Türkiyənin yerləşdiyi regionda sabitliyin yenidən pozulması NATO üzrə müttəfiqlər arasında qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə söyləyib.
Türkiyənin lideri Alyansın Ankarada keçiriləcək sammitində müttəfiqlər arasında həmrəyliyi gücləndirəcək və böhranlara hazırlığı dəstəkləyəcək qərarların qəbul olunacağına ümid etdiyini bildirib.
O qeyd edib ki, Türkiyə, xüsusilə də, hava hücumundan müdafiə sistemləri sahəsində müdafiə sənayesinin potensialını fasiləsiz artırır və hərbi-sənaye kompleksi sahəsində müttəfiq ölkələrlə əməkdaşlığın daha da genişlənməsinə çalışır.
Türkiyənin dövlət başçısı Trans-Atlantik əlaqələrin qorunub-saxlanmasını “əvəzolunmaz” adlandırıb.
“Türkiyə Alyansın Avropa qanadından daha böyük məsuliyyət nümayiş etdirməsini gözləyir. Avropa İttifaqına üzv olmayan ölkələrin bu qurumun müdafiə təşəbbüslərindən kənarda saxlanılması qarşıya qoyulan məqsədlərə xidmət etmir”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyənin Prezidenti, həmçinin bildirib ki, İran ətrafında gərginlik başlayandan bəri ölkəsi özünü sülhün və diplomatiyanın tərəfdarı kimi mövqeləndirir.
Ukrayna-Rusiya müharibəsindən danışan Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə onun sülh yolu ilə nizamlanması istiqamətində səylərdə fəal iştirak edir və danışıqların bərpasına, o cümlədən liderlər səviyyəsində dialoqun başlanmasına çalışır.
Türkiyənin Prezidenti və NATO-nun Baş katibi iyul ayında Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini hərtərəfli müzakirə ediblər.