Azərbaycanın musiqi mədəniyyətinin parlaq simalarından biri - unudulmaz sənətkarımız Rəşid Behbudovun 110 illik yubuleyi tamam oldu. Bu əlamətdar tarix Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük musiqi xadiminin xatirəsinə sevgi hissi ilə qeyd edilir. Rəşid Behbudov XX əsr milli incəsənət tariximizdə əbədi iz qoymuş sənətkarlardandır.
O, 1915-ci il dekabrın 14-də Tiflisdə, əslən Şuşadan olan tanınmış xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Anası Firuzə Vəkilova Qazaxın Yuxarı Salahlı kəndindən olan məşhur Vəkilovlar nəslinə mənsub idi. Atası xanəndəlik etdiyindən bu ailədə musiqiyə dərin bir bağlılıq vardı. Firuzə xanım isə çar ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı kimi zadəgan ailəyə mənsub olduğu üçün dövrünə görə yaxşı təhsil almış, Tiflisdəki Müqəddəs Nina qadın gimnaziyasını bitirmişdi. Rus və fransız dillərini mükəmməl bilir, müəllim işləyirdi. O, Tiflisdə qadın müsəlman cəmiyyəti təşkil etmişdi. Orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar da səhnələşdirmişdi.
Belə bir ailə mühitində böyüməsi böyük qardaşı, gələcəyin tanınmış rejissoru Ənvər Behbudov və bacısı tanınmış aktrisa Nəcibə Behbudova kimi ailənin sonbeşiyi Rəşid Behbudovun da gələcək sənət yolunun təməlini erkən yaşlardan formalaşdırmağa başlamışdı.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdu. Təhsil aldığı illərdə tələbə orkestrində çıxış edərək səhnə təcrübəsini daha da zənginləşdirmişdi. Hərbi xidmət zamanı da musiqidən uzaq düşməmiş, ordu ansamblının solisti kimi fəaliyyət göstərmişdi. Xidmətini başa vurduqdan sonra Tiflisdəki estrada qruplarından birində solistliyə başlamışdı. Qısa müddətdən sonra Azərbaycan Dövlət Caz Orkestrinə dəvət olunmuşdu.
Ötən əsrin 30-cu illərində gənc müğənni artıq Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo partiyalar oxuyurdu. 1939-cu ildə o, teatrın kollektivi ilə birlikdə Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində iştirak etdi. İkinci Dünya müharibəsi illərində əksər sənət adamlarımız kimi, Rəşid Behbudovun da həyatı oddan-alovdan keçdi. 1942-ci ildə Krım cəbhəsində çıxış etdi, həmin il İrana qastrol səfərində oldu.
Dünyada tanınan "arşınmalçı"
1943-cü ilin sonunda Bakı kinostudiyasında çəkilən "Arşın mal alan" filmi Rəşid Behbudovun həyatında yeni bir səhifə açdı. Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılmış bu filmdə o, Əsgər obrazını canlandırdı.
1945-ci ildə "Arşın mal alan" filminin nümayişindən sonra gənc müğənni bütün Sovetlər İttifaqında böyük şöhrət qazandı və tədricən bu şöhrət dünyaya yayıldı. Üzeyir bəy Hacıbəylinin musiqisi və Rəşid Behbudovun Əsgəri müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin simvoluna çevrildi.
O, Əsgər rolunda dərin məhəbbət hisslərini, gənclik ehtirasını, xoşbəxtlik arzusunu səmimi və dinamik şəkildə təqdim edərək milyonlarla tamaşaçının qəlbini fəth etmişdi. Sənətkarın öz xatirələrində göstərdiyi kimi, "Arşın mal alan" onu bir çox ölkədə əvvəlcədən tanıdan, tamaşaçı ilə səmimi bağ yaradan bir sənət körpüsü olmuşdu. 1946-cı ildə bu roluna görə həmin illərin ən yüksək dövlət təltiflərindən olan "Stalin" mükafatına layiq görüldü.
Sonrakı illərdə isə sənətkarın fəaliyyəti daha geniş miqyas aldı. O, 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti oldu. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblını yaradaraq ona rəhbərlik etməyə başladı. 1966-cı ildən isə caz, estrada, balet və pantomim janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təsis etdi, ömrünün sonuna qədər bu teatrın bədii rəhbəri və solisti kimi fəaliyyət göstərdi.
Rəşid Behbudovun sənəti təkcə Azərbaycan, keçmiş SSRİ sərhədləri ilə məhdudlaşmırdı. O, SSRİ məkanında olduğu kimi, Argentina, Belçika, Çin, Hindistan, İran, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə də geniş repertuarla çıxış edərək Azərbaycan musiqisini dünyaya tanıdırdı. Xüsusilə xalq mahnılarımızın və milli bəstəkarların vokal əsərlərinin xarici auditoriyalarda sevilməsində onun xidmətləri əvəzsizdir. Sənətkar Hindistana səfər təəssüratlarını "Uzaq Hindistanda" adlı kitabında qələmə alıb.
Müğənni və aktyor sənətinin zirvəsində
Geniş yaradıcılıq diapazonuna, nadir ifaçılıq və aktyorluq məharətinə malik olan Rəşid Behbudov təkcə qüdrətli səs sahibi deyildi, eyni zamanda obraz yaradan, səhnədə musiqini yaşayan və yaşadan böyük aktyor idi.
Yaradıcılığına diqqət yetirdikdə müğənnilik və aktyorluq istedadının onun sənətində necə üzvi şəkildə qovuşduğunu görürük. Bu sintez sənətkarın zəngin fantaziyası, dərin musiqi duyumu və səhnə mədəniyyəti ilə birləşərək qeyri-adi bədii nəticələr doğururdu. Zəngin repertuarı, ifa üslubunun özünəməxsusluğu, fəaliyyət sahələrinin genişliyi Rəşid Behbudovun yaradıcılıq simasını göz önündə canlandırır.
Rəşid Behbudov Azərbaycan və dünya xalqlarının mahnılarını, klassik və müasir bəstəkarların romanslarını, opera ariyalarını böyük ustalıqla ifa edirdi. Æanrından və həcmindən asılı olmayaraq, hər bir əsərə eyni ciddiliklə yanaşması onun sənətkarlığının əsas göstəricilərindən idi. Estrada ifaçılığı ilə yanaşı, opera səhnəsində də özünü təsdiqləməsi sənətkarın mükəmməl vokal texnikaya malik olduğunu göstərirdi.
Onun musiqili səhnə fəaliyyətində iki obraz xüsusi mərhələ hesab olunur: bunlardan biri, qeyd etdiyimiz kimi, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan"dakı Əsgər, digəri Fikrət Əmirovun "Sevil" operasındakı Balaş obrazıdır. Fərqli dövrlərdə, fərqli üslub və estetik prinsiplərlə yazılmış bu əsərlərdə Rəşid Behbudovun yaratdığı obrazlar onun təfsirində tamamilə yeni, canlı və inandırıcı məna kəsb etmiş, əsərlərin səhnə və ekran uğurunda həlledici rol oynamışdır.
Fikrət Əmirovun "Sevil" operasında yaratdığı çox mürəkkəb Balaş xarakteri onun opera artisti kimi ilk və ən parlaq çıxışı idi. Bəstəkarın məhz Behbudovun səsinə və yaradıcılıq imkanlarına uyğun yazdığı bu partiya müğənni və aktyor istedadının vəhdətini tam dolğunluğu ilə üzə çıxardı. 1959-cu ildə Moskvadakı Böyük Teatrın səhnəsində Balaş rolunda çıxışı sənətkara SSRİ Xalq artisti fəxri adını qazandırdı.
Həyat ruhlu nəğmələr
Rəşid Behbudov estrada səhnəsini əsas fəaliyyət sahəsi kimi seçsə də, klassik opera ariyalarını da daim repertuarında saxlamışdı. Üzeyir bəy Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Puççininin "Bohema", Çaykovskinin "Yevgeni Onegin" operalarından ariyaları konsertlərdə böyük zövqlə ifa edirdi. Onun səs yazıları və ayrı-ayrı filmlərdə qorunub saxlanılan ifaları sənətkarın vokal imkanlarının genişliyini bir daha nümayiş etdirirdi.
Rəşid Behbudovun səsində xalq musiqisindən gələn intonasiya sərbəstliyi ilə akademik üslub ustalıqla qovuşurdu. Bu isə onun ifalarına xüsusi canlılıq, obrazlarına həyati cizgilər gətirirdi. Nəticədə mahnılar nə sırf estrada, nə də tam akademik xarakter daşıyır, hər ikisinin sintezindən doğan orijinal bir üslub yaranırdı. Görkəmli bəstəkarımız Fikrət Əmirovun da vurğuladığı kimi, Rəşid Behbudovun səsindəki məlahət, aydın tələffüz, səhnə davranışındakı ölçü-biçi ifaçı ilə tamaşaçı arasında səmimi estetik ünsiyyət yaradırdı.
Müğənnilik və aktyorluq keyfiyyətlərinin sintezi Rəşid Behbudovun kino yaradıcılığında da aydın görünür. "Bəxtiyar", "Min birinci qastrol" filmlərində o həm baş rolun, həm də mahnıların ifaçısı kimi çıxış edərək obrazın daxili aləmini böyük ustalıqla açmağa nail olurdu.
Bu yaradıcılıq konsepsiyasının ən parlaq təcəssümü isə Rəşid Behbudovun yaratdığı və bu gün də onun milli mədəniyyətimizə ən dəyərli töhfələrindən biri kimi uğurla fəaliyyət göstərən Mahnı teatrıdır. Mahnının təkcə dinlənilən deyil, həm də "görünən" sənət nümunəsinə çevrildiyi bu teatr musiqi, poeziya, xoreoqrafiya və aktyor oyununun üzvi vəhdətini təqdim edirdi. Xalq sənətinin qədim ənənələrindən qaynaqlanan bu yanaşma müasir musiqili teatrın orijinal nümunəsi kimi böyük maraq doğurur.
Mahnı teatrının baş qəhrəmanı da məhz Rəşid Behbudovun özü idi. O, burada təkcə ifaçı deyil, həm də rejissor kimi çıxış edir, tamaşanın bütün bədii xəttini formalaşdırırdı. Peşəkar kollektiv, zəngin musiqi tərtibatı və parlaq səhnə həlli bu teatrı Azərbaycan mədəniyyətində unikal hadisəyə çevirmişdi.
Nadir sənət fenomeni
Beləliklə, Rəşid Behbudovun yaradıcılıq siması müğənni və aktyor istedadının vəhdətində formalaşmış nadir sənət fenomenidir. Məhz bu vəhdət onun sənətini zamansız etmiş, Azərbaycan mədəniyyətinə yüksək estetik dəyərə malik nümunələr qazandırmışdır.
Rəşid Behbudovun ifa etdiyi mahnılar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus üslubu, dərin emosional təsir gücü və yüksək bədii-estetik səviyyəsi ilə seçilir. Onun mahnı yaradıcılığı təkcə gözəl səs imkanlarının deyil, həm də zəngin musiqi təfəkkürünün, aktyorluq duyumunun və milli musiqi ənənələrinə dərindən bağlılığın məhsuludur.
Rəşid Behbudovun bütün mahnılarında sözə münasibət xüsusi yer tutur. O, ifa etdiyi hər bir mahnının mətnini yalnız oxumur, onu yaşayır, sözün daxili mənasını dinləyiciyə çatdırır. Diksiyasının aydınlığı, vurğuların dəqiqliyi, sözlə musiqi arasındakı tarazlıq onun ifaçılıq üslubunun əsas cəhətlərindəndir. Bu xüsusiyyət Rəşid Behbudovun ifalarını sadə dinləmə obyektindən çıxarıb, bədii düşüncə aktına çevirir.
Oxuduğu bütün mahnıların uğurlu alınmasının ən mühüm səbəbi isə onun özünə qarşı son dərəcə tələbkarlığından, səhnə adamı kimi özünəhörmət hissindən irəli gəlirdi. Onun fəaliyyət tərzinə, iş üsuluna yaxşı bələd olan sənət yoldaşları xatırlayırlar ki, Rəşud Behbudov kiçik bir mahnı parçası üzərində bəzən 6 ay çalışır, tam istədiyi səviyyəyə çatmayana qədər onu dinləyicilərinə təqdim etmirdi. Məhz bu tələbkarlıq onun, demək olar ki, bütün ifalarına peşəkar kamillik gətirib.
Ölməz sənətkarımızın ifa etdiyi mahnılar dramatik inkişaf xəttinə malikdir. O, mahnını başlanğıc, kulminasiya və nəticəsi olan kiçik bir səhnə əsəri kimi təqdim edir. Burada aktyorluq istedadı xüsusi rol oynayır. Səs tembrinin dəyişməsi, pauzaların məqsədyönlü istifadəsi, intonasiya çalarları mahnının emosional xəritəsini formalaşdırır, dinləyicini hadisənin içərisinə çəkir.
Onun repertuarındakı mahnıların əksəriyyəti lirik-romantik ovqat üzərində qurulsa da, bu lirika passiv və statik deyil. Əksinə, Rəşid Behbudovun ifasında sevgi, həsrət, sevinc və kədər fəal emosional enerjiyə çevrilir. Bu da onun mahnılarını zaman və məkan məhdudiyyətindən çıxararaq, müxtəlif nəsillər üçün anlaşılan və doğma edir.
Rəşid Behbudovun mahnılarının özünəməxsusluğunu şərtləndirən mühüm cəhətlərdən biri də nəhəng sənətkarın çoxdilli ifaçılıq qabiliyyətidir. O, Azərbaycan mahnılarını müxtəlif dillərdə ifa etməklə onların milli ruhunu qorumuş, eyni zamanda bu musiqini dünya auditoriyasına yaxınlaşdırmışdır. Bu yanaşma Azərbaycan mahnısını hələ sərhədlərin qapalı olduğu SSRİ dövründə beynəlxalq mədəni dövriyyəyə çıxaran mühüm amillərdən olmuşdur.
Görkəmli musiqi xadiminin ifaçılıq tərzində sadəlik və yüksək sənətkarlıq harmoniyası diqqət çəkir. Onun mahnıları texniki baxımdan mürəkkəb olsa da, ifa zamanı bu mürəkkəblik hiss olunmur, hər şey sanki təbii və asan səslənir. Bu isə yalnız böyük ustalığın göstəricisidir.
Rəşid Behbudovun mahnıları Azərbaycan vokal sənətində unikal bir məktəb formalaşdırmışdır. Bu məktəbin əsas xüsusiyyəti səs, söz, musiqi və obrazın vəhdətidir. Məhz bu vəhdət sayəsində Rəşid Behbudovun ifa etdiyi mahnılar bu gün də öz təravətini, bədii gücünü və təsir imkanlarını qoruyub saxlayır.
Görkəmli müğənni və ictimai xadim Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan musiqi mədəniyyətinin qızıl fondunda xüsusi yer tutur.
Rəşid Behbudovun sənəti hər zaman yüksək qiymətləndirilmiş, Azərbaycan, SSRİ və Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı və sair kimi yüksək mükafatlara layiq görülmüşdü.
Bu gün də bütün dünyada Rəşid Behbudova olan sevgi, nəsillər keçdikcə onun bir-birindən gözəl mahnılarının yenə sevə-sevə dinlənilməsi ölməz sənətkarımızın istedadına, zəhmətinə verilən ən böyük dəyərdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"