Keçmişdən bu günə qədər alimlər, ariflər və mütəfəkkirlər mötədilliyin yolunu göstərən bir çıraq kimi çıxış ediblər. Seyyid Yəhya Şirvani də bunun mühüm nümunələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.
“Seyyid Yəhya Şirvani Bakuvi elmə böyük əhəmiyyət verib, ömrünü insanları yetişdirmək idealına həsr edib. O, 40 il ərzində elm, irşad və təhsil fəaliyyəti ilə məşğul olub, minlərlə insan yetişdirib, türk, ərəb və fars dillərində müxtəlif İslam elmlərinə dair çoxsaylı əsərlər yazıb”, - deyə Türkiyə Diyanət İşləri İdarəsinin sədri vurğulayıb.
S.Arpaquşun sözlərinə görə, Seyyid Yəhya Şirvaninin irsini yalnız tarixi şəxsiyyətin bioqrafiyası kimi qiymətləndirmək onun düşüncəsinin əhatəli mahiyyətini anlamaq üçün kifayət deyil. O, yaşadığı dövrdə İslamın mahiyyətindən uzaqlaşan, dini yalnız forma və nümayişə endirən yanlış anlayışla mübarizə aparıb və İslamın hədəflədiyi həyat nizamının möhkəmlənməsi üçün çalışıb.
“Bu gün də İslam dünyası bənzər təhlükə ilə üz-üzədir. Dini məsələlərdəki cəhalət yanlış anlayış və inancların nəsillər üçün təhlükəyə çevrilməsinə səbəb olur. Texnologiya informasiyaya çıxışı asanlaşdırsa da, müdriklik dövrümüzdə çatışmayan və itirilən dəyərlərdən birinə çevrilib”, - deyə S.Arpaquş bildirib.
O, xüsusilə gənclərin Seyyid Yəhya Şirvani kimi şəxsiyyətlər və öz sivilizasiya kökləri ilə möhkəm bağlarının yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək və gələcəyi mərifət, hikmət və əxlaq üzərində qurmağa imkan verəcək.