Amma gərək
ona vaxtında hazırlaşasan
Payız ömrünü
başa vurmuş, yurdumuza, elimizə, obamıza qış gəlmişdir. Hər fəslin öz əlamətləri
ilə yeri var. O cümlədən, qış da çovğunu, qarı, şaxtası ilə gözəldir. Qış sərt keçəndə,
qar çox yağanda məhsul da bol olur. Amma qışın bu xüsusiyyətləri ona daha ciddi
hazırlaşmağı tələb edir. Tədbirli olanlar qışın necə gəlib-getdiyini hiss etmirlər.
Vaxtında tədbir görməyənlər isə əziyyət çəkir, çətinliklərlə üzləşirlər.
Lənkəranda
hələ yay aylarından payız-qış mövsümünə hazırlıq işləri görülmüşdür. Şəhər icra
hakimiyyətinin rəhbərliyi ilə aidiyyəti qurumların fəaliyyəti bu məsələyə yönəldilmişdir.
Görülən işlərin vəziyyəti həmin idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı
ilə icra hakimiyyətinin şura iclasında müzakirə edilmiş, ortaya çıxan bir sıra çatışmazlıqların
aradan qaldırılması nəzarətə götürülmüşdür.
Məlumdur ki,
indi həyatı, məişəti elektrik enerjisi olmadan təsəvvür etmək çətindir. Bu baxımdan
qışda davamlı elektrik enerjisi ilə təminat birinci yerdə durur. Lənkəran Elektrik
Şəbəkəsi ötən ilin payızından xidmət ərazisində olan bütün hava xətlərinə və yarımstansiyalara
baxış keçirmiş, mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmüşdür.
İstismara yararsız 398 izolyator, 211 elektrik dirəyi yenisi ilə əvəzlənmişdir.
Yarımstansiyalarda transformatorlara yağ əlavə edilmiş, 15 min 360 metr naqil əvəz
olunmuş, yeni SİP kabelləri çəkilmiş, hava xətləri ağac budaqlarından təmizlənmiş,
50 transformator yarımstansiyasında təmir işləri görülmüşdür.
"Azərişıq”
ASC tərəfindən isə Haftoni qəsəbəsində, Şağlaser, Separadi, Şirinsu kəndləri ərazisində
410 dayaq qaldırılmış, 15,6 min metr SİP kabel çəkilmiş, Sərnəkaran yarımstansiyası,
həmin yarımstansiyadan Kənarmeşə, Seyidəkəran kəndlərini və Aşağı Nüvədi qəsəbəsini
qidalandıran hava xətləri yenilənmiş, 6 yeni elektrik transformator məntəqəsi quraşdırılaraq
istifadəyə verilmişdir. Bunlarla yanaşı, yeni Lənkəran II yarımstansiyası da istifadəyə
verilmişdir.
Lənkəran Regional
Qaz İdarəsi də qış mövsümünə payız aylarından hazırlaşmışdır. Qazpaylayıcı stansiyalarda
yenidənqurma işləri aparılmış, şəhərin bir sıra küçələrində, rayonun Digah və Şirinsu
kəndlərində 5,6 min p/metr yeni qaz xətti çəkilmiş, müxtəlif ərazilərdə 4 qaztənzimləyici
şkaf istismara verilmiş, istismar müddəti bitmiş 768 qaz sayğacı yenilənmişdir.
"Azəriqaz” İstehsalat Birliyinin tikinti təşkilatı tərəfindən rayonun Haftoni qəsəbəsində
və Xanlıqlı kəndində yeni qaz xəttinin çəkilişi başa çatdırılmış, həmin yaşayış
məntəqələrinə "mavi yanacaq” verilmiş, natamam qazlaşdırılmış Lənkəran və Liman
şəhərlərinin, eləcə də Separadi, Şirinsu, Şiləvar, Digah, Girdəni kəndlərinin tam
şəkildə qazlaşdırılması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış,
Şovu, Əşlə və Mollakənd kəndlərinə qaz xəttinin çəkilişinə başlanılmışdır.
Mövsümə hazırlıqla
əlaqədar sukanal idarəsi tərəfindən də təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Belə ki, Xanbulan-Lənkəran su xəttinin Bürcəli, Xanbulan, Kosalar kəndləri ərazisindəki
qəza vəziyyətində olan hissələrinə, habelə şəhərin müxtəlif yaşayış binalarına xidmət
göstərən su və kanalizasiya nasos stansiyalarının elektrik avadanlıqlarında təmir
işləri aparılmış, bir sıra çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki kanalizasiya
xətlərində nasazlıqlar aradan qaldırılmışdır. "Azərsu” ASC tərəfindən rayona ezam
olunmuş xüsusi təyinatlı avtomaşınla şəhərin magistral kanalizasiya xətləri yuyularaq
təmizlənmiş, sıradan çıxmış 15 lük yenisi ilə əvəz olunmuş, qış aylarında su sayğaclarının
şaxtadan qorunması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Burada da idarənin balansında
olan maşın-mexanizmlər əsaslı təmir olunaraq qış mövsümü üçün işlək vəziyyətə gətirilmişdir.
Lənkəran şəhərinə bitişik Sütəmürdov, Vələdi, Şiləvar, Digah kəndlərinə su da çəkilməkdədir.
İstilik sistemləri
istismarı sahəsi tərəfindən qazanxanaların istilik xətləri, qaz boruları və digər
avadanlıqları təmir edilmişdir. Rayondakı 48 nömrəli "Yol İstismarı” MMC tərəfindən
mövsümə hazırlıqla əlaqədar idarənin balansında olan avtomobil yollarında çalalara
asfalt-beton çəkilmiş, çınqıl örtüklü yollarda
yeniləşdirmə-hamarlama işləri aparılmış, suötürücü borular, küvetlər lildən təmizlənmiş,
körpü məhəccərləri rənglənmiş, sıradan çıxan yol kənarları yenilənmişdir. Rayonun
ucqar dağ kəndlərinə gedən avtomobil yollarına şəhər icra hakimiyyətinin yaxından
köməyi ilə qum-çınqıl materialı tökülərək ağır texnikalar vasitəsilə genişləndirmə
və hamarlama işləri görülmüş, 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər kəndlərarası
avtomobil yolu yenidən qurulmuşdur.
Lənkəran Rayon
Mərkəzi Xəstəxanasında və onun tabeliyində olan tibb müəssisələrində, Lənkəran Regional
Mədəniyyət və Turizm İdarəsinin obyektlərində təmir işləri başa çatdırılmış, onlar
odun yanacağı ilə təmin edilmişlər. Telekommunikasiya Qovşağında, "Lənkəran-Sərnişin”
ASC-də, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsində, Lənkəran Neft Terminalı Bazasında
aidiyyəti üzrə zəruri tədbirlər görülmüş, mövcud maşın-mexanizmlər, avadanlıqlar
saz vəziyyətə gətirilmişdir.
Seyran CAVADOV,
"Azərbaycan”