Bu, regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər
Çox da uzaq tarix deyil. Ermənilərin regionumuza köçürülməyə başlanmasından iki yüzdən bir az artıq zaman keçir. Əslində, o vaxt da məqsəd onların halına acımaq deyildi. Ermənilərin bu bölgəyə gətirilmələrinin ən böyük səbəbi yeri gəldikcə onlardan istifadə etmək idi.
Ermənilər də bu məsələdən, necə deyərlər, qazanclı çıxdılar. Heç zaman yaşamadıqları ərazilərdə - Azərbaycan torpaqlarında nəinki ev-eşik, sonralar hətta dövlət sahibi oldular. Və ağalıqlarını qəbul etdiklərinə lazımınca xidmət göstərməkdə davam etdilər. Hər dəfə ictimai-siyasi mühitdə təbəddülatlar yarananda, narazılıqlar iğtişaşlara çevriləndə ermənilər ağalarından nifaq salmaq, təxribatlar törətmək əmri aldılar.
Çar Rusiyası süquta uğradıldıqdan sonra hakimiyyəti ələ keçirən bolşevik hökuməti özünü çarizmin varisi hesab etmədi. Ancaq Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) bir çox məsələdə onun yolu ilə getdi. Beləliklə, sovet hakimiyyəti illərində də işğalçı ermənilər nəinki yeni qiyafəli köhnə ağalarından aldıqları hər əmrə canla-başla əməl etdilər, həm də məkrli planlar qurdular. Döğrudur, "böyük Ermənistan" uydurmalarına özlərindən başqa heç kimi, hətta ağalarını belə inandıra bilmədilər. Ancaq yalanlarından, qarayaxmalarından da əl çəkmədilər. Qəsbkar ermənilərin Azərbaycandan yeni torpaqlar qoparmaq iddiaları, azərbaycanılara qarşı amansızlıqla həyata keçirdikləri hücumlar, qətliamlar, soyqırımları tarixin qanlı səhifələrinə çevrildi.
XX əsrin sonuncu onilliyində havadarlarından hər cür yardım, silah-sursat alan Ermənistan işğalçılıq siyasətini dəhşətli şəkildə həyata keçirdi. Qarabağda və Şərqi Zəngəzurda erməni vandalları böyük faciələr törətdilər. Ermənistan ölkəmizin iyirmi faiz ərazisini zəbt etdi və otuz ilə yaxın işğalı altında saxladı. Azərbaycanın torpaqlarını sülh yolu ilə azad etmək səyləri Ermənistanın işğalçılıq niyyətindən əl çəkməməsi səbəbindən səmərəsiz qaldı.
Xislətində hiyləgərlik, sədaqətsizlik olan işğalçı ermənilər özlərinə yeni "ağa"lar, havadarlar tapdılar. Onların köməyi ilə işğal müddətini uzatmağa çalışdılar. Xarici himayədarlarından aldığı yardımlarla özünü güclü hesab edən Ermənistan törətdiyi təxribatlarla 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbkarı oldu. 44 gün davam edən müharibə Ermənistan silahlı qüvvələrininin Azərbaycan Ordusu qarşısında nə qədər zəif, aciz olduğunu nümayiş etdirdi. Ermənistan kapitulyasiya aktını imzalayaraq üzərinə öhdəliklər götürdü.
Ancaq Ermənistan işğaldan azad etdiyimiz ərazilərimizdən yenə də əlini çəkmək istəmədi. 19-20 sentyabr 2023-cü ildə baş verən antiterror əməliyatları nəticəsində Azərbaycan Ordusu Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məğlub etdi.
Suverenliyinin tam bərpasına nail olmuş Azərbaycan işğalına son qoyduğu ərazilərində bu gün sürətlə tikinti, quruculuq işləri həyata keçirir. Azərbaycan bir daha müharibə olmamasının, sülh sazişinin imzalanmasının tərəfdarı kimi çıxış etdi. Bunu dövlətimizin başçısı İlham Əliyev yüksək kürsülərdən dönə-dönə bəyan etdi. Təəssüf ki, Ermənistan rəhbərliyi hələ də sülh danışıqlarını uzatmağa çalışır, Fransa, Hindistan kimi dövlətlərdən silah-sursat, hərbi texnika alaraq açıq şəkildə silahlanır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxara bilər: "Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".
Təəssüf doğuran bir məqam da odur ki, rəsmi İrəvan həqiqəti danmağa, yalanlarını doğru kimi göstərməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi də bu məqsədə xidmət edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə həmin iddialarla bağlı şərhində qeyd etdi ki, Ermənistan baş nazirinin 10 fevral 2025-ci ildə "Armenpress"də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır: "Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq,
44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir".
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatdığını, üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistanın əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdə olduğunu vurğulayan Ayxan Hacızadə diqqətə çatdırdı: "Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir. Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən icmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir".
Xarici İşlər Nazirliyinin mətbuat katibi təəssüflə bildirib ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin "müstəqilliyi" ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib: "Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə bu məhkəməni "səhnələşdirilmiş" adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir".
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə 30 ildən artıq müddətdə Ermənistanın özünün istifadə etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları Azərbaycan ərazilərində qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir. "Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq", - deyə Ayxan Hacızadə bildirib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"