Ermənistan konstitusiyası dəyişmədiyi müddətdə sülh mümkünsüzdür
Dörd ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir. Azərbaycan qalib ölkə kimi prosesə sadiqliyini dəfələrlə isbatlasa da, Hayastan məğlub ölkə olmasına baxmayaraq, bu müddət ərzində dondan-dona girməklə sülh sazişini imzalamaqdan yayınır.
Hətta müqavilənin imzalanmamasında Azərbaycanı günahkar çıxarmağa da can atır. Bununla da rəsmi İrəvan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır.
Amma fakt budur ki, sülhü istəyən Azərbaycandır. Torpaqları işğal altında olarkən də Azərbaycan keçmiş münaqişənin sülh yolu ilə həllini istəyirdi. Bu gün də Azərbaycan öz humanizm prinsiplərinə sadiq qalaraq savaş istəmir.
Əgər Azərbaycan sülh istəməsəydi, onun şərtlərini hazırlayıb Ermənistana təqdim etməzdi. Əgər Azərbaycan savaş istəsəydi, işğaldan azad etdiyi əraziləri yenidən bərpa edib yurdundan-yuvasından didərgin düşən vətəndaşlarını yenidən atəş altına göndərməzdi.
Danılmaz reallıqdır ki, Ermənistanın dalan ölkə olmaqdan qurtuluşu yalnız Azərbaycanla danışıqlardan, sülh müqaviləsinin imzalanmasından keçir. Buna görə də İrəvan Bakının sülh çağırışlarına cavab verməyə məcburdur. Çünki regionun təhlükəsizliyi və Ermənistanın qurtuluş yolu sülh müqaviləsindən keçir.
Dörd ilə yaxındır ki, müxtəlif tərəflər ortalığa düşərək iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçi rolunu oynamaq istəyirlər. Amma proseslər göstərir ki, artıq vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər bəzən öz maraqları çərçivəsində olan prinsipləri həyata keçirməyə çalışırlar və sülhün əldə olunması müşkülə çevrilir. Necə ki, ATƏT-in keçmiş Minsk qrupu 25 ilə yaxın müddətdə bu siyasəti həyata keçirmişdi...
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev sülh prosesini dəyərləndirdikdə bu məsələyə toxunaraq vurğulamışdı ki, indi tərəflər müsbət tendensiyaya və sülhə doğru gedirlər, sərhədlərin delimitasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu da onu göstərir ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində ardıcıl və mühüm addımlar atılır. Qazax rayonunun 4 kəndinin azad edilməsi, sərhəd dirəklərinin quraşdırılması da sülhə nail olunması üçün real müstəvidə görülən işlərə əyani nümunədir. Təbii ki, əldə olunan razılaşmalar vasitəçilərin iştirakı olmadan iki ölkə arasında birbaşa dialoqların aparılmasının, görüşlərin keçirilməsinin mühüm nəticəsidir.
Amma sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbi yerinə yetirilməlidir. Bu da Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbidir. Yəni Hayastan konstitusiyası dəyişmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüzdür.
Reallıq budur ki, rəsmi Bakı sülhdə maraqlı olmaqla yanaşı, prosesin qalıcı olmasına xüsusi diqqət edir. Ermənistanın mövcud konstitusiyası isə yekun sülhün önündə başlıca maneədir. Konstitusiyanın bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları əks olunub. Bundan başqa, Bakı gələcəkdə Ermənistanın hüquqi bəhanələri ilə sülh müqaviləsini pozmasını, üzərinə götürdüyü öhdəliklərdən yayınmasını istəmir.
Onu da vurğulayaq ki, artıq Ermənistan konstitusiyasının dəyişdirilməsi yolunda müəyyən siqnallar verilib. Bu ölkə xarici və daxili təzyiqlərə baxmayaraq, bu addımları davam etdirməlidir. Çünki sülhə nail olunacağı təqdirdə, həm də Ermənistanın öz iqtisadiyyatı üçün böyük dividendlər vəd edən Orta dəhlizin də bir halqaya çevrilə biləcəyi istisna olunmur.
Lakin "Avropa Sülh Fondu" tərəfindən Ermənistana ayrılmış 10 milyon avro yardım sülh danışıqlarına zidd proses oldu desək, yanılmarıq. Çünki həmin vəsait ölkənin silahlı qüvvələrində modernləşdirmə prosesi aparmaq üçün ayrılıb. Yəni yeni silahların alınması və digər istiqamətlərdə xərclənəcək vəsaitdir. Avropa İttifaqının "Sülh Fondu" adı ilə çıxış edilsə də, məlum məsələdir ki, bu vəsait sülhün bərqərar olunması üçün nəzərdə tutulmayıb. Məhz bu vəsaitin ayrılmasından sonra Ermənistan sərhəddə iki dəfə təxribat törədib.
Göründüyü kimi, yenə də hansısa tərəf iki ölkə arasında kövrək sülhə xələl gətirmək üçün hansısa oyunu oynayır. Bunlar Cənubi Qafqazda sabitliyin bərqərar olmasına qarşı atılan addımlardır. Lakin həmin qüvvələr Ermənistanı silahlandırmaqla heç nəyə nail ola bilməyəcəklər. Həmin dairələr də, Ermənistan da Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məsələdə ortaya qoyduğu mövqeyini yaxşı bilirlər. Qalib sərkərdə qətiyyətlə vurğulayıb ki, Azərbaycana qarşı hər hansı təhdid, revanşist cəhdlərin artdığını görsək legitim hüququmuzdan istifadə edəcəyik. Heç kim Azərbaycanı saxlaya bilməyəcək. Hətta Fransadan və digər ölkələrdən alınan sınıq-salxaq silahlar da Ermənistana kömək etməyəcək.
Bütün bunlar isə bir daha təsdiq edir ki, bölgədə sülhü təmin edəcək siyasi iradə ortaya qoyan Azərbaycanın təklif və şərtləri mütləq yerinə yetirilməlidir. Yalnız bu halda Cənubi Qafqazda davamlı sülhə nail olunacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"