Gürcüstanın Avropaya inteqrasiyasını siyasi alətə çevirdiyini göstərir
"Oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 5 faizlik baryer 5 seçki subyekti tərəfindən keçilib. Beləliklə, "Gürcü Arzusu" partiyası parlamentdə 89, "Dəyişikliklər Koalisiyası" 19, "Birlik-Vahid Milli Hərəkat" 16, "Güclü Gürcüstan" 14, "Qaxariya-Gürcüstan naminə" 12 mandatla təmsil olunacaq. Hələlik partiyalardan 4-ü parlamentə daxil olmaqdan imtina edib".
Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva deyib. O bildirib ki, Gürcüstanda seçkinin nəticələri ilə bağlı, xüsusilə Qərb tərəfindən ikili standartlar müşahidə olunur. İlkin nəticələr açıqlandıqdan dərhal sonra Macarıstanın Baş naziri Viktor Orbanın Tbilisiyə səfər etməsindən və qələbə münasibətilə Baş naziri təbrikdən sonra 13 Avropa ölkəsi tərəfindən onun səfərinin Avropa İttifaqını tərənnüm etmədiyi ilə bağlı bəyanat yayıldı. Seçki Müşahidə Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) müşahidə missiyasının rəhbəri Zlatko Vujoviç prosesin qütbləşmiş mühitdə keçirildiyini bildirsə də, ATƏT missiyası seçkilərin səviyyəsini müsbət dəyərləndirərək gərgin vəziyyət, gizli səsvermənin pozulması, prosessual uyğunsuzluqlarla bağlı bir sıra problemləri də sadalayıb. "Almaniya Xarici İşlər Nazirliyi ATƏT/DTİHB-nin Gürcüstan seçkiləri ilə bağlı ilkin qiymətləndirməsini tam dəstəklədiyini, lakin gərginlik və qanun pozuntuları barədə məlumatlardan narahat olduğunu bildirib. Bəyanatda deyilir ki, Almaniya hökuməti bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan və gələcək qütbləşmədən qaçmağa çağırır. Avropa Şurasının prezidenti Şarl Mişel də seçkilərlə əlaqədar MSK və müvafiq orqanların qanun pozuntuları ilə bağlı araşdırma aparmağa çağırıb. ABŞ Dövlət Departamenti Gürcüstanda keçirilən seçkilərin bütövlüyünə inamın sarsıldığını bildirib və qanun pozuntuları ilə bağlı bütün məlumatların araşdırılmasına çağırıb. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Gürcüstan hökumətinin kursunun dəyişməli olduğunu dilə gətirib. ABŞ Prezidenti Co Bayden Gürcüstan hökumətini seçkilərdəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, "Xarici agentlər haqqında" qanunu ləğv etməyə və Gürcüstandakı bütün siyasi qüvvələrlə seçkilərin bütövlüyünü bərpa etmək üçün dərhal dialoqa başlamağa çağırıb. Avropa İttifaqının Xarici siyasət üzrə nümayəndəsi Cosep Borel Gürcüstandakı seçkilərdə bütün pozuntuların təcili araşdırılmasını tələb edib", - deyə o xatırladıb.
N.Mirzəyeva qeyd edib ki, Kanada Xarici İşlər Nazirliyinin bəyanatında isə Böyük Yeddilik və Avropadan olan tərəfdaşlarla koordinasiyada ölkədə keçirilən parlament seçkilərinin gedişi və nəticələrinə görə Gürcüstanla münasibətlərə yenidən baxılacağı qeyd edilib. İsveçin xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Benjamin Duza münasibətlərin dayandırılması qərarının seçkilərdən əvvəl verildiyini dilə gətirib. Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski təsdiqləyib ki, Gürcüstanın Aİ-yə daxilolma prosesi "dəyərlərindən uzaqlaşdıqca" dayandırılacaq. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç də Gürcüstanda keçirilən parlament seçkilərində pozuntular barədə məlumatların araşdırılması çağırışlarına qoşulub. Müvafiq bəyanat Norveç Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.
Siyasi təhlilçi bildirib ki, bütün bunlar Qərbin öz maraqlarını güdməsinin nəticəsidir. Gürcüstan parlamentinin eks-spikeri Şalva Papuaşvili Qərbin parlament seçkiləri ilə bağlı təzyiq dalğasını şərh edərək Qərb oyunçularını tənqidlərini faktlarla əsaslandırmağı tövsiyə edib: "Mərkəzi Seçki Komissiyasının şəffaf təşkilat olaraq fəaliyyət göstərdiyini dilə gətirən Ş.Papuaşvili şikayətlərin təqdim edilməsi üçün çağırış edib və həmin iddiaların araşdırılacağını söyləyib. Öz növbəsində Gürcüstan Prokurorluğu tərəfindən də seçkilərin saxtalaşdırılması ilə bağlı iddiaları olan şəxslərin əməkdaşlığa dəvət olunduğu ilə bağlı açıqlamasını görə bilərik. "Gürcü Arzusu"nun qənaətincə, Brüsseldə rəsmilər tərəfindən seçki prosesi hədsiz dərəcədə siyasiləşdirilib və bu cür yanaşma ölkənin Avropaya inteqrasiyasını siyasi alətə çevirib. Bu cəhd isə öz növbəsində Avropa İttifaqının nüfuzuna xələl gətirməkdədir. Hesab olunur ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyünün dayandırılması ilə bağlı deyilənlər əsassızdır".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"