Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3010 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb olunub. Onların 2791 nəfəri ahıl şəxslərdir. Bu xidmət zamanı sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, ahıl şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması yalnız stasionar xidmətlərlə məhdudlaşmır. Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq imtiyazlı kateqoriyalara aid şəxslərə evdə (səyyar) sosial xidmət də göstərilir. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər bu xidmətdən yararlana bilirlər.
Bundan başqa, agentliyin sosial sifarişləri əsasında hazırda ölkənin 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuzda fəaliyyət göstərən bu mərkəzlərdə ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Layihə çərçivəsində 200 ahıl sosial xidmətlə əhatə olunur.
Qeyd edək ki, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində məqsəd yaşlı insanların cəmiyyətdəki roluna diqqət çəkmək, onların hüquqlarının və ləyaqətinin qorunmasına, sosial və iqtisadi rifahının təmin olunmasına diqqəti artırmaqdır. Bu gün yaşlı insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulamaqla yanaşı, onların təcrübə və biliklərinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini önə çıxarır.