Erməni lobbisinin diktəsi ilə hərəkət edən dairələrin ölkəmiz əleyhinə çirkin kampaniyaları uğursuzluğa düçar olacaq
Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar fonunda xaricdəki bəzi dairələrin qərəzli və təxribat xarakterli cəhdləri səngimək bilmir. Erməni lobbisinin və diaspor təşkilatlarının, Amerikanın Erməni Milli Komitəsinin (ANCA) birbaşa diktəsi ilə fəaliyyət göstərən bir qrup konqresmenin oktyabrın 5-də dövlət katibi Marko Rubioya ünvanladığı müraciət ölkəmiz əleyhinə növbəti çirkin kampaniyanın təzahürüdür. Sülh prosesinə açıq-aşkar zərbə vurmaq niyyəti güdən bu müraciətin detallarına nəzər saldıqda anti-Azərbaycan şəbəkəsinin əsl məqsədi aydın şəkildə üzə çıxır.
Müraciətdə yer alan iddialar həqiqətdən uzaq, faktların təhrif edilməsinə əsaslanan müddəalardan ibarətdir. Sənəddə Bakıda “erməni əsirlərin qanunsuz saxlanılması”, “xristian-erməni irsinin məhv edilməsi” və “Ermənistan torpaqlarının işğal olunması” kimi əsassız ittihamlar da yer alıb. Halbuki Bakıda layiq olduqları cəzanı çəkən erməni məhbuslar iddia edildiyi kimi “siyasi və hərbi liderlər” yox, Azərbaycanın suveren ərazisində qanunsuz separatçı rejimdə təmsil olunmuş, onları himayə etmiş, mülki əhaliyə qarşı müharibə cinayətləri törətmiş şəxslərdir. Onların məhkəmə prosesləri bütün beynəlxalq hüquqi standartlara, müdafiə hüquqlarına və şəffaf sübutlara söykənərək həyata keçirilib.
Bununla yanaşı, Azərbaycanın guya “qonşu ölkə ərazisini işğal etməsi” ittihamı ikitərəfli delimitasiya və demarkasiya prosesinin mahiyyətinə kölgə salmaq niyyəti güdür. Halbuki Bakı Ermənistanın ərazi bütövlüyünü tanıdığını daim bəyan edib və sərhədlərin dəqiqləşdirilməsi yalnız ikitərəfli dialoq müstəvisində həyata keçirilir. Bu mənada konqresmenlərin reallıqdan uzaq bu cür iddiaları iki dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, regionda yenidən gərginliyin körüklənməsinə xidmət edir.
ABŞ Konqresinin qərəzli və təxribatçı addımı cavabsız qalmayıb. Milli Məclisin deputatları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri amerikalı qanunvericilərə etiraz məktubu ünvanlayaraq tarixi və hüquqi reallıqları onların diqqətinə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan otuz ildən artıq müddətdə torpaqlarının 20 faizinin işğalından əziyyət çəkib, 20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox insan didərgin düşüb və 4010 nəfərin taleyi hələ də naməlumdur. Xocalı soyqırımı kimi dəhşətli faciələri yaşayan bir xalqın hüquqlarını gözardı edərək, təcavüzkarı “məsum” göstərmək mənəvi və siyasi riyakarlıqdır.
Mədəni irs məsələsində birtərəfli mövqe tutan konqresmenlər otuz illik işğal dövründə Ermənistanda və keçmiş işğal olunmuş torpaqlarımızda Azərbaycanın yüzlərlə məscidinin, ziyarətgahının və qəbiristanlığının vəhşicəsinə yerlə-yeksan edilməsini görməzdən gəliblər.
Bu gün regionun qarşısında duran ən böyük problemlərdən biri minalanmış ərazilərdir. Keçmiş işğal zonalarının 13 faizində basdırılmış 1,5 milyona yaxın mina və sursat 2020-ci ildən bəri 440-dan çox insanımızın həyatına və sağlamlığına qəsd edib. Mina təhlükəsi eyni zamanda insanların doğma yurdlarına qayıdışını da ləngidir. O baxımdan, konqresmenlərin saxta ittihamlar irəli sürmək əvəzinə, humanitar minatəmizləmə fəaliyyətinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına dəstək vermələri daha yaxşı olardı.
Məktubda ABŞ hökumətindən Azərbaycanla hərbi əməkdaşlığın tamamilə dayandırılması və “Azadlığa Dəstək Aktı”na bədnam 907-ci düzəliş üzrə tətbiq edilən istisnanın ləğvi də tələb olunur. Konqresmenlərin bu addımı xüsusilə ABŞ Prezidenti Donald Trampın ikinci hakimiyyəti dövründə atılmış konstruktiv addımlara açıq-aşkar kölgə salmaq məqsədi daşıyır. Məlum olduğu kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşü zamanı məhz Ağ Ev tərəfindən bu məhdudiyyətlərin qüvvəsi dayandırılıb və 2026-cı ilin iyulunda prosesin davam etdiriləcəyi bəyan olunub. Lakin ermənipərəst konqresmenlər əldə olunmuş diplomatik irəliləyişlərə zərbə vurmağa çalışırlar.
Ən mühüm məsələ odur ki, bütün ədalətsizliklərə və ağrılı keçmişə baxmayaraq, rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda davamlı sülhün və tərəqqinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə təməli qoyulan sülh prosesi 2025-ci ilin avqustunda Vaşinqton sammitində Prezident Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması regional inteqrasiyaya böyük təkan verib. Bununla yanaşı, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı başlanıb, TRIPP kimi nəqliyyat layihəsi bütün Cənubi Qafqaza iqtisadi canlanma vəd edir. Belə bir məqamda “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi tamamilə ləğv edilməlidir. Çünki bu maddə artıq öz köhnəlmiş mahiyyətini itirib, geosiyasi reallıqlara cavab vermir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının tam potensialının reallaşmasına süni maneə yaradır.
Konqresmenlərin erməni lobbisinin diktəsi ilə atdığı təxribatçı addımlar Cənubi Qafqazda əldə olunmuş kövrək sülhə zərbə vurmaq məqsədi güdür. Ancaq bu cür cəhdlər tamamilə əhəmiyyətsizdir və regionda bərqərar olan yeni reallıqları dəyişmək gücündə deyil. Erməni lobbisinin çirkin maraqlarına xidmət edən belə əsassız təşəbbüslər nə rəsmi Bakının qətiyyətli sülh iradəsinə təsir göstərə, nə də regionda formalaşan iqtisadi və siyasi nizamın qarşısını ala bilər. Cənubi Qafqazın gələcəyi okeanın o tayından gələn dezinformasiyalarla deyil, məhz region dövlətlərinin birbaşa dialoqu, suverenliyə hörmət və tarixi ədalətin təmin olunması prinsipi əsasında formalaşır.
İsmayıl QOCAYEV,
“Azərbaycan”