21 Aprel 2026 09:10
172
CƏMİYYƏT
A- A+
"Şəhidlik cəsurları qorxutmur"

"Şəhidlik cəsurları qorxutmur"


Yenicə yaranmağa başlayan ordumuza ilk könüllü gələnlərdən biri də ürəyi Vətən eşqi ilə döyünən Tofiq Məmmədov oldu. Bu addımı atmaqda onun məqsədi əldə silah Qarabağı erməni işğalçılarından qorumaq idi. Onda hələ nə Şuşa, nə də Laçın işğal olunmuşdu. Dünyanı sarsıdan Xocalı faciəsi də baş verməmişdi.   

Erməni qəsbkarlarının təxribatı nəticəsində alovlanan Qarabağ müharibəsi başqaları kimi Tofiqin də həyatının nizamını pozdu. Erməni separatçılarının əbədi-əzəli Azərbaycan torpaqları olan Qarabağda dinc insanları öldürməsinə, kənd-kəsəkləri viran qoymasına, evləri yandırmasına dözə bilməyən Tofiq orduya yazıldı. 1991-ci il dekabr ayının 5-də Şəhidlər xiyabanında əsgərlərin ilk andiçmə mərasimi keçirildi. Qarabağın müdafiəsinə yollanan Tofiq Məmmədov da həmin əsgərlərin arasında idi. Dekabrın 9-da isə o, həyat yoldaşı, uşaqları və valideynləri ilə sağollaşıb Qarabağa yola düşdü. İlk dəfə gördüyü bu yerlərin gözəlliyinə heyran olan Tofiq Məmmədov ermənilərə qarşı cəsarətlə vuruşdu. İstəmirdi ki, bu gözəl yerlərin bir qarışı belə düşmən əlinə keçsin.  

25 dekabr 1991-ci ildə Tofiq Məmmədovun da daxil olduğu bölüyün 25 nəfərini Kərkicahan qəsəbəsinin müdafiəsinə göndərdilər. Həmin vaxt bu yaşayış məntəqəsi uğrunda qanlı döyüşlər gedirdi. Düşmən nəyin bahasına olursa-olsun, böyük strateji əhəmiyyəti olan Kərkicahanı ələ keçirməyə çalışırdı. Dekabrın 27-dən 28-nə keçən gecə erməni qüvvələri Xankəndi istiqamətindən genişmiqyaslı hücuma keçərək Kərkicahanı mühasirəyə aldılar. Şiddətli döyüş 6 saatdan çox davam etdi. Bir an belə silahlar susmadı, atəş səsləri kəsilmədi. Dağlara, daşlara od püskürən bu qeyri-bərabər döyüşdə Azərbaycan Ordusunun ilk əsgərləri müdafiə xəttindən geri çəkilmədən sonadək vuruşdular. Bacardıqları qədər separatçılara ciddi müqavimət göstərdilər. Vəziyyət daha da gərginləşəndə, mühasirə dairəsi daralanda əsgərlərdən 5-i mühasirəni yararaq Şuşaya qayıda bildi. 11 yaralı əsgər və zabit əsir alındı, yerdə qalanlar isə şəhid oldular. Cəsur əsgər Tofiq Məmmədov da həlak olanların arasında idi.

Tofiq Əbülfət oğlu Məmmədov 1958-ci il dekabrın 27-də anadan olub. Orta təhsilini indi onun adını daşıyan orta məktəbdə alıb. Təlim-tərbiyəsi, nizam-intizamı ilə seçilən şagirdlərdən olan Tofiq 18 yaşı tamam olanda əsgəri xidmətə çağırılıb. Keçmiş sovet ordusunun sıralarında Gürcüstanın Axalkalaki rayonunda qulluq edib. Hərbi xidmətdən qayıtdıqdan sonra işə düzəlib. Ailə həyatı qurub Tanrıdan qismətinə düşən ömrünü yaşayırdı. Əgər erməni separatçıları Qarabağı işğal etmək üçün müharibə başlatmasaydı, Tofiq həyatını elə bu axarla da davam edəcəkdi. 

Tofiqin komandiri olmuş Mehman Hüseynov onun son döyüşünü xatırlayaraq dedi ki, qəfil həmlə ilə hücuma keçən düşmənin qarşısını almaq olduqca çətin idi: "Çünki qəsbkarların canlı qüvvəsi bizimkindən qat-qat çox idi. Dörd saata yaxın mühasirədə vuruşduq. Əsgərlərimiz ölümdən qorxmadan qəhrəmanlıqla döyüşürdülər. Ermənilər itki verdikcə azğınlaşır, hücumlarını daha da gücləndirirdilər. Bu qanlı döyüşdə 7 əsgərimiz şəhid oldu, bir neçəsi isə ağır yaralandı. Sağ qalanlar geri addım atmır, qisas və nifrət hissi ilə vuruşurdular. Tofiq igidlik göstərirdi. O, 20-dən çox düşmən döyüşçüsünü məhv etdi. Əməliyyatın qızğın çağında sürünə-sürünə yanıma gəlib dedi ki, komandir, hərbi sursatım qurtarıb. Özümdə qalan patronların yarısını ona verdim. Bir az keçmişdi ki, Tofiqin yaralandığını eşitdim. Tez özümü onun yanına çatdırdım. Yarası çox ağır idi. O, Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Tofiq torpağını, Vətənini, millətini sevən oğlan idi. Heç vaxt ölümdən qorxmazdı. Bəlkə də elə ona görədir ki, mən hələ də onun ölümünə inana bilmirəm, daha doğrusu, inanmaq istəmirəm". 

Tofiq "Ana", "Vətən", "Torpaq" sözlərini yazmağı da, onun uğrunda ölməyi də Badamdar qəsəbəsindəki 239 nömrəli orta məktəbdə öyrənmişdi. İndi həmin məktəb onun adını daşıyır. Bir vaxtlar T.Məmmədovun sinif rəhbəri olmuş ədəbiyyat müəllimi Afət Əhmədova qəhrəman şagirdi haqqında ürək ağrısı ilə danışdı. Dedi ki, Tofiqin ölüm xəbəri onu yaxından tanıyanları çox sarsıtdı. 

Ürəyində oğul dərdi, bala nisgili gəzdirən Bədircahan ana danışdıqca göz yaşlarını saxlaya bilmirdi:

- Tofiq dekabr ayının əvvəllərində dedi ki, bir neçə gündən sonra Qarabağa gedir. Əvvəlcə istədim onu bu yoldan çəkindirim. Sonra gördüm ki, bu iş baş tutan deyil. Çünki həmişə evdə Qarabağ müharibəsindən söz düşəndə deyirdi ki, yurdumuza göz dikən düşməni bax, bu əllərimlə boğub öldürmək istəyirəm. Cəbhəyə yola düşməzdən bir neçə gün əvvəl mənə dedi ki, əgər şəhid olaramsa, ağlayıb göz yaşları tökməzsən, o ağaran saçlarını yolmazsan, qara geyinib gəzməzsən, qoy dost-tanış səni gözüyaşlı görməsin. 

Gedəndən 10 gün sonra evə zəng vurmuşdu. Körpələri ilə danışmaq istədi. Amma uşaqlar evdə yox idi. Dedi ki, sabah da zəng vuracağam, qoy uşaqlar evdə olsun, heç olmasa səslərini eşidim. Ertəsi gün axşam çox gözlədik, amma ondan zəng gəlmədi. Axı hardan biləydik ki, dünənki zəng balamın son zəngi imiş. İlin son günü, dekabrın 31-i axşam telefonumuz zəng çaldı. Dəstəyi qaldırdım. Fikirləşdim ki, yəqin Tofiqdir, zəng vurub Yeni ilimizi təbrik etmək istəyir. Amma zəng vuran hərbçi yoldaşı oğlumun şəhid olduğunu dedi. Quruyub yerimdə qaldım. Bir an içində dünya gözlərimdə qaranlığa büründü. Başımı itirdiyimdən zəng vuranın kim olduğunu, haradan danışdığını da soruşmadım. Müdafiə Nazirliyinə, hərbi hissəyə zəng vurduq, amma dəqiq xəbər ala bilmədik. Hər yerdən əlimiz üzüləndən sonra elə fikirləşdim ki, bəlkə kimsə bizi səhv salıb. Gecə səhərə kimi gözlərimə yuxu getmədi. Oğlumun şəhid olmağına inana bilmirdim. Səhər lap ertədən telefon zəng çaldı. Ömrümdə ilk dəfə olaraq qorxa-qorxa dəstəyi qaldırdım. Eşitdiyim sözlər varlığımı sarsıtdı. Zəng vuran bildirdi ki, Tofiqin meyiti məsciddə yuyulub, hazırdır, gəlin aparın. Dilim söz tutmadı. Elə bildim ki, evimiz titrəyir, bütün dünya ayağımın altında əsirdi. Ağlamaqdan göz yaşlarım da qurumuşdu. Yaxınların, doğmaların iştirakı ilə Tofiqi Şəhidlər xiyabanında dəfn etdik. 

T.Məmmədov Qarabağ döyüşlərinə ölüm adlı bir körpünün üstündən qorxmadan keçib getmişdi. Bu yolun astanasında o, son ürək sözlərini ağ kağız vərəqləri üzərinə köçürüb qardaşı oğlu Şahinə vermişdi. Tapşırmışdı ki, əgər işdir qayıtmasa, şəhid olsa, vəsiyyətini anasına versin. Tofiqin dəfnindən bir neçə gün sonra Şahin əmisinin son tapşırığını yerinə yetirdi. Onun yazdığı məktub bu sözlərlə başlayırdı: "Qarabağa döyüşməyə getmək niyyətimi tanışlara bildirəndə təəssüf ki, heç kim məni anlamaq istəmədi. Qadınlarımızı başa düşürəm, amma "kişi"lərin "nəyinə lazımdır" kəlməsi küt bıçaq kimi ürəyimi deşirdi. Mən bu gün torpaq uğrunda ölməyə hazır olan türk oğullarının arasında olduğuma görə fəxr edirəm. Mənim üçün Ana, Torpaq kəlmələri, sadəcə, quru sözdən ibarət deyil. Ona görə qərara gəldim ki, mənim yerim oradır - ön cəbhədir, döyüş meydanıdır, barıt qoxulu səngərlərdir".

Tofiq 20 gün gecə-gündüz erməni quldurları ilə ölüm-dirim mübarizəsi apardı. Qanlı döyüşlərdən şərəfli ölümü ilə üzüağ çıxdı. T.Məmmədov vəsiyyətini bu sözlərlə bitirmişdi: "Vətənin azadlığı uğrunda ölmək həm asandır, həm də çətin. Amma bu şəhidlik cəsurları qorxutmur". 

239 nömrəli təhsil ocağının pedaqoji kollektivi və şagirdləri onun adını həmişə uca tutur, xatirəsini hörmətlə yad edirlər. Məktəbin həyətindəki büstünün qarşısında həmişə tər qərənfillər olur. Sabahımız olacaq gənclər igidliyi, vətənpərvərliyi onun kimi cəsur oğullardan öyrənirlər. Xalqımız Tofiq kimi qəhrəmanları həmişə qəlbində və  ürəyində yaşadır və yaşadacaq.    


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!