26 Iyun 2022 02:21
694
Elm və texnika
A- A+

Rasionumuzun ayrılmaz qidası

 

Qədim zamanlarda insanlar meyvələrdən yalnız müxtəlif xəstəliklərin müalicəsi məqsədilə dərmanlar hazırlayıblar, təbabətdə istifadə ediblər. Meyvə insanların gündəlik qida rasionuna zamanla daxil olub. Bəs dünyada ilk meyvə necə yaranıb və hansıdır? Təbii ki, bunu tam dəqiqliyi ilə demək mümkün olmasa da, bu barədə müxtəlif fikirlər səsləndirilib.

 

Dünyanın ilk meyvəsi ilə bağlı mülahizələr

 

Misir inanclarına görə, dünyada ilk meyvə nar olub. Qədim Misirdə savaşdan əvvəl döyüşçülər nar yeyirmişlər, bu, onları daha güclü və yenilməz olacaqlarına inandırırmış. Nar Şərqdə meyvələrin şahı sayılırdı.

Digər əfsanəyə görə, nar ağacını ilk dəfə sevgi ilahəsi Afrodita əkib. Buna görə nar suyuna çox vaxt "sevgi eliksiri" də deyirlər. Bəzi dini mənbələrdə Adəmlə Həvvanın cənnətdən qovulmasına səbəb olan meyvənin alma deyil, nar olduğu göstərilir.

Klassik Yunan, Roma və İbrani dini inanclarına görə, ilk meyvələr kahinlərə, tanrıya qurban olaraq verilirmiş. Bəzi dini inanclara görə isə qədim zamanlarda təsərrüfatla məşğul olan əhali ilk yığdığı məhsulu ona görə qurban verirmiş ki, növbəti dəfə məhsuldarlıq çox olsun.

Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlib ki, bu da "Punica" - tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Narın ən qiymətli sortunun eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərildiyi deyilir. Vətəni isə Kiçik və Orta Asiya, Cənubi Qafqaz sayılır.

 

İlk qurudulan meyvələr

 

İnsanların rasionuna daxil olduqdan sonra qida ehtiyatı məqsədilə meyvələrin daha uzun müddət saxlanması üçün qurudulması ənənəsi yaranmışdır. Ağacdan torpağa düşən üzüm, xurma və əncirin suyunu itirməsi və quruması tədricən ovçuların marağına səbəb olmuşdur. Sonradan insanların özləri bununla məşğul olmuşlar...

Meyvələrin ilk dəfə qurudulmasına daha çox İran, İraq, Türkiyə, Suriya və Livanda rast gəlinibdir. Qurudulmağa yararlı ilk meyvələr isə albalı, alma, üzüm hesab olunurdu, çünki onların daha tez quruması, gec xarab olması digər ölkələrə daşınmalarını asan edirdi.

Qədim dövrlərdə meyvələr müxtəlif üsullarla - günəşdə, eləcə də ocaqda qurudulurmuş. Günəşdə qurutmaq üçün əsasən saplardan istifadə olunurmuş. Köçəri ərəblər quru meyvələrin suda isladıldıqdan sonra daha tez quruduğunu anlayaraq bu metoddan istifadə etmişdilər.

Aralıq dənizi sahillərində yaşayan əhali müxtəlif xəstəliklərin müalicəsi zamanı da qurumuş xurma, ərik, almadan istifadə etmişdilər.

Qədim Çində isə quru meyvələr ipək kimi bahalı toy hədiyyəsi hesab olunurdu. Hədiyyə kimi verilən qurudulmuş armud cütlüyün daim birlikdə olmasını, ərik ailənin uğurlu, evin bərəkətli olmasını simvolizə edirdi.

Misirdə quru meyvələr fironlar ilə birlikdə qəbrə qoyulurmuş. Qədim Romada qurudulmuş üzüm ödəmə vasitəsi kimi istifadə olunurdu. Belə ki, 2 banka kişmişlə qul almaq mümkün olurmuş. Eyni zamanda quru meyvələr dənizçilərin uzun səyahətləri  zamanı onların  həyatda qalmalarında böyük rol oynayırmış.

Günümüzdə isə meyvələr müxtəlif texnologiya və avadanlıqların köməyilə qurudulur və onlar təzə meyvələrdən dəfələrlə baha qiymətə satılır. 

 

Azərbaycanda meyvə festivalları keçirilir

 

Zamanla meyvələrlə bağlı müxtəlif festivallar keçirilməsi ənənəsi də yaranmışdır. Hazırda müxtəlif bölgələrə xas meyvələrin nümayişi, onlardan hazırlanan müxtəlif məhsulların tanıdılması, eyni zamanda insanların həmin məhsullardan dadması üçün hər il müxtəlif meyvə festivalları keçirilir.

Sevindirici haldır ki, meyvə festivalları ilə bağlı ən gözəl ənənələr məhz Azərbaycanda yaranıb. Belə ki, Azərbaycanda ilk dəfə 2006-cı ildə Göyçayda "Nar bayramı" keçirilib. "Nar bayramı"nda rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar nümayiş etdirilir. Məlumata görə, Azərbaycanda ümumilikdə 65 nar növü var ki, bunun 10 növü Göyçayda yetişir.

2012-ci ildən Qubada "Alma bayramı" keçirilir. Festivalda rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyat və içkilər nümayiş etdirilir.

Lənkəranda isə 2017-ci ildən "Çay, çəltik və sitrus meyvələri"nin festivalı keçirilir. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil edilir.

"Beynəlxalq xurma festivalı" isə ilk dəfə 2017-ci ildə Balakəndə keçirilib. Festivalda xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyalar, kənd təsərrüfatı məhsulları, o cümlədən alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları təqdim olunub.

2018-ci ildə Zaqatala rayonunda I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, "kənd evi"ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovurulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.

2019-cu ildən Şamaxı rayonunda "Üzüm və şərab" festivalı keçirilir. Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edir, məhsullarının dequstasiyasını keçirirlər.

 

Meyvə muzeyi

 

Meyvənin insanların qida rasionunda mühüm rolunu nəzərə alaraq dünyanın müxtəlif ölkələrində meyvə muzeyləri da yaradılıb. Bunlardan ən möhtəşəmi Yaponiyada Fuji dağının şimalında 195.000 kvadratmetr ərazidə salınan Yamanaşi Meyvə Muzeyidir. Bu bölgənin əsas meyvələrinə həsr olunmuş muzey üç əsas binadan ibarətdir. Binalar "Fruit Plaza", "Tropik istixana", "Meyvə emalatxanası" adlandırılır. Binalarda meyvələrin ilkin inkişaf dövründən böyüməsinə qədər bütün mərhələlər nümayiş etdirilir. 

 

Meyvəli tortlar

 

Meyvə tortu ilə bağlı ən qədim reseptlərin tarixi Roma dövrünə təsadüf edir. Bu reseptə nar dənələri də daxildir. Orta əsrlərdə hazırlanan belə tortlara bal, ədviyyatlar və konservləşdirilmiş meyvələr əlavə olunurdu. Döyüşçülər və ovçular evdən uzaqda uzun müddət qaldıqda meyvələrdən istifadə edə bilmək üçün onları özləri ilə daşıyırdılar.

XVIII əsrdə Avropada qoz və fındıq yığımının sonunda təntənəli meyvə tortu bişirilirmiş və yeni məhsulun başlanğıcını qeyd etmək üçün saxlanılıb növbəti ildə yeyilirmiş. Məhsul yığıldıqdan sonra qoz-fındıq qarışdırılaraq növbəti ilə qədər saxlanılan meyvəli tort halına gətirilirmiş. Bu, onları daha uğurlu məhsul əldə etməyə inandırırmış.

Amma XVIII əsrin əvvəllərində gavalıdan hazırlanan tort bütün Avropada tamamilə qadağan edilmişdi. Bu tortlar "günahlarla zəngin" hesab olunurmuş. Hətta gavalı tortunun istifadəsini məhdudlaşdıran qanunlar da qəbul edilmişdi.

XIX əsrdə meyvə tortu Avropada çox məşhurlaşır. Hətta Kraliça Viktoriyanın ad günü üçün hazırlanan meyvəli tortu yemək üçün bir il gözlədiyi deyilir. İngiltərədə toyda iştirak edən subaylara tort verilirmiş. 

 

Ən kiçik və ən böyük meyvələr

 

Dünyanın ən kiçik meyvəsi hesab olunan "Wolffia globosa"nın balaca yaşıl dənəcikləri var. Həmçinin bu, dünyanın ən kiçik çiçəkli bitkisi hesab olunur. Meyvənin ölçüsü 0.7 və 1.5 millimetr arasında dəyişir. Əsasən Asiya ölkələrində yetişdirilən meyvə protein ilə zəngindir. Bitkinin meyvəsinin dünyanın ən kiçik qarışqa növlərindən biri olan "Oğru"nun ölçüsünə bərabər olduğu qeyd olunur. Bu meyvədən Asiya ölkələrinin mətbəxində geniş istifadə olunur.

Dünyanın ağacda yetişən ən böyük meyvəsi olan "Jackfruit"in vətəni Hindistan yarımadası və İndoneziya sayılır. Əncir və tutkimilər sinfinə daxil olan meyvə yağışlı və rütubətli meşələrdə öz-özünə yetişir. Meyvənin hündürlüyü 1 metr, diametri 20 santimetr, çəkisi 50 kiloqramdır. Bu xüsusiyyətinə görə o, dünyanın Təbiət elmləri ədəbiyyatına daxil edilib. Dadı ananas, banan, manqo meyvələrinin qarışığını xatırladan "Jackfruit"dən müxtəlif yemək və salatlarda, eyni zamanda tibbdə dərman hazırlanmasında geniş şəkildə istifadə edilir.

 

Ekzotik meyvələr

 

Bəzi meyvələr isə qeyri-adiliyi ilə göz oxşayır. Bunların arasında tropik meyvələrə daha çox rast gəlinir. Ekzotik meyvələrdən hesab olunan durian meyvəsi dairəvi şəkildədir və çox iti iynələri var. Qabığının altında isə unikal dadı olan ləti yerləşir. "Meyvələrin kralı" adlanan bu meyvədən kəskin ammonium qoxusu gəlir. Qoxusuna görə onu təyyarədə daşımaq və ya hotel nömrələrinə aparmaq qadağandır. Tailandda bitən bitkinin meyvəsi vitaminlərlə və qidalandırıcı maddələrlə zəngindir.

Ekzotik meyvələrdən biri də cekfrutdur. Sarı-yaşıl qabığının altında tikanlı qalın meyvəsi olan bitkinin şirin dadı və armudun ətrinə bənzər qoxusu var. Cekfrutu digər meyvələrlə birlikdə dondurma və kokos südünə əlavə edirlər. Toxumları isə bişirilmiş halda yeyilir.

Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Giləmeyvə olsa da meyvələri böyükdür. Meyvələri ölçü, forma və rənginə görə müxtəlif olur. Bəziləri qırmızı, digərləri tünd sarı rəngdədir. Meyvənin dadı qovun və xiyarı xatırladır. Bu meyvəyə əsasən Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir və İndoneziyada rast gəlinir.

Liçi meyvəsinin digər adı litçi, yaxud Çin gavalısıdır. Ürəkşəkilli və ya dairəvi meyvə salxım şəklində olur. Qırmızı qabığının altında şəffaf, sulu və şirin lət olur. Asiya ölkələrində tropik meyvəni konservləşdirilmiş şəkildə və plastik paketlərdə satırlar. Meyvənin mövsümü isə maydan iyula qədərdir.

Ekzotik meyvələrdən olan mameyanın digər adı sapotadır. Dəyirmi formalı kiçik meyvənin rəngi narıncıdır. Ərik dadı verən meyvədən şirniyyatların hazırlanmasında istifadə olunur və yetişməmiş meyvələrindən jele hazırlanır. Meyvə əsasən Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın bəzi ştatlarında bitir. Mövsümü sentyabrdan noyabra qədər davam edir.

Lonqan da ekzotikliyi ilə seçilən meyvələrdəndir. Meyvənin digər adları lam-yay, yaxud "əjdaha gözü"dür. Dairəvi və çəhrayı rəngdə olan lonqan zahirən kiçik kartofa bənzəyir. Qabığının altında olan parlaq ağ və ya çəhrayı lət yumşaq jeleni xatırladır. Meyvənin ortasında böyük qara dənəsi var. Lonqan sağlamlıq üçün faydalı hesab olunsa da, çox yeyildiyi halda bədənin temperaturunu yüksəldir. Lonqanın yayıldığı ərazilər isə Tailand, Vyetnam, Kamboca və Çindir.

Tüklü pomidora bənzəyən narahilla lulo, And dağlarının qızıl meyvəsi də adlandırılır. Dadına görə isə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatlarının, dondurma, kokteyllərin hazırlanmasında istifadə olunur.

Venesuela, Panama, Ekvador, Kosta-Rika və Çilidə rast gəlinən bitkinin mövsümü sentyabrdan noyabra qədər çəkir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video