11 Oktyabr 2023 09:20
908
SİYASƏT
A- A+
"Səadətə aparan əqldir"

"Səadətə aparan əqldir"

 

(Qutadqu-bilik)

 

Respublikamızda həyat sürətlə dəyişir. Bunun əlamətlərini insanların rifahının yaxşılaşmasında, qüdrətli iqtisadi inkişafda, yeni iqtisadi və sosial layihələrin həyata keçirilməsində, ölkənin hər yerində genişmiqyaslı tikinti-abadlıq işlərinin aparılmasında aydın görmək mümkündür.
Ölkəmizin uğurları tarixi qələbə işığında xüsusi məna daşıyır. Azərbaycan xalqı 30 il həsrətində olduğu arzusuna çatıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad edib. Ermənilərin illərboyu yaratdığı yalançı və saxta mif "dəmir yumruq" hesabına darmadağın olub. 
Dövlət başçımızın müdrikliyi, cəsarəti və qətiyyəti sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
İndi Qarabağda böyük quruculuq və abadlıq işləri aparılır, möhtəşəm layihələr həyata keçirilir. Dövlət başçısının tapşırığına əsasən, "ağıllı kənd və qəsəbələr" salınır. 
Qeyd olunanlar ata vəsiyyətini həyata keçirən, xalqın nisgilini yox edən, Azərbaycan Bayrağını Qarabağımızda əbədi dalğalandıran İlham Əliyev qələbəsinin təntənəsidir. 
Bunlar böyük qürur və fərəh hissi doğurur və yurdumuzun parlaq gələcəyinə heç bir şübhə yaratmır. Bu inamın əsasında Ulu Öndər Heydər Əliyevin "müasir Azərbaycan" adlı əsəri, müstəqil dövlətimizin memarı və qurucusunun imzası durur.
Xalqımızın tarixboyu yetişdirdiyi bu ən qüdrətli şəxsiyyətin bütün istiqamətlərdə gördüyü əvəzsiz işlərdən biri Azərbaycanın formalaşmış və xarici dövlətlər tərəfindən tanınmış milli əqli mülkiyyət sistemidir. Odur ki, Ulu Öndər milli əqli mülkiyyət sistemimizin müəllifi və yaradıcısıdır. Heydər Əliyev irsi Azərbaycanın ən dəyərli əqli mülkiyyətidir.
Keçmişi izah etmək üçün ilahi vergidən, bu günü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini çəkmişdi. Mümkün əməllərin ictimai təsirini öncədən dəyərləndirmək bacarığı siyasi uğurların bünövrəsini qoyur. Millətin böyüklüyünün onun ayrı-ayrı şəxsiyyətlərinin böyüklüyünü təşkil edən keyfiyyətlərdən ibarət olmasını, tarix boyunca xalqın intellektinin ən dəyərli sərvət, əqli yaradıcılığın isə bu xəzinənin tükənməz mənbəyi olmasını görən dahi Öndərimiz müəllif hüququ və digər əqli mülkiyyət hüquqlarının qorunması, sərəncamçılığı və təmin edilməsi, bir sözlə, dövlətin bu sahədəki siyasətini ön plana çəkdi. Çünki Heydər Əliyev millətin ən dəyərli varidatı olan intellektin böyüklüyünü, onu təşkil edən keyfiyyətlər sırasında millətin nümayəndələrinin yaradıcılığını və yenilikçiliyini görürdü. Şəxsiyyətlərimizə böyük hörmət və ehtiramla yanaşan Ulu Öndər yaradıcılığı və yenilikçiliyi təbii, insan resursları kimi qiymətləndirir, onlara əqli nəticələrin mənbəyi kimi baxaraq, yalnız fərdlərin müvəffəqiyyətləri kimi deyil, ilk növbədə milli intellekt sisteminin xəzinəsini zənginləşdirən alət kimi tanıdırdı.
Zəngin mədəni irsimizi, adət-ənənələrimizi qoruyub saxlamağı, ənənəvi mədəni nümunələrimizi (folkloru) və ənənəvi biliklərimizi gələcək nəsillərə çatdırmağı Ulu Öndər müqəddəs borcumuz kimi görərək, onu torpaqlarımız kimi qorumağı, keşiyində durmağı tövsiyə edirdi. Çünki Heydər Əliyev bu növ qeyri-ənənəvi əqli mülkiyyət nümunələrində Azərbaycan millətinin həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücünün milli təbiət və torpağa bağlılığını görürdü. Çünki mədəni ənənələrimizdə Heydər Əliyev dühası "Azərbaycan ruhunun arxeologiyasını", hər birimizin və bütövlükdə etnosumuzun özünüdərketmə və özünə məxsusluğunun qüdrətli alət olmağını duyurdu, müvafiq mədəniyyətə mənsubluğun əlaqəsini görürdü. Heydər Əliyev tərəfindən daim səsləndirilən milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış qaydaları - Ulu Öndərin dahi düşüncəsinə görə, bütün bunlar, milli keyfiyyətlərimizin doğma yurdla, əcdadlarımız və Ana vətənimizlə qırılmaz tellərlə bağlılığının nümayişidir, təbii relyef, torpaq, ərazi və mühitlə şərtlənir, dərk olunan torpaq - təbiətdən qaynaqlanır.
Odur ki, Heydər Əliyevə görə, folklorumuzun və mədəni adət-ənənələrimizin qocalmaq təhlükəsi yoxdur, bunlar bizim canlı və daim yeniləşən tariximizdir, bizim elə bir keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur. Heydər Əliyev dühası mədəni ənənələrimizdə keçmişimizin tərəqqisini görürdü və bugünkü tərəqqimizi gələcəyin ənənəsinə çevirməyə yönəldirdi. Çünki xalqını dərindən sevən və onunla fəxr edən Heydər Əliyev bunları mədəniyyətimizin canı, Azərbaycan canının mədəniyyəti kimi təsvir edirdi.
Məhz "milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaq" - deyən və bu prinsipi azərbaycançılıq məfkurəsinə daxil edən Ümummilli Liderimizin təşəbbüsü ilə 1993-cü ildə mərkəzi icra hakimiyyəti orqanı statusunda Müəllif Hüquqları Agentliyi yaradıldı, 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunu qəbul olundu.
Qanunun bir incə məqamı da ondan ibarətdir ki, ictimai varidat sayılan qeyri-maddi mədəni irsimizin inciləri - ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi biliklərin hüquqi qorunmasına şərait yaradıldı. Ulu Öndərin tövsiyələri sayəsində Avropa məkanında ilk dəfə olaraq agentlik tərəfindən hazırlanmış "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanun layihəsi Milli Məclisdə 2003-cü ildə qəbul edildi və Heydər Əliyev tərəfindən imzalandı. Bununla yanaşı, "Patent haqqında" və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunlar qüvvəyə mindi. Əqli mülkiyyət haqqında qanunların vacibliyini, cəmiyyətə əhəmiyyətli dərəcədə xeyir və fayda gətirəcəyini görən Heydər Əliyev dühasının uzaqgörənliyinin nümayiş etdirilməsinə aid bir misal gətirək. Bu misal musiqi alətlərinin icadı ilə bağlıdır. Saksofon orkestrin yeganə patentli alətidir. Ona Fransada 1846-cı ildə Adolf Saks tərəfindən patent alınmışdır. Sonrakı təxminən 70 il ərzində saksafona aid 14 patent alınmışdır, onlardan bəziləri elə Saks tərəfindən, bəziləri isə özlərini rəqib adlandıran digərləri tərəfindən. Bu patentlər saksofonun müştük hissəsinin hal-hazırda bildiyimiz kimi olmasına, alt saksofonun, saksofonun digər müxtəlif növlərinə və saksofonun özünün təkmilləşdirilmiş mexanizminin yaranmasına gətirib çıxarmışdır. İndi isə bu texnologiya ictimai sərvətlər, varidat sahəsində 100 ildən artıqdır ki, mövcuddur, patentlər açıqlanıb və hər kəs saksofonu istifadə və istehsal edə bilər. Hazırda isə bunun skripkanın təkamülü ilə müqayisə edilməsi maraqlı və ibrətamiz olardı. İtaliyada, Kremonda XVII və XVIII əsrlərdə skripkanın istehsal texnologiyası ailə sirri idi və onu nəsildən-nəslə sirr olaraq ötürürdülər. Bunun nəticəsidir ki, indiyədək heç kim dünyada məşhur Stradivari, Qvarneri və digər ən yaxşı ustaların skripkalarının necə istehsal edildiyini bilmir. Onların istehsalının sirri zamanla ailə sirlərində və onların öz biliklərinin bir-birinə ötürülməsi nəticəsində hansısa mərhələdə tükənmiş və itirilmişdir.
Heydər Əliyev dühası sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan "əsərlərdən istifadə hüququ", yaradıcılığa sipər çəkən amil kimi təsəvvür edirdi. Ulu Öndər yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti uçuraraq, "müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir" prinsipinin dağıdılmasının təşəbbüskarı oldu. Onun göstərişləri nəticəsində sovet müəllif hüququnun iki ən vacib - "əmlak hüququnun verilə bilməməsi" və "qonorarın ödənilməsi və ya ödənilməməsi şərti ilə əsərlərdən sərbəst istifadə" ehkam-postulatı rədd edildi. Əgər müəlliflik hüququnun birinci sovet ehkamı müəllifə məxsus olan müəllif-hüquq dairəsini "kəsirdisə", ikinci ehkam "kəsilmiş" hüquq dairəsinə daxil olmağa "icazə verirdi".
Heydər  Əliyev  müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdı. Müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan "mədəni (kreativ)" sənayenin təməl daşını qoydu. Həmçinin sovet patent sistemində də yaradıcının sıxılması haqqında söyləmək olar. İxtiraçı patent hüququnun sahibi deyildi, o yalnız ixtiraçı idi və heç təsadüfi deyildi ki, ozamankı qanunvericilik patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında söhbət açırdı.
Patent hüququ dövlətdə qalmaqla ixtiraçıya ixtira şəhadətnaməsi verilirdi. Bu isə o deməkdir ki, onun yalnız şəxsi, qorunan ixtiranın müəllifi olması tanınırdı, lakin əqli mülkiyyətə heç bir sərəncamçılıq verilmirdi və onun istifadəsi yaradan şəxsdən kənar keçməli idi. Əvəzində isə 50 rubl məbləğində kompensasiya təqdim edilirdi. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırdı, "Patent haqqında" qanun qəbul edildi və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açıldı. Odur ki, dövlətimiz bugünkü müəlliflik və patent hüququnda mülkiyyət çərçivəsini qorumaqla sanki yaradıcı dühaların alovlanma marağını yanacaq vasitəsilə dəstəkləyir.
Müəllif hüququ sistemi yaradılarkən elə bir paradoksal zaman idi ki, əqli mülkiyyət hüquqlarından istifadəyə icazənin alınması əqli mülkiyyət tərkibli malların alınmasından daha ucuz idi. Ümummilli Liderimiz yeni  bazar şərtləri əsasında işləməyi və sivil inkişafa əngəl törədən köhnə sosial-iqtisadi  sistemin qalıqlarını aradan götürmək alətlərindən  biri olan əqli mülkiyyət sisteminin yaradılmasını zamanın tələbi sayırdı. Məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Konstitusiyamızın 30-cu maddəsində müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları təsbit olundu və gələcək qanunların  qəbul edilməsinə əsas yarandı. Konstitusiyada iki vacib "əql" və "mülkiyyət" konsept-anlayışların birləşməsi təsadüfi deyil: Əqli fəaliyyət nəticələrin yaradıcılıq və yenilikçilik mövqeyindən mühüm olanları obyektiv əks olunduğu halda yaradanın mülkiyyəti hesab edilir və mülkiyyətə xas olan əlamətləri verilən müstəsna hüquqlar daşıyır. 
ƏM sahəsində Ulu Öndərin dahiliyinin numayiş etdirildiyi digər misal üzərində dayanaq. XX əsrin görkəmli filosofu Karl Popper qeyri-maddi nemətlərin maddi əşyalardan daha fundamental və dəyərli olduğu ilə bağlı misal gətirərkən deyirdi: "Tutaq ki, sosial və sənaye strukturları da daxil olmaqla, bizim iqtisadiyyatımız məhv edilmişdir. Lakin yalnız elmi və mədəni biliklər saxlanıla bilmişdi. Bu halda bəşəriyyətin yeni nəsilləri intellekt və qorunub saxlanılan biliklər hesabına məhv edilmiş maddi və sosial obyektləri qısa müddət ərzində bərpa etməyə qadir olacaqdılar. Əks halda bütün toplanmış biliklər məhv olunmuşdursa, yaranan mənzərə sonradan vəhşi tayfaların məskunlaşdığı tərk edilmiş sənaye dünyasını xatırlada bilər".
Əslində, Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz - onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Lakin o da bir həqiqətdir ki, Ümummilli Liderimizin gələcəyimizə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etməyində idi. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. 
Bu qələbəni biz bu gün daim yeniləşən Azərbaycanın nüfuzunun artmasında görürük, dövlət başçısı cənab İlham Əliyevin son 20 ildə düşünülmüş, müasirləşmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində görürük. Həmçinin Azərbaycanın əqli mülkiyyət sisteminin inkişafı, yeni çağırşlara uyğunluğu və dünyada qabaqcıl dövlətlər sırasına daxil olması Prezident İlham Əliyevin uzaqgörənliyi və səylərinin nəticələri ilə bağlıdır. Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibət məşhur kəlamın dili ilə desək: "İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur". 
Yüksək idarəetmə bacarığına malik Prezident İlham Əliyev dünyada dövlət idarəçiliyi ilə bağlı ustad dərsi nümayiş etdirən Liderdir. Ulu Öndər üçüncü minilliyin başlanğıcı ilə bağlı 2001-ci ildə xalqa müraciətində deyirdi: "İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır". "Parlaq zəkaların fikirləri hər zaman ictimai rəyə çevrilir". Odur ki, Ulu Öndərin irsi bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi də yoxdur. 
Azərbaycan dövlətinin müstəqilliyinin son 20 ildə möhkəmlənməsinin ən mühüm zəmini Ulu Öndərin varisi cənab Prezident İlham Əliyevin təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəlməsidir. Burada U.Çerçilin məşhur bir kəlamının səslənməsi yerinə düşərdi: "…yalnız siyasətçi növbəti seçkilər, əsl dövlət xadimi isə gələcək nəsil haqqında fikirləşir". Dövlət başçımızın gələcəyə yönəldilmiş cəsarətli siyasətinin nəticəsidir ki, Azərbaycan dünyaya öz davamlı inkişaf modelini nümayiş etdirir. Prezident İlham Əliyevin düşünülmüş "Azərbaycan modeli" dünyada "Azərbaycan möcüzəsi" kimi tanınır.
Dövlət başçımızın tarixi uğuru hay-erməni miflərinin dağıdılmasıdır. Yenilməz sərkərdə, Ali Baş Komandanın adı ilə, onun rəhbərliyi ilə, qalib xalqa və müzəffər millətə çevrilməyimizlə bağlı olaraq, bir vacib məqam da nəzərə çarpandır: Azərbaycanın qüdrətli lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqına əsl rəhbər olmasındadır. Görkəmli filosof-maarifçi J.J.Russonun yazdığı kimi, "bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur". Çünki belə hakimiyyət təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olur. Çünki bu növ rəhbərlər müdrikliklə idarə etməyi bacarmaq əvəzinə mənasız hökmranlığa əl atırlar və həyat göstərdiyi kimi, onların səhvlərinin acı nəticələrini millət çəkməli və ödəməli olur.
Rəhbərin xüsusi məsuliyyət daşıyıcısı olması dövlətin taleyinin onun çiynində olmasından irəli gəlir. Bu taleyüklü və müqəddəs missiya hər zaman və hər bir yaranan vəziyyətdə ölkəni irəli aparmaq üçün düzgün qərar verməklə, ölkəni idarə etməkdən ibarətdir və bu qabiliyyət isə seçmək qabiliyyətidir, gələcəyi görmək qabiliyyətidir. Çünki bu qabiliyyət mühüm amillərin kəsişməsindən irəli gəlir, siyasətin mümkün olan sənətkarlığından, hüququn zəruriyyət yaradan elmindən, hərbin gərəkli anda güc tətbiqi istedadından qaynaqlanır. Əsl rəhbərə - dövlət başçımıza məxsus sözləri "nə vaxt, nəyi və nə cür etməyi" bilgisi onun dönməz əqidəsindən irəli gəlir. Tanınmış yazar N.Şamforun söylədiyi kimi, "Əqidə ağlın vicdanıdır". Çünki vicdanlı ağıl və bilik ruhun böyüklüyüdür və onu əkən şərəf biçir.
Azərbaycanın müstəqillik illərində, xüsusilə İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildəki inkişafın əsas istiqamətlərini, səciyyəvi cəhətlərini təhlil edərkən ilk növbədə bunları qeyd etməliyik ki, buna İlham Əliyevin dövlətçilik, ənənələrimizə əsaslanan idarəçilik, stabillik, sosialyönümlü inkişaf, innovativlik, modernləşmə, tərəqqi və insan amilinə əsaslanan demokratikləşmə modeli demək olar. 
"Azərbaycan modeli" sabitlik və iqtisadi inkişafdan ibarətdir. Azərbaycanın büdcəsi 2003-cü ildə 1,5 milyard dollar, 2013-cü ildə 25 milyard dollar idisə, 2023-cü ildə 36 milyarddan çoxdur. 
Azərbaycan modelinin daha bir cəhəti onun sosial-yönümlülük və ədalət prinsipini həyata keçirməsidir. Prezident İlham Əliyevin səyləri ilə əhalinin rifahına və sosial müdafiəsinə yönəldilmiş çox uğurlu və zəruri tədbirlər müntəzəm davam etdirilmişdir. Son 20 ildə 3 minə qədər məktəb, yüzlərlə səhiyyə müəssisəsi və digər obyektlər istifadəyə verilmişdir. Prezident İlham Əliyevin fəaliyyəti dövründə sosial məsələlərin həllində vacib cəhətlərdən biri də o idi ki, məcburi köçkünlərin bütün çadır şəhərcikləri ləğv olundu, 77 müasir qəsəbə salınaraq 100 minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. 
Azərbaycan modelinin ən mühüm cəhətlərindən biri innovativlik və modernləşmədir. Məhz bunun sayəsində ölkədə ümumdaxili məhsul sürətlə artaraq adambaşına düşən ÜDM-nin həcmi 2003-cü ildə cəmi 889 ABŞ dolları olduğu halda 2023-cü ildə 7895 AZN olmuşdur. Son nəticə alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, 17448,2 ABŞ dollarıdır. Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə söyləyərək, qeyd edib ki, son 20 ildə ümumi daxili məhsulumuz 4 dəfə, büdcə gəlirimiz 30 dəfə, xarici ticarət dövriyyəmiz 10 dəfə artıb. Dövlət başçımız bildirib: "Biz xarici borcumuzu ÜDM-nin 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik". Ölkəmizdə sərmayə mühitinin çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyarddan artıq vəsait qoyulduğunu deyib.
Azərbaycan modelinin digər bir qolu da mədəni müxtəliflik və adət-ənənəyə sadiqlikdir. Burada cənab Prezidentin bir fikri yerinə düşür: "...hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənə lazımdır, eyni zamanda dövlət siyasəti lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur". Bu sahədə görülən işləri sadalamaqla bitməz və bu siyasətin həyata keçirilməsində Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.  Mehriban xanımın gördüyü işlər və xüsusilə həyata keçirdiyi sosial layihələr hər kəsin canına və ruhuna hopan işıqdır. Şəxsi keyfiyyətləri ilə xalqın rəğbətini qazanan, milli-mənəvi keyfiyyətlərin daşıyıcısı və təbliğatçısı olan Mehriban xanımın fəaliyyətinin mahiyyətində yaxşılıq, humanizm, alicənablıq, səxavət, şəfqət və ürək genişliyi dayanır. "Yaxşılıq alicənablığın, ürək genişliyinin, ruh səxavətinin və comərdliyin qələbəsidir və sahibindən savayı onu seyr edən hər kəsə işıq gətirir".
Demokratikləşmə və insan amili dövlət siyasətinin başlıca prinsipinə çevrilib. Ulu Öndərin qurduğu siyasətin köklərini, arzu və istəklərini, ideyalarını son 20 ildə ardıcıl həyata keçirən, yaşadan və inkişaf etdirən Prezidentimiz İlham Əliyevin bugünkü fəaliyyəti də bilavasitə xalqımızın rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə yönəlmişdir. Çox doğru deyilib ki:  "Hər bir şəxs, xüsusən rəhbər şəxs hara getdiyini bilirsə, ona bəşər tərəfindən yol açılar". 
Milli əqli mülkiyyət sistemini inkişaf etdirərək, dövlət başçımız iki vacib, zamanın tələblərindən irəli gələn amili nəzərə almışdı.
Yeni mülkiyyət münasibətləri yaradılarkən bunu da görmək lazım idi ki, "əqli mülkiyyət" maddi mülkiyyətdən heç də az əhəmiyyət  daşımır. Rəqəmli texnologiyalarda, elektron ticarətdə əqli mülkiyyətin müasir rolunu görmək zamanın tələbi idi. Çünki bu gün mütəxəssislərin fikrinə əsasən, əqli mülkiyyət maddi mülkiyyətdən daha fəaldır və hətta əqli mülkiyyətin müəssisə və firmalarda aktivlər çərçivəsində aparıcı nisbəti həmin istehsalçıların iqtisadi dəyərini və ticarət imicini bir neçə dəfə artırır.
Onu da görmək lazım idi ki, bugünkü iqtisadiyyat artıq betona və dəmirə əsaslanmır, "biliklərə əsaslanan iqtisadiyyata", "kreativ iqtisadiyyata", "innovativ iqtisadiyyata" çevrilib və bu iqtisadiyyatda aparıcı rolu əqli mülkiyyət oynayır. Odur ki, əqli mülkiyyətə və onda əsas valyuta kimi cəmlənən "intellektual kapital"a doğru yolumuz açıqdır. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi inkişafını planlaşdıraraq, əqli mülkiyyətin sosial-iqtisadi siyasətə inteqrasiya olunmasını və əqli mülkiyyət sisteminin istifadəsi ilə əqli fəaliyyət nəticələrinin müvəffəqiyyətlə qorunması və kommersiyalaşdırılmasının ölkələrə nəzərəçarpan fayda və üstünlüklər gətirdiyini də nəzərə almış və mədəni sənayenin inkişafını öncədən görmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və Ümumdünya İqtisadi Forumunun prezidenti tərəfindən 2020-ci ildə imzalanan Niyyət protokolu əsasında Azərbaycanda dünyanın gələcək inkişafını müəyyən edən Dördüncü Sənaye İnqilabı üzrə İqtisadiyyat Nazirliyinin tərkibində 2021-ci ildə Təhlil və Koordinasiya Mərkəzi təsis olunmuş və Əqli Mülkiyyət Agentliyi bu konsepsiyanın strategiyasında fəal iştirak edir.
ƏM çox dinamik, daima inkişaf edən sahədir, onun beynəlxalq arxitekturası və forması texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi, mövcud landşaftına kardinal təsiri danılmazdır. Bu şəraitdə ƏM anlayışı və onun dərk edilməsi yenilənir. Çünki ƏM institutunun fəaliyyət dövriyyəsi ənənəvi kontekstdən fərqli olaraq, yanlız ənənəvi mənada hüquqlar deyil, hüquqlar şamil edildiyi əqli faəliyyət nəticələridir. Bu cür müasir yanaşma ƏM institutunun sinergetikasını, emercentliyini nəzərə alır, hüquq (yurisprudensiya) ilə yanaşı, onun iqtisadiyyatına və sosio-mədəni effektinə diqqət yetirir.
ƏM obyektlərinin kommersiyalaşmasında cəmləşən iqtisadi və təsirində əksini tapan sosio-mədəni effekt ƏM institutunun zəruri hissələrinə çevrildiyi halda, hüquqi sistem formalaşdıran amil kimi çıxış edir və ƏM institutunun real ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirir.
2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkəmizin yeniləşməsinin, sosial-iqtisadi islahatların uğurla reallaşdırma qüdrətinə malik olmasının, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli  5 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. 
Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlət başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Bütün bunlar Respublika Elmi-Texniki Kitabxanasının agentliyin tərkibinə verilməsi və agentliyin tabeliyində üç mərkəzin - Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi mərkəzlərinin yaradılması ilə nəticələndi.
Beləliklə, dövlət başçısının təşəbbüsü ilə aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən (3K) özünəməxsus idarəetmə modeli yaradıldı, bir sözlə, yeni biliklərin yaradılmasına, biliklərin əldə və dərk edilməsinə və kommersiyalaşaraq innovasiyaya çevrilməsinə xidmət edən struktur quruldu. 
Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və həyata keçirilən iqtisadi islahatlara xidmət edir.
Azərbaycanın təcrübəsi MDB məkanında diqqətlə öyrənilir və ÜƏMT tərəfindən dəstəklənir. ÜƏMT-nın təsis etdiyi "Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə" (WIPO IP Enterprise Thophy) mükafatı nominantı sırasına Azərbaycan Respublikasının qurumu seçilmişdi və mükafatın üzərində qeyd olunduğu kimi, bu mükafat son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı, uğurlu islahatlar modelinin nəticələrinə verilən mükafatdır.
Ölkə rəhbərliyinin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Bern Konvensiyası, Paris Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak edir, ÜƏMT-nın diplomatik konfranslarında rəhbər orqanlara seçilir. Heç təsadüfi deyil ki, Azərbaycan ÜƏMT-nın 190 üzv-dövlət sırasından dəfələrlə bu təşkilatın fəaliyyətini əlaqələndirən Koordinasiya Komitəsinin Proqram və Büdcə Komitəsinin üzvü seçilmişdir. Həmçinin Azərbaycan nümayəndəsi MDB məkanında ilk dəfə olaraq, 150-dən artıq dövləti birləşdirən məşhur "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası Assambleyasının sədr müavini, hazırda isə sədri seçilmişdir. Ölkəmizin nümayəndəsi ÜƏMT-nın Müəlliflik Hüququna dair Müqavilənin Assambleyasına da rəhbərlik etmişdir.
MDB məkanında milli və regional əqli mülkiyyət təşkilatları tərəfindən təşkil olunan müxtəlif formatlı tədbirlərdə  ölkəmizin nümayəndəsi fəxri spiker qismində dəvət olunur və geniş məruzələrlə çıxış edir. Avrasiya Patent Təşkilatı, eləcə də Rusiya Federasiyasının Əqli mülkiyyət üzrə Federal xidmətinin (Rospatent) rəhbərliyi Azərbaycanda aparılan islahatları yüksək dəyərləndirərək, nümunə kimi öz çıxış və yazılarında vurğulamışdılar. İslahatların nəticəsi kimi sevindirən nəticə də ondan ibarətdir ki, Azərbaycan tələbələri və şagirdləri Avrasiya patenti üzrə müsabiqələrdə tutduğu birinci və mükafat yerlərə laureat adlarına layiq görülmüşlər. Universitetlərimiz isə Əqli Mülkiyyət Agentliyi (ƏMA) və ÜƏMT-nın birgə keçirilən "Universitetlərdə əqli mülkiyyət siyasəti" layihəsində fəal iştirak edərək, IP-ofislərin yaradılması ilə agentliyin axtarış şəbəkəsinə qoşulmuşlar. 
Dövlətimizin başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu ƏMA-nın qarşısında duran vəzifələri əhəmiyyətli dərəcədə dəyişmişdir və bu, öz töhfələrini verməkdədir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs eyni zamanda fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasına malikdir.
Həyata keçirilən digər infrastruktur layihəsi agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin birgə təsisçiliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər yaradılan "Əqli Mülkiyyət Milli Təlim Mərkəzi"dir. Bununla belə agentliklə Bakı Dövlət Universiteti birgə Əqli Mülkiyyət Hüququ kafedrası yaradıb və kafedranın filialı agentliyin nəzdində fəaliyyətdədir. Agentlikdə tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılmışdır. Belə bir kafedra Memarlıq və İnşaat Universitetində də yaradılıb və onun filialı agentlikdə yerləşəcək.
İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd edilmişdir. Bu sahədə tətbiq edilən "vahid pəncərə" və "istənilən yerdən xidmətə əlçatanlıq" prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəltmişdir. Bununla yanaşı, əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində fəaliyyətin səmərəliliyinin və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə yaradılmış "Çağrı mərkəzi"nin fəaliyyəti sistemin ixtira və patent fəallığının artmasına müsbət təsirini göstərmişdir.  
Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlədirilməsində əhəmiyyətli rol oynayır. Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına əsasən, Azərbaycan 141 ölkə arasında "Əqli mülkiyyətin qorunması" göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur, bir neçə Avropa ölkələrini üstələyir.
"Qlobal İnnovasiya İndeksi - 2023" (Qİİ-2023) reytinqinə əsasən, Azərbaycan "innovasiya resursları" alt indeksi üzrə 76-cı yer tutaraq, postsovet dövlətləri məkanında ən qabaqcıl yerlərdən birindədir. Həmin indeksi formalaşdıran, Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçı-ekspertləri tərəfindən qiymətləndirilən və dövlət idarəetmə orqanlarının rolunu əks etdirən "İnstitutlar" blokunda Azərbaycan yüksək 42-ci yeri tutur. Belə ki, postsovet dövlətləri məkanında Özbəkistanı (55-ci yer), Qazaxıstanı (61-ci yer), Ermənistanı (69-cu yer), Tacikistanı (90-cı yer), Moldovanı (96-cı yer), Ukraynanı (100-cü yer), Rusiyanı (110-cu yer), Qırğızıstanı (122-ci yer), Belarusu (128-ci yer) üstələyir.
Azərbaycanın "ixtiralar", "PCT patentləri", "əmtəə nişanları" və digər göstəriciləri yüksək yerləri tutur.   
2022-ci ildə daha bir beynəlxalq təşkilat - "Mülkiyyət Hüquqları Alyansı" ("The Property Rights Alliance") tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır.
Xüsusilə bildirməliyik ki, dövlət başçısının "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" 2022-ci il 15 iyun tarixli 1716 nömrəli fərmanı sənaye mülkiyyəti sahəsində fəaliyyətə böyük təkan vermişdir. Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli 439 nömrəli qərarı ilə "İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk 3 il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası" təsdiqlənmişdir. 
2022-ci ildə agentliyə ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanları ilə bağlı iddia sənədlərinin artması stimullaşdırma nəticəsində baş vermişdir. Bununla yanaşı, ölkəmizin ÜDM-nin 5,3 faizi müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ industriyanın payıdır. 
Prezident İlham Əliyevin apardığı islahatlarda "İnformasiya texnologiyaları - əqli mülkiyyət" (IT-IP) cütlüyünə böyük önəm verilir. Odur ki, bu gün Əqli Mülkiyyət Agentliyinin nümayəndələri rəqəmli hüquqlar üzrə beynəlxalq ekspert qismində çıxış edirlər. 2010-cu ildə ÜƏMT-nın əqli mülkiyyət üzrə nüfuzlu mütəxəssislərin II Qlobal Simpoziumunda MDB ölkələrindən ilk dəfə olaraq 190-dan artıq dövləti təmsil edən 300 nəfərədək rəhbər nümayəndələr qarşısında Azərbaycanın müəllif-hüquq sisteminin təcrübəsi və nailiyyətləri barədə prezentasiya edilmiş, həmçinin 2012-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Bakıda keçirdiyi İnternetin İdarəçiliyi üzrə Qlobal Beynəlxalq Forumda  təşkilatçıların dəvəti əsasında Şərqi Avropa ölkələrinin təmsilçisi kimi müəlliflik hüququ və İnternet mövzusunda çıxış edilmişdir. 
O ki qaldı Əqli Mülkiyyət Agentliyinin rəqəmsallaşmasına, qeyd edilməlidir ki, inzibati prosedurların əksəriyyəti elektron şəkildə aparılır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul edilmişdir. Qeyd olunan qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlanmışdır və nəticəyə görə piratçılığa aid rəqəmlər əhəmiyyətli dərəcədə aşağı salınmışdır. 
Tarixən ermənilərin intellektual və maddi mədəniyyət oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları artıq bir ənənəyə çevrildiyi üçün bunlara qarşı geniş cəbhədə mübarizə aparılması zərurəti yaranmışdır. Ermənilər əsrlərboyu haqqı tapdalayaraq torpaqlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, folklorumuza göz dikərək onları özününküləşdirməyə çalışmışlar. 200 illik əqli oğurluq - Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsidir. Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, "Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədilə Azərbaycan və türk xalqları onillərboyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir…"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya  və əks-təbliğat işinin qurulmasında dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini erməniçilik amilinin nəzərə alınmasına cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağırmış, yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə saxta erməni təbliğatını ifşa etmək vəzifəsi qoymuşdur: "Mən dəfələrlə demişəm və təkrar edirəm ki, biz informasiya hücumuna keçməliyik". 
Dövlət başçısının bu fikirlərini rəhbər tutaraq, erməni plagiatçılığına qarşı mübarizə agentliyin fəaliyyətində aparıcı yerlərdən birini tutur. Bununla əlaqədar hər il erməni oğurluqları barədə silsilə tədbirlər keçirilir, kitablar və broşürlər nəşr olunur, kütləvi informasiya vasitələrində müntəzəm olaraq materiallar dərc edilir, erməni plagiatçılığı mövzusunda konfrans və simpoziumlar keçirilir.
İllərboyu davam edən Ermənistanın siyasi folklorunun, hay-erməni rəhbərliyinin və onların havadarlarının uydurulmuş dünya mənzərəsini, həqiqətlə heç bir əlaqəsi olmayan hayların "müstəsnalığı" və "xüsusi missiyası", qonşularının hüquqlarını tapdalayan və ərazilərinə iddialar səpən, Qarabağın təhrif edilmiş tarixinə və digər mifologemlərə, feyk növlü saxtalaşmalarına aid yalan və uydurmalarla dolu kitab və çıxışları dövrü bitməkdədir. 
Dövlət başçımız, Ali Baş Komandan, əsgər və zabitlərimiz bizə - azərbaycanlılara qalib xalq və müzəffər millət düşüncələrini bəxş etdi, başucalığı gətirdi, etnik mənliyimizi yüksəklərə qaldırdı və xoşbəxtlik hissi ilə ruhumuzu səciyyələndirdi. 30 ildən artıq davam edən bu zaman kəsiyinin birinci dövrü 2020-ci ildə başa çatdı. Təxminən 30 il çəkən bu dövr xalqımızın düşüncəsində tarixi ədalətin, zəbt edilmiş torpaqlarımızın qaytarılmasının gözləntilər dövrü idi. Prezident İlham Əliyev üçün bu dövr ölkəmizi və ordumuzu gücləndirmək, diplomatik, informasiya və döyüş meydanlarında millətin həsrət və arzusunu gerçəkləşdirmək məqsədi ilə gərgin fəaliyyət, hazırlıq dövrü idi. 
44 günlük İkinci Qarabağ savaşı, Vətən müharibəsi isə bizə qələbə sevinci və xoşbəxtliyi nəsib etdi və Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla de-fakto kapitulyasiya etdi. Bununla da günlərlə hesablanan ikinci dövr başa çatdı. 44 günlük İkinci Qarabağ savaşı qələbə ilə başa çatdıqdan sonra dövlət başçımızın xalqa müraciətində dediyi kimi, "biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq... biz tarixi ədaləti bərpa edirik..." Lakin imzalanmış bəyanatda şərtləri və öhdəlikləri yerinə yetirməyən məğlub tərəf saatlar və dəqiqələrlə ölçülən üçüncü dövrlə rastlaşdı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldırdı və dövlət başçımızın elan etdiyi atəşkəsin dayandırılmasına aid bütün şərtləri qəbul etdi. 23 saat 43 dəqiqə ərzində həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu sonunda cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, "... Azərbaycan öz suverenliyini bərpa etmişdir... Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər".
Qələbəyə gətirən zaman yolunda Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı parlaq fəaliyyəti xüsusən yadda qalmaqdadır. Müxtəlif, xüsusən xarici media nümayəndələrinə verdiyi müsahibələr onun erudisiyalı, mübariz, haqdan dönməz şəxsiyyət nümayişidir. Yalan və iç üzü ikili standartlardan qaynaqlanan suallara dərin məntiqli və qətiyyətli cavabları böyüklüyün ədalət zirvəsi nümunələridir. Prezidentimizin həqiqət-haqqa qarşı heç bir razılaşmaya getməməsinin və bununla hər bir razılaşmanın haqq-hesabının aparılması dünyaya nümayiş etdirilən dərsləridir. 
Bu müsahibələrdə dövlət başçımızın intellektual cəhətdən üstün və qalib olması beynəlxalq ictimai rəyə əhəmiyyətli təsiri idi. Çünki parlaq zəkaların fikirləri hər zaman ictimai rəyə çevrilməsi, ikiüzlülük isə yalnız rəzilliyin fəzilətə verdiyi xərac olması deməkdir.   
Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dünya hay-ermənilərin Qarabağa aid ən böyük "layihəsi"nin  və  "böyük Ermənistan" uydurulmuş mifinin puça çıxarılması, erməniçiliyin, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəsi ilə  uzun və çətin, gərgin və mürəkkəb yol keçdi.     
Sadalanan üç dövrün illəri və günləri, saat və dəqiqələri - yalnız keçmişdən gerçəklik  vasitəsilə gələcəyə yönələn  zamanın geri dönməz axarı deyil. Bu heç də fiziki və bioloji prosesləri göstərən sadəcə xronologiya və ya metrologiya ölçüsü də deyildi. Həmin zamanın hər bir dövrü illər və ya günlər, yaxud saat və dəqiqələrlə ölçülməsinə baxmayaraq, millətimizin gözləntilərinin psixoloji və mənəvi zamanı idi, duyulan  və dəyərləndirilən  astronomik və ya bioloji keçən saatlar düşüncəmizdə Azərbaycan ərazisi bütövlüyünün gözləntilərimizin zamanı idi. Həmin zamanın təxminən 30 ilini ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrətilə, 44 günlük qürur və həyəcanla, 23 saat 43 dəqiqəsini şərəf və sevinclə yaşanmış dövrlər idi. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi və uzunluğu ilə ölçülməlidir. 
Məşhur Seneka demişdi ki, sabahkı günün sahibi olmadan gələcəyə aid planların qurulması mənasızdır. Odur ki, gələcəkdə dəyişikliyi gözləyiriksə, gerçəkdə o dəyişikliklərə çevrilməliyik. Və burada Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna tarixi rolu danılmazdır - o, sabahın memarı olaraq hər bir ötən günü səxavətlə gələcək naminə qura bilmişdir. Hadisələrin göstərdiyi kimi, Prezident İlham Əliyev nə qədər uzaqgörən, səbirli, düşməni səhv etməyə vadar edən və həmin səhvlərdən məharətlə üstünlük əldə edən, gərəkli hadisələri yaratmağı bacaran və baş verənlərdən ustalıqla istifadə edən dahi siyasətçi olmasıdır. Prezident İlham Əliyev Ulu Öndərin xilaskar missiyasını davam edərək, atasının vəsiyyətini yerinə yetirdi, millətimizin başını ucaltdı. 
Biz, onun müasirləri Prezident İlham Əliyevin gördüyü titanik işlərin, millətimizin nüfuzunun yüksəldilməsinin və tarixin ən qüdrətli Azərbaycanının yaradılmasının  şahidləriyik. Əminəm ki, Böyük Qələbə və Böyük Qayıdış gələcək nəsillərin yaddaşında həkk olunacaq və tariximizin ən şanlı səhifəsi kimi ürəklərdə qalacaq.

Kamran İMANOV,
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!