Alqoritmlər insanın bir xəbərə ayırdığı diqqəti son 10 ildə 12 saniyədən 8 saniyəyə endirib
İnformasiya dövründə xəbərin necə istehsal olunması qədər onun geniş auditoriyaya necə çatdırılması da böyük əhəmiyyət kəsb edir. Keçən əsrdə xəbər gündəmini ənənəvi qəzet redaktorları və televiziya rəhbərləri müəyyənləşdirirdi. Hazırda isə bu, böyük ölçüdə rəqəmsal platformaların əlinə keçib.
Rəsmi statistikalara görə, "Google" və "Facebook" kimi rəqəmsal nəhənglər qlobal onlayn reklam bazarının yarıdan çoxuna, təxminən 63,1 faizinə nəzarət edir. Reuters İnstitutu tərəfindən hər il hazırlanan "Rəqəmsal Xəbər Hesabatı"na əsasən, gənclərin (18-24 yaş arası) 50 faizdən çoxu əsas xəbər mənbəyi kimi artıq saytları yox, məhz "TikTok", "İnstaqram" və "YouTube" kimi sosial platformaları seçir. Bundan əlavə, ABŞ-nin Vaşinqton şəhərində yerləşən, dünyada ən nüfuzlu və müstəqil beyin mərkəzlərindən biri olan Pyu Tədqiqat Mərkəzinin son hesabatına görə, gənclərin (xüsusilə 30 yaşdan aşağı) üçdəbirindən çoxu xəbərləri müntəzəm olaraq "TikTok" vasitəsilə izləyir. Bu göstərici bir neçə il əvvəl 3-4 faiz civarında idi. Milyardlarla insanın informasiya axınını nizamlayan bu platformalar müasir dövrün ən böyük xəbər paylayıcısı kimi çıxış edirlər.
Rəqəmsal şəbəkələrin xəbər gündəmini diktə etmə sisteminin mərkəzində alqoritmlər durur. Alqoritm kompüterə müəyyən bir məqsədə çatması üçün verilən addım-addım təlimatlar toplusudur. Sosial şəbəkə platformalarında bu sistemlər istifadəçilərin klikləmə, bəyənmə, şərh yazma və videolara baxma müddəti kimi rəqəmsal izlərini daim görür. Toplanan məlumatlar əsasında mürəkkəb istifadəçi profilləri formalaşdırılır. Nəticədə alqoritm hər bir şəxs üçün xüsusi xəbər lenti qurur və hansı xəbərin önə çıxacağını, hansının isə kölgədə qalacağını təkbaşına müəyyən edir.
Ənənəvi redaksiya mühitində xəbərin dəyəri onun ictimai əhəmiyyəti, dəqiqliyi və obyektivliyi ilə ölçülürdü. Alqoritmik redaktədə isə əsas meyar "cəlbetmə" göstəricisidir. Sosial media platformalarının biznes modeli istifadəçini mümkün qədər uzun müddət ekrana kilidləmək üzərində qurulub. Bu səbəbdən alqoritmlər çox vaxt emosional, sensasiyalı, mübahisəli və qütbləşdirici xəbərləri daha sürətlə ön plana çıxarır. Sakit analizlər isə avtomatik olaraq aşağı sıralara düşür. Bu sistem iki mənfi rəqəmsal prosesə səbəb olur. Birincisi, məlumat qabarcıqlarıdır, yəni alqoritmlər insana, sadəcə, öz maraqlarına uyğun məzmunlar göstərir və onu fərqli fikirlərdən məhrum edir, ikincisi isə yalan xəbərlərin sürətli yayılmasıdır, sensasiyalı və saxta xəbərlər dərhal reaksiya topladığı üçün alqoritmlər onları önə çıxarır. Məsələn, Massaçusets Texnologiya İnstitutunun apardığı araşdırmadan məlum olur ki, saxta və uydurma xəbərlər doğru xəbərlərə nisbətən 6 dəfə daha sürətlə yayılır və 70 faiz daha çox insana çatır. Həmçinin alqoritmlərin daimi emosional gərginlik və sensasiya yaratması artıq auditoriyanı yormağa başlayıb. Reuters İnstitutunun qlobal araşdırmalarına görə, dünyada auditoriyanın təxminən 39 faizi xəbər oxumaqdan şüurlu şəkildə qaçır. İnsanlar alqoritmlər tərəfindən davamlı olaraq önə çıxarılan neqativ və gərgin kontentlərdən doyduqlarını bildirirlər.
Qeyd edək ki, qlobal medianın mərkəzləşməsi problemi rəqəmsal dövrdə yeni bir səviyyəyə qaldırılıb. Müstəqil xəbər saytları və ənənəvi qəzetlər öz auditoriyalarına çatmaq üçün bu platformalardan asılı olub. Alqoritmin etdiyi kiçik bir dəyişiklik minlərlə media qurumunun oxucu sayı və gəlirlərinin bir anda kəskin şəkildə düşməsinə səbəb ola bilir. Hətta "Facebook" şirkətinin xəbər alqoritmində etdiyi tək bir yeniləmə nəticəsində dünyada yüzlərlə media orqanı oxucularının yarıdan çoxunu itirmiş, bəzi böyük rəqəmsal nəşrlər fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. İnsan faktoru olan peşəkar redaktorların alqoritmlərlə əvəzlənməsi isə ciddi etik kəsirlər yaradır. Bunun ən bariz nümunələrindən biri "Microsoft" şirkətinin MSN ("Microsoft Network") portalında yaşanıb. Şirkət onlarca jurnalist və redaktoru işdən çıxararaq xəbərlərin seçilməsini tam olaraq alqoritmlərə həvalə edib. Lakin redaktor süzgəcinin yoxluğu qısa zamanda özünü göstərib, alqoritmlər dezinformasiya xarakterli, manipulyativ və etik standartlara cavab verməyən yazıları ana səhifəyə çıxarmağa başlayıb.
Sosial media şirkətləri xəbər gündəmini idarə etsələr də, özlərini məsuliyyətli nəşriyyatçı saymır, sadəcə, neytral texnoloji vasitə adlandırırlar. Lakin real mənzərə göstərir ki, alqoritmləri quran bu şirkətlər öz qaydalarını bütün cəmiyyətə diktə edirlər. ABŞ-nin İndiana Universitetinin "Botometer" layihəsi çərçivəsində aparılan araşdırmalardan məlum olur ki, sosial platformalarda gündəmə gələn mövzuların və siyasi xəbərlərin 10-15 faizi avtomatlaşdırılmış bot şəbəkələri tərəfindən süni şəkildə önə çıxarılır. Alqoritm bu süni reaksiyanı real kütlənin marağı kimi qəbul edərək, həmin xəbərləri milyonlarla insana təklif edir. Bu vəziyyət bir sıra hüquqi və etik suallar doğurur. İlk növbədə insanların doğru məlumat almaq hüququ rəqəmsal platformaların qazanc maraqlarına qurban verilməməlidir, ikincisi, redaksiya şəffaflığı tam təmin olunmalı, yəni alqoritmlərin hansı prinsiplərlə işlədiyi və xəbərləri necə sıraladığı açıq bildirilməlidir, üçüncüsü isə gizli məhdudiyyətlər aradan qaldırılmalıdır, çünki qeyri-şəffaf alqoritmlər səbəbindən vacib sosial və siyasi mövzuların süni şəkildə boğulması riski var.
Rəqəmsal platformaların xəbər gündəminə təkbaşına nəzarət etməsi azad müzakirələrə zərər vurur. Bu vəziyyət demokratik dəyərlər üçün də ciddi təhlükə yaradır. Problemi həll etmək üçün sosial media şirkətləri öz məsuliyyətini bilməlidir. Onlar xəbər paylaşarkən jurnalistika etikasına və insan hüquqlarına riayət etməlidirlər. Eyni zamanda dövlətlər və beynəlxalq təşkilatlar bazarda inhisarın qarşısını almalıdırlar. Alqoritmlərin işini şəffaflaşdırmaq üçün isə təsirli və işlək qanunlar qəbul edilməlidir.
Beləliklə, cəmiyyətin rəqəmsal və media savadlılığını artırmaq vacibdir. Oxucular alqoritmlərin təqdim etdiyi hazır xəbər lenti ilə kifayətlənməməlidirlər. Onlar fərqli mənbələrdən istifadə etməyi və faktları yoxlamağı öyrənməlidirlər. Alqoritmlərin birtərəfli təsirini yalnız iki yolla azaltmaq olar. Bu, platformaların məsuliyyətli davranması və insanların tənqidi təfəkkürə yiyələnməsidir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"