Azərbaycanlı fəalların Laçın-Xankəndi yolundakı aksiyası 17 gündür ki, davam edir. Aksiya iştirakçıları sülhməramlıların məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislərin əraziyə buraxılması üçün lazımi şəraitin yaradılmasını tələb edirlər.
Ermənistan Azərbaycanı Xankəndidə yaşayan ermənilər üçün böhran vəziyyəti yaratmaqda ittiham etsə də, vətəndaşlarımızın dinc aksiyasına müxtəlif don geyindirməyə, hadisələri siyasi böhran kimi təqdim etməyə çalışsa da, iddialarını əsaslandıra bilmir. Aksiya iştirakçıları həmin ərazidə yaşayan dinc ermənilər üçün heç bir problem yaratmır, iştirakçılar humanitar məqsədli avtomobillərin hərəkətinə əngəl törətmirlər.
Prezident İlham Əliyev qeyd edib ki, Laçın yolunda baş verən hadisə gün kimi aydındır: "Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir".
Azərbaycan cəmiyyətinin haqlı tələbinin ifadəsi
Aksiya iştirakçısı, jurnalist Ceyhun Alışov deyib ki, aksiyada iştirak edən azərbaycanlı fəallar ölkəmizin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər: "Fəallar bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiya zamanı istənilən vaxt təhlükəsizlik qaydalarına riayət olunur, heç bir insident müşahidə edilmir. Şahidiyəm ki, etirazçılar həmin ərazidən keçən nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə törətmirlər. Yol humanitar məqsədlər üçün tamamilə açıqdır. Yəni ermənilərin aksiyanı humanitar böhran kimi təqdim etmək cəhdləri absurddur. Laçın yolunda təşkil olunan aksiya sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir".
C.Alışov qeyd edib ki, fəallar tələblərində israrlıdırlar: "Elə ilk günkü əzmkarlıqla şüarlar səsləndirilir, havanın soyuq olmasına baxmayaraq, iştirakçılar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. İctimai fəallar Rusiya sülhməramlılarının ağır zirehli hərbi texnikaları qarşısına aqressiyasız çıxıblar. Onlar ekoloji terrorun sonlandırılmasını, təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınmasını tələb edirlər. Bu tələblər kifayət qədər aydın və qanunidir. Lakin təəssüf ki, sülhməramlılar aksiya iştirakçılarının tələblərinin yerinə yetirilməsini hələ ki, təmin etmirlər. Sülhməramlıların Azərbaycanın suveren ərazilərində törədilən ekoloji cinayətlərin qarşısını almaqda maraqlı görünməmələri bu prosesi uzada biləcək başlıca amillərdəndir. Bütün bunlar aksiyanın daha geniş vüsət almasına təkan verə bilər. Bu, onu göstərir ki, sülhməramlılar bir sıra öhdəlikləri yerinə yetirmədikcə, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyətini öz üzərlərinə götürürlər. Bu, sadəcə olaraq Azərbaycanın öz ərazilərinin ekoloji mühafizəsi uğrunda savaşıdır".
Ceyhun Alışov əlavə edib ki, ermənilər vətəndaşlarımızın dinc aksiyasını dünyaya yol kəsmək kimi sırımaq istəyirlər. Bu cür yalanları yalnız Ermənistan uydura bilər. Onlar baş verənlərdən nəticə çıxarmaq əvəzinə cinayətkar əməllərini davam etdirir - saxta informasiyalar yayır və dünya ictimaiyyətini aldatmaq istəyirlər. Lakin öz havadarlarından başqa heç bir dövlət buna məhəl qoymur. Azərbaycanlı fəallar erməni separatçıların qanunsuz taladığı sərvətlərimizin xaricə daşınmasını önləməkdə haqlıdırlar".
Separatçıların ekoloji terroruna göz yuma bilmərik
Aksiya iştirakçısı, "Gənclərin Töhfəsi" İctimai Birliyinin baş katibi Taleh Mansurov deyib ki, xalqımıza məxsus olan təbii sərvətlərin ermənilər tərəfindən istismarına göz yummaq olmaz: "Ermənilər uzun illərdir ki, bizim ərazilərimizi hər cür terrora məruz qoyurlar. İkinci Qarabağ müharibəsindən sonra suveren ərazilərimizdə ətraf mühitin mühafizəsini müəyyən qədər nəzarət altına ala bilsək də, separatçılar ekosidə davam edirlər. Biz ekoterrorun dayandırılması üçün ilk gündən mübarizə aparır, ətraf mühitin mühafizəsinə nail olmağa çalışırıq".
T.Mansurov qeyd edib ki, Azərbaycan xalqı qalib xalq, biz də müzəffər ölkənin vətəndaşlarıyıq: "Məqsədimiz xalqımıza məxsus təbii sərvətlərin ermənilər tərəfindən oğurlanmasına qarşı çıxmaqdır. Aksiya dinc xarakter daşıyır. Elə burada olan sülhməramlılar da şahiddirlər ki, bizim məqsədimiz hansısa şəkildə gərginlik yaratmaq deyil. Sadəcə ermənilər həmişə olduğu kimi, yenə də yalan məlumatlar yayır, özlərini acınacaqlı vəziyyətdə təqdim edirlər. Dövlət başçısı da qeyd edib ki, Laçın yolunda vəziyyət bu gün təhrif edilmiş formada təqdim edilir. "Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz", - deyə Prezident bildirib. Bu, bir daha göstərir ki, erməni yalanları bu dəfə də onların işlərinə yaramayacaq. Azərbaycanlı fəallar tələbləri nəzərə alınana qədər aksiyanı davam etdirəcək, haqlı mübarizələrindən dönməyəcəklər".
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"