Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma, təxminən, 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Qeyd edilib ki, bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.
Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda, məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür.
Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.