15 Iyun 2024 10:05
475
Təhsil
A- A+

Son zəng - gələcək uğurlara çağırış

 

Yaşadığımız bu gözəl həyatda unudulmaz günlərimiz, anlarımız çox olur. Belə günlərimizdən biri də orta məktəbi bitirdiyimiz, yeni həyata ilk addımlarımızı atdığımız gündür. 
Həmin gün çalınan son zəngdir. Son zəngin sədalarını hamımız eşitmişik. O  unudulmaz anları hamımız yaşamışıq. Son zəng çalınan həmin günün, həmin anın üstündən illər karvanını səssiz-səmirsiz çəkib getsə də, onun sədaları qulaqlarımızdan heç vaxt getmir. Ömrümüzün sonuna qədər yaddaşımızda qalır. Olub-keçənləri xatırlatmaq, o anların sevincini təzədən bizə yaşatmaq üçün qalır.
Dünən Azərbaycanın ümumtəhsil məktəblərində son zəng çalındı. Həmişə kövrək hisslərlə xatırlanacaq bu səslə şagirdlərin ömürlərinin ən şirin, duyğulu və qayğısız günlərinin keçdiyi məktəb illəri sona yetdi.  Bu zəngin sədaları qəlblərin kövrək simlərini titrətdi, könüllərə həzin sığal-tumar çəkdi. 
Başqaları üçün adi bir gün olsa da, son zəngin çalındığı gün 11-cilər üçün unudulmaz oldu. Məzunlar bir anlıq valideynlərinin əlindən tutub dərsə gəldikləri ilk günü,  çətinliklə yazdıqları hərfləri, əzbərlədikləri şeirləri,  on bir il çiyinlərində daşıdıqları məktəb çantalarını, hər gün qarşısına çıxdıqları lövhəni, onlara qələm tutmağı öyrədən müəllimləri xatırladılar. 
Son zəngin xoş və unudulmaz sədaları bu yay günündə məktəbliləri müstəqil həyata səsləyirdi. O həyata ki, şagirdlər onu illərdən bəri arzulayırmışdılar, intizarını çəkmişdilər. Əminik ki, təhsilini başa vurmuş şagirdlər ölkəmiz üçün dəyərli vətəndaş, valideynlər üçün qürurlu övlad olacaqlar, səsləri zirvələrdən gələcək, uğurları, zəfərləri ilə ad-san qazanacaqlar.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video