Dünyada işçilərin böyük əksəriyyəti müstəqil işləmək və öz biznesinin sahibi olmaq arzusundadırlar. Lakin qlobal miqyasda davam edən maliyyə qeyri-müəyyənliyi çoxlarına bu addımı atmağa mane olur.
“The İndependent” nəşrinin məlumatına görə, ABŞ-nin “Remitly” şirkətinin 28 ölkədə 5 mindən çox insan arasında apardığı sorğuya əsasən, iştirakçıların təxminən 75 faizi öz işini qurmaq istəyir. Ancaq onların yalnız üçdə biri növbəti il ərzində bununla bağlı real addım atmağı planlaşdırır.
Öz işini qurmaq həvəsinin ən yüksək olduğu ölkə Keniyadır. İlk beşliyə Cənubi Afrika (93 faiz), Mərakeş (91 faiz), Hindistan (90 faiz) və Meksika (84 faiz) daxildir. Bu istəyin ən aşağı olduğu ölkə isə İspaniyadır (29,5 faiz). İspaniyanı Belçika, Çili, Macarıstan və Böyük Britaniya izləyir.
İştirakçıların 73 faizi əsas səbəb kimi daha çox müstəqilliyi və iş rejiminə nəzarət etmək arzusunu göstərib. Sərbəst iş qrafiki və şəxsi həyatla iş arasında sağlam balans yaratmaq da əsas motivasiyalardandır. Ənənəvi işdə qalmaq istəyənlərin isə əsas məqsədi sabitlik, pensiya və ödənişli xəstəlik məzuniyyəti kimi zəmanətlərdir. İnsanların çoxu maliyyə risklərindən və idarəetmə məsuliyyətindən uzaq durmağa çalışır.
İnflyasiya və artan xərclər səbəbindən ABŞ-də işçilərin təxminən 28 faizi maaşlı işi ilə yanaşı, öz şəxsi kiçik işini də idarə edir. Mütəxəssislər bildirirlər ki, bu yolla qazanılan aylıq 200-500 dollar əlavə gəlir insanların gündəlik xərclərini, borclarını və kommunal ödənişlərini qarşılamaqda mühüm rol oynayır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”