Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının mərkəzində durur. Bu, hazırda cəmiyyətin inkişafında innovativ yanaşmalar tələb edən bir strategiyadır.
Müasir cəmiyyət informasiya ilə bol olduğu üçün innovasiyalı iqtisadiyyatın qurulması dayanıqlı inkişafa xidmət edən mühüm şərtdir. Bu baxımdan informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və bu sahədə kadr ehtiyatlarının yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycanda İKT sektorunun inkişafında, iqtisadiyyatda yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsində mühüm təşəbbüslər həyata keçirilir. Həmin sahədə sürətli inkişafa töhfə verən əsas şərtlərdən biri dövlət dəstəyidir. Dövlət dəstəyi həm sahibkarlıq subyektləri, həm də əmək bazarında fəaliyyət göstərən insan resursları üçün əhəmiyyətlidir. Bu baxımdan iki il öncə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Kiçik və Orta Biznes (KOB) subyektlərinin rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə başlanması mühüm yenilik idi. Yeniliyin əsas məqsədi KOB-ların innovativ həll yolları ilə səmərəliliyinin və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərinin optimallığının təmin olunması idi. Bundan sonra gənc sahibkarları əhatə edən bir neçə rəqəmsallaşma layihələrinə hazırlıq prosesinə başlanıldı. Bu, daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı KOB-ların məlumatlılığını artırmaq üçün idi.
İqtisadiyyatın inkişafını stimullaşdıran İKT-yə KOB-ların daha da genişlənməsi, yeni üsulların tətbiq edilməsinə açılan qapı da demək olar. Bu qapıdan içəri girən heç bir sahibkar layihəsini həyata keçirməkdə çətinlik çəkmir. Nəticədə sahibkarların innovasiya sahəsində fəaliyyətlərinin daha da səmərəli olması iqtisadiyyatımızın müasir dövrdə inkişafını səciyyələndirən əsas amil kimi diqqət çəkməyə başlayır. Söz düşmüşkən xatırladaq ki, Azərbaycanda İKT üzrə hər il təxminən 3500 mütəxəssis hazırlanır. Çox yaxşı haldır ki, qlobal sahədə yeni çağırışları nəzərə alaraq, gənclər arasında bu sahəyə maraq getdikcə artır. Sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan gənc sahibkarlar əmək bazarında "Made in Azerbaijan" markasının keyfiyyətini artırmağa çalışırlar.
Bütün bunlar o deməkdir ki, iqtisadiyyatın inkişafında innovativ yanaşmalar tələb edən rəqəmsallaşma KOB-ların fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir və rəqabət qabiliyyətini artırır. Bunu daha geniş sərgiləmək üçün bir neçə gün əvvəl "Kiçik və Orta Bizneslərin Rəqəmsallaşması Proqramı" fəaliyyətə başlayıb. Proqramın əsas məqsədi KOB-ların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq rəqabət qabiliyyətini artırmaq, eləcə də bazar imkanlarını genişləndirməkdir. Proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda "CTO-as-a-Service" kimi təşəbbüslər vasitəsilə bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə üzrə KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüslərinin qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulur. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılan "digiMATE" platforması artıq 2024-cü ilin avqust ayından istifadəyə verilib.
Qeyd edək ki, dörd mərhələdən ibarət olan proqramın hazırda 3-cü mərhələsi icra olunur. Bazar araşdırması, dünya təcrübəsi və yerli KOB-ların təhlili, təchizatçılarla görüşlər və proqrama daxil olan layihələrin icrası mərhələlərindən ibarət olan proqram KOB-ların ilkin qiymətləndirilməsinin aparılması, onların gələcək rəqəmsal alətlərə olan ehtiyacının müəyyənləşdirilməsi və nəticə etibarilə daha sistemli formada dəstəklənməsi üçün əhəmiyyətli rol oynayır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"