26 Oktyabr 2023 09:00
10489
SİYASƏT
A- A+

Şərtlər dəyişmir

 

Regionda yeni əməkdaşlıq platforması yalnız sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər

 

Qarabağda 30 ildən çox qeyri-qanuni fəaliyyət göstərmiş qondarma qurumun ləğv olunması ilə regional əməkdaşlıq üçün əlverişli şərait yaranıb. Bölgə dövlətləri arasında qarşılıqlı münasibətlərin  "3+3" formatında inkişaf etdirilməsi yenidən gündəmə gəlib.
Bu təklif 3 il öncə, İkinci Qarabağ müharibəsi bitəndən sonra irəli sürülmüşdü. Prezident İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü ilə irəli sürülən bu əməkdaşlıq formatının mühüm əhəmiyyəti xüsusi vurğulanırdı. Bu gün həmin əməkdaşlıq platformasının yaradılması istiqamətində addımlar atılır və artıq nazirlər səviyyəsində Tehranda ilk görüş də keçirilib. Azərbaycan Ordusunun ötən ay həyata keçirdiyi ildırımsürətli antiterror tədbirlərindən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilk dəfə bir araya gəliblər. Növbəti ikinci görüşün isə Türkiyədə keçirilməsi barədə qərar qəbul olunub. 
Əlbəttə ki, bu formatda əməkdaşlıq region ölkələrinin maraqlarına uyğundur və bu format 6 ölkəyə iqtisadi dvidendlər də qazandıra bilər. Ancaq bu format o zaman reallaşa bilər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bu proses isə məğlub dövlətin siyasi oyunbazlığı səbəbindən hələ də həll olunmamış qalır. 
Qondarma rejimin ləğv edilməsindən sonra sülh üçün əlverişli zəmin yarandığı halda Ermənistan havadarlarına, bəzi Qərb dairələrinin, xüsusən də Avropa Parlamentinin boş-boş kağız parçalarına güvənərək sülh müqaviləsini imzalamaqdan yenə də yayınmağa başlayıb. Maraqlısı budur ki, sülh müqaviləsi bağlamağa hazır olduğunu sözdə dəfələrlə vurğulayan Nikol Paşinyan oktyabrın 17-də Avropa Parlamentində yenə də sərsəm iddialarla çıxış edərək Azərbaycanı ittiham etdi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, antiterror tədbirlərində separatçıların Qarabağdan təmizlənməsinə heç bir etiraz bildirməyən, Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini deyən Nikol Paşinyan, Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin "etnik təmizlənməsi"ndə ittiham etməsi bir daha göstərdi ki, Hayastan hələ də sülhə hazır deyil. 
Bu azmış kimi, Paşinyan həmin iclasda iddia edib ki, guya Azərbaycan və Türkiyə onlar üçün blokada yaradıb. Amma hər kəsə bəllidir ki, Ermənistan yalnız hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunub. İndi yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılmaması səbəbi də Ermənistanla bağlıdır. Bu ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün dəhlizin reallaşması müşkülə çevrilib. Yəni bu ölkə daha bir fürsəti əldən verib. Çünki artıq İran ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında saziş imzalanıb. Bu da onu göstərir ki, Ermənistan yenə də regional layihədən kənarda qalacaq. 
Sülh danışıqlarına gəlincə, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə keçirilən sülh danışıqları zamanı Nikol Paşinyan sazişin bağlanmasının tərəfdarı olduğunu hər dəfə bildirsə də, bunu kağız üzərində rəsmiləşdirməkdən boyun qaçırır. 
Tərəflər arasında sonuncu görüş İspaniyanın Qranada şəhərində keçirilməli idi. Lakin rəsmi Bakı Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ liderlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan beştərəfli görüşdən Parisin mövqeyi və Türkiyə tərəfinin də qatılmasına razılıq verilməməsi səbəbindən imtina etmişdi. Bundan sonra Belçikanın paytaxtı Brüssel şəhərində ənənəvi formata uyğun olaraq ay ərzində Prezident İlham Əliyev, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılmışdı. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, vaxt məhdudiyyətinə görə bu görüş də baş tutmayacaq. 
Sülh danışıqlarında Azərbaycanın mövqeyi artıq dünyaya bəllidir. İlham Əliyev  dəfələrlə bəyan edib ki, əgər Azərbaycan Ermənistan tərəfindən konstruktiv yanaşma görsə, yəni məğlub ölkə ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda sülh variantını tapmaq asan olar. Yəni müharibənin qalib tərəfi olmasına rəğmən, Azərbaycan bu gün də məğlub ölkəyə qurtuluş yolu, hər iki tərəfi qane edəcək sülh modeli təklif edir.
Amma son günlərdə Fransanın Ermənistanla imzaladığı silah sazişi onu göstərir ki, Paris bu ölkəni yenidən silahlandırmaqla bölgədəki sabitliyi pozmağa can atır. Bunu təkcə biz yox, digər dövlətlər də təsdiqləyirlər. 
Sülh prosesi ilə bağlı Rusiyanın mövqeyini açıqlayan bu ölkənin xarici işlər naziri Sergey Lavrov konkret olaraq vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub: "Hər iki tərəf razıdır ki, Qarabağ Azərbaycana məxsusdur və həll edilməli olan əsas məsələ bu idi. Əlbəttə, münasibətlərin tam normallaşması, xüsusən də sülh müqaviləsinə hazırlıq, sərhədlərin demarkasiyası və maneəsiz iqtisadi nəqliyyat əlaqələrinin qurulması üçün praktiki addımlar qalır".
S.Lavrovun dediyi kimi, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdırlar. Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vaxtında yerinə yetirib və bu gün də onlara sadiqdir. Əgər Ermənistan hakimiyyəti xalqının qurtuluş yolunu istəyirsə, İlham Əliyevin dəyişməz şərtləri əsasında sülh müqaviləsinə imza atmalıdır. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video