ABŞ-nin Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfrans Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu dəhşətli hadisənin mahiyyəti və tarixi faktları barədə ətraflı məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunan ardıcıl və genişmiqyaslı tədbirlərin bəşəriyyətə qarşı törədilən, insanlığa sığmayan terror aktının unudulmamasına xidmət etdiyini bildirib. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının, xocalılılara qarşı törədilən cinayətlərin hüquqi-siyasi qiymət almasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidenti Adika İqbal Xocalıda törədilən vəhşiliklərin, dinc əhaliyə qarşı yönələn amansız cinayətlərin təkrar yaşanmaması üçün qlobal həmrəyliyin mühüm rolunu qeyd edib.
Konfransda irlandiyalı tarixçi, “44 Gün: Qarabağ – işğaldan azadlığa” kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayiş olunub. O, Xocalı hadisələrinin tarixi kontekstinə toxunaraq, 1992-ci il fevralın 26-da törədilən hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra “Xocalı qətliamı – Azərbaycanın tarixi” adlı sənədli film nümayiş olunub.
Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işini davam etdirib.
Maliyyə sahəsi üzrə analitik, “LearnTheMoney.org” saytının təsisçisi Əlimürsəl İbrahimovun moderatorluğu ilə keçirilən “Tarixi yaddaş sülhün təməli kimi” adlı paneldə Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin dosenti Əli Əsgərov, Cənubi Metodist Universitetinin fizika üzrə professoru Dürdanə Balakişiyeva, Çində fəaliyyət göstərən jurnalist və geosiyasi analitik Malik Ayub Sumbal, eləcə də Böyük Britaniyalı politoloq və jurnalist Neil Vatson çıxış edib.
Çıxışlarda Xocalı soyqırımının beynəlxalq hüquq baxımından qiymətləndirilməsindən, tarixi yaddaşın gələcək nəsillər üçün qorunmasının əhəmiyyətindən danışılıb. İnformasiya müharibəsi və xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mövqeyini dünyaya çatdırmaqda oynadığı geniş müzakirə olunub. Eyni zamanda, regiondakı geosiyasi vəziyyət, postmünaqişə dövründə balanslı güc siyasətinin və regional əməkdaşlığın önəmi diqqət mərkəzində olub.
Konfrans sual-cavab formatında müzakirələrlə işini davam etdirib.