Plastik tullantılar dünyanı təhdid edir
Dünyanı narahat edən ətraf mühit problemlərindən biri də tullantıların artmasıdır. Hazırda onların böyük bir qismini plastik tullantılar təşkil edir. Plastik tullantılar ətraf mühitə və ekosistemə geniş miqyasda təsir edir.
Ötən əsrin ortalarında plastik tullantılar bərk məişət tullantılarının cəmi 1 faizini təşkil edirdi. Hazırda bu rəqəm 12 faizdən çoxdur. Təəssüf ki, plastik tullantıların həcmi hər il daha da artır. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Onların tullantılarının torpaq və suda parçalanması üçün isə yüzillər tələb olunur. Elə tullantılar var ki, min illər keçsə belə təbiətdən yox olmur. Mütəxəssislər bildirirlər ki, plastik tullantılar torpaqda 800 il, okeanlarda isə 400 il ərzində parçalanır. Belə tullantıların vurduğu ziyan dünyanın ekoloji tarazlığına ciddi təsir göstərir.
Təbiətə atılan plastik tullantıların 90 faizi okeanlarda toplanır. Bu da plastik adaların yaranmasına səbəb olur. Hazırda okeanlarda beş böyük plastik tullantı adası var. Onlardan ikisi Sakit okeanda, ikisi Atlantik okeanında, biri isə Hind okeanındadır. Okeanlara və digər su hövzələrinə atılan plastik məhsullar flora və faunaya ciddi zərər vurur. Mikroplastiklərin su ekosistemlərinə daxil olması ilə dəniz canlıları bu tullantıları qida kimi qəbul edir. Bu səbəbdən hər il milyonlarla dəniz canlısı həyatını itirir. Problemlə mübarizə aparılmadığı tədqirdə onun ekosistemə olunan daha dağıdıcı təsirləri artacaq.
Məsələ burasındadır ki, plastik tullantıların təsiri təkcə onların fiziki mövcudluğu ilə məhdudlaşmır. Plastik məhsulların istehsalı və onların çürüməsi də ətraf mühitə təsir edən karbon emissiyalarına səbəb olur. Belə ki, plastik istehsalı üçün fosil yanacaqlardan istifadə edilir. Bu isə böyük miqdarda karbon qazının atmosferə buraxılmasına gətirib çıxarır.
Bu problem Azərbaycanda da aktualdır. Ölkəmizdə də plastik qablaşdırma tullantılarının həcmi getdikcə artır. Statistikaya görə, hər il orta hesabla hər bir şəxs 24 kiloqram plastik məhsul istifadə edir. Bununla belə ölkəmiz tullantıların idarə edilməsi və təkrar emalına xüsusi önəm verir.
Plastik tullantıların tənzimlənməsi və onların iqlim dəyişikliyinə təsiri məsələsi də COP29-un prioritet mövzularındandır. COP29 çərçivəsində aparılan müzakirələr plastik tullantıların təkrar emalı, karbon emissiyalarının azaldılması və normativ tənzimləmələrə yönəlib. Konfrans çərçivəsində həyata keçirilən tədbirlər və müzakirələr plastik tullantıların idarə edilməsində qlobal əməkdaşlıq və qanunvericilik işlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. COP29 müzakirələrində plastik istehsalının qlobal karbon izinə təsiri, plastik tullantıların idarə olunması və təkrar emalı imkanları xüsusi əhəmiyyət daşıyır.
Plastik tullantıların azaldılması və təkrar emal texnologiyalarının inkişafı yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də su ekosistemlərinin, biomüxtəlifliyin və insan sağlamlığının qorunmasında mühüm rol oynayır. COP29-da plastik tullantılarla bağlı qəbul ediləcək qərarlar ümumilikdə ekoloji tarazlığın qorunmasına və ekosistemlərin dayanıqlığının təmin edilməsinə xidmət edəcək.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"