Xalqımızın tarixinin ən qürurverici səhifələrinin yazıldığı qəhrəman Şuşa yalnız işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq, abadlıq, bərpa işlərinin mərkəzi kimi deyil, eyni zamanda daha çox siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətini cəlb etməkdədir.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə şanlı gün kimi əbədi yazıldı. Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Günü, 2022-ci il ölkəmizdə "Şuşa ili" elan edildi.
Şuşa 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə isə türk dünyasının mədəniyyət paytaxtı seçildi. Dünyada az şəhər tapılar ki, üç il mədəniyyət paytaxtı adına layiq görülsün.
Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi olaraq 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edildi. İftixarla deyə bilərik ki, bu gün Şuşa yalnız islam dünyasının həmrəylik mərkəzi kimi yox, ölkəmizə dost, qardaşlıq münasibəti bəsləyən dövlətlərin əməkdaşlığının, müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayan şəhərə çevrilib. Bu gün Şuşa haqq işi uğrunda apardığı mübarizədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dövlət başçılarının görüş yeridir.
Təsadüfi deyil ki, 2021-ci il iyunun 15-də dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" də məhz bu şəhərdə imzalandı. Bununla da iki qardaş dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsi başlandı. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə edən Şuşa bəyannaməsi Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyini yaradır...
Bu gün ölkəmizdə səfərdə olan dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi xarakter alıb. Təməli qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan bu ənənə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən də davam etdirilib.
Bu xüsusda Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfərini də qeyd etməliyik. Səfər iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr deməyə əsas verir ki, tərəflər arasında strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər bundan sonra daha uğurla inkişaf edəcək. Belarus Prezidenti Azərbaycana münasibətdə hər zaman ədalətli mövqe sərgiləyib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyərək prinsipial mövqe nümayiş etdirib. Təsadüfi deyil ki, dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət edib. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə qoşulmağa hazır olduğunu bildirib. O, Azərbaycanla Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğulayıb.
Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsi idi. Prezidentlərə Şuşa səfəri zamanı bu gözəl məkanın baş planı barədə məlumat verilərkən vurğulandı ki, şəhərin baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxan dövlət başçıları eyni zamanda Bülbülün ev-muzeyində və Cıdır düzündə olublar. Prezidentlər Şuşada olarkən Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını, eyni zamanda ermənilərin dağıdaraq viran qoyduqları Şuşanın dostluq və qardaşlıq mərkəzi olmasını təsdiq edir.
Elşən QƏNİYEV,
"Azərbaycan"