06 Iyul 2024 08:10
89
SİYASƏT
A- A+

Tarixi dostluqdan strateji tərəfdaşlığa

 

Birgə Bəyannamə səmimi və qarşılıqlı etimada söykənən Azərbaycan Çin münasibətlərini yeni inkişaf müstəvisinə yüksəltdi

 

Azərbaycanın xarici siyasət kursunda dünyanın nəhənglərindən olan Çinlə əlaqələr hər zaman prioritet təşkil edib. İki dost ölkə arasında daim yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlər strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. 
Tarixi İpək yolunun birləşdirdiyi bu iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Birgə Bəyannamə qəbul edərək həm də bununla gələcək əməkdaşlıqlarına geniş imkanlar açıblar.  
Astanada Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşdə "Ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir", -  deyə, Prezident İlham Əliyev  hesab etdiyini bildirdi ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Dövlətimizin başçısı qeyd etdi ki, biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.  

 

Qarşılıqlı dəstək

 

Dünyada etibarlı və güvənilən tərəfdaş kimi tanınan Azərbaycan həyata keçirdiyi düzgün siyasət nəticəsində təkcə Qərb ölkələri ilə deyil, Asiya regionu ilə də uğurla inkişaf edən münasibətlərə malikdir. Xüsusilə də respublikamızın Çinlə yüksəksəviyyəli münasibətləri mövcuddur. İki ölkə liderləri - İlham Əliyev və Si Cinpin arasında olan qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Çin liderinin Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olması da bunun bariz göstəricisidir. 
İki ölkə lideri arasında keçirilmiş görüşlər də əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edib. Astanada keçirilən ŞƏT-in zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü isə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli oldu. 
Görüş zamanı Azərbaycan Prezdenti beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğuladı. 

 

İki ölkə arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatıb

 

Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin ürəkaçan olması da görüşdə bəhs olunan məsələlərdən oldu. Artıq iki ölkə arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatıb. Çinin 6 şəhərində isə Azərbaycan 6 ticarət evi açıb.  
Azərbaycan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. Astanada keçirilən görüşdə bildirildi ki, nəqliyyat-logistika imkanları, bu sahəyə investisiyalar qoyulması və daim onu təkmilləşdirilməsi sayəsində respublikamız xeyli uğurlar qazanıb. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulanıb. 
Eləcə də Orta dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda Qərbdən Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Çinlə təkcə iqtisadi deyil, siyasi əlaqələr də uğurla inkişaf edir. Ölkələrimiz qarşılıqlı olaraq bir-birilərinin suverenliyini dəstəkləyirlər.  Sözügedən görüşdə də ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan daim "Vahid Çin" siyasətini dəstəkləyir. 
Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.

 

Mühüm tarixi-siyasi hadisə

 

ŞƏT çərçivəsində keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması isə mühüm tarixi-siyasi əhəmiyyətə malik oldu. 
Birgə Bəyannaməyə əsasən,  tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birlikdə irəlilətməyə dair razılıq əldə ediblər.
Tərəflər həmçinin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyib. 
Birgə Bəyannamə ilə Azərbaycan və Çin terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.
Göründüyü kimi, Azərbaycanla Çin arasındakı əlaqələr tarixindəki ən yüksək pilləyə qalxıb. İki ölkə arasında Birgə Bəyannamənin qəbul olunması ilə ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 
Dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən olan Çinlə bu cür səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın dünyada böyük nüfuz sahibi olduğunun göstəricisi, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əyani təzahürüdür. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video