürurlandıran o unudulmaz anlar da, əslində, illərlə düzgün görülmüş işlərin, düzgün atılmış strateji addımların, düzgün hesablanmış qərarların məntiqi nəticəsidir. 

Ağ Evdəki o anların ilk epizodları çox-çox əvvəldən - cənab İlham Əliyevin 2003-cü ilin 31 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi and içdiyi dəqiqələrdən, ondan da əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2003-cü ilin Prezident seçkisi ərəfəsində xalqımıza 1 oktyabr 2003-cü il tarixli məşhur müraciətindən başlanır. Bu müraciət və Azərbaycan Prezidentinin andiçmə mərasimindəki həmin çıxışı dövlətimizin Azərbaycanın milli dövlətçilik tarixində məzmun etibarilə heç bir dövrlə müqayisəyə gəlməyəcək böyük bir strateji mərhələnin başlanğıcıdır.

Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. O, prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və təzyiqlərinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son ikiəsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır.


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, 

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!