Şirvanda Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü tədbiri keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə öncə şəhid Xəqani Məmmədovun və digər şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Çıxış edən İlqar Abbasov şəhidin ailəsinə belə vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qeyd olunduğunu bildirən və 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışan natiq vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir. Qeyd olunub ki, Şirvan şəhəri də daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Digər çıxış edənlər də tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş oğullara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıblar.
Sonra şəhid Xəqani Məmmədovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib.
Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alan Xəqani Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 10 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Xəqani Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.