28 Iyun 2024 08:20
225
SİYASƏT
A- A+

Qəhrəmanlıq unudulmur

 

Əsir düşəndə də Azərbaycan bayrağını əlindən yerə qoymadı

 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr-noyabr ayları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində böyük Zəfərə imza atmış, Qarabağ və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etmişdir. 
Bu misilsiz qələbəmiz haqqında yüz illər sonra da iftixarla danışılacaq. Və danışıla-danışıla Ali Baş Komandana, onun rəhbərliyi altında bizlərə qələbə sevinci yaşadan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza minnətdarlıq ifadə olunacaq. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində Vətən, torpaq, yurd naminə canını fəda edərək şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızla qürur duyulacaq. 
Belə igid övladlarımızdan biri də Natiq Qasımovdur. Onun Birinci Qarabağ müharibəsində göstərdiyi igidlik bu gün əfsanəyə çevrilib, cəmi 21 illik  ömür yaşasa da, adı Azərbaycanın müasir hərb tarixinə əbədi həkk edilib.
1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olan Natiq Qasımov sonralar ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb və Rusiyanın Krasnoyarski vilayətində daxili qoşun hissələrində xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra - 1991-ci ildə Vətənə qayıdıb və elə həmin il  erməni təcavüzkarlarına qarşı döyüşlərə yollanıb. Ağdamda Yaqub Rzayevin başçılıq etdiyi "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı vuruşub. 1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri ilə alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlərdə iştirak edib. Bu şiddətli döyüşlərdə altı döyüş yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən kilsədə döyüşü davam etdirib. Bir neçə gün təkbaşına vuruşaraq düşməni yaxına buraxmayıb.
Həmin dövr ermənilərə əsir düşən və sonradan əsirlikdən azad olan Xocalı sakini Cəfər Cəfərov həmin hadisələri belə xatırlayır: "Bizi - 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün  orada qaldıqdan sonra günlərin birində bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram. Kilsədə Azərbaycan döyüşçüləri var. Onlar bizə güclü müqavimət göstərirlər. Sən kilsəyə daxil ol və onlara təslim olmalarını de. Əgər təslim olmasalar, sizin hamınızı güllələyəcəyik. Təslim olsalar, azad edəcəyik. 
Məni Qriqoryan kilsəsinə apardılar. Maşını kilsədən aralı saxlayıb məni düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs gəldi. Azərbaycanlı olduğumu söylədim və ermənilərin tələblərini bildirdim. Yenə səs gələndə anladım ki, orada yalnız bir nəfər var. Sən demə, o, 5 gündür ac-susuz tək döyüşür. Mən ermənilərin şərtini təkrar edəndə o, bir qədər fikrə getdi. Nə fikirləşdisə, kənd məktəbindən götürdüyü Azərbaycan bayrağını kilsənin üstündən  çıxarıb əlinə aldı. Silahında cəmi iki güllə qalmışdı. Onu da havaya atıb dedi ki, mən günahsız Xocalı sakinlərinin güllələnməsinə razı ola bilmərəm. Sonra bayrağı yuxarı qaldıraraq ermənilərin üstünə getdi. Ermənilər onu əsir götürdülər. Sonralar ermənilər heç vaxt Natiqin onların əsirliyində olmasını etiraf etmədilər". 
Halbuki əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yaradılmış Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var idi. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir. Natiq haqqında çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra işgəncə ilə öldürüldüyü haqda ifadə var. Şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə etiraf etmişlər. Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı erməni hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərinin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr vermişdi.
Bu yerdə qeyd edək ki, Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən çəkilmiş "Oğul" sənədli filmində erməni separatçılarının rəhbəri olmuş Vitali Balasanyandan da müsahibə götürülmüşdür. Bundan başqa, Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italiyalı müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alıb. Üstəlik Birinci Qarabağ müharibəsində iştirak edən "general" Vitali Balasanyan da müsahibə verib. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib. Vitali Balasanyan müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan  Natiqi dindirən gənc erməni zabitinin Vitali Balasanyan olduğunu deyib. Bu, onu göstərir ki, Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak etmişdir. 
Natiq Qasımov haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotoşəklindən sonra Natiqin sonrakı taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Onun Çexiyanın paytaxtı Praqa şəhərində yaşayan əmisi oğlu Çingiz Qasımov deyir ki, Natiqi illərlə axtarıb. Ümumiyyətlə, Çingizin Natiqlə bağlı maraqlı və kədərli xatirələri var: "Natiq Qarabağ uğrunda döyüşlərə qatılanda mən Moskvada yaşayırdım. Həmin dövr tez-tez evə zəng edirdim.  Günlərin birində yenə evə zəng edəndə dedilər ki, Natiq itkin düşüb. Bir neçə gündən sonra həyat yoldaşım mənə "Oqonyok" jurnalını gətirərək dedi ki, jurnalda Natiqin əlində Azərbaycan bayrağı olan şəkli dərc edilib. Məqalənin adı "Strax" ( "Qorxu") idi. Jurnalın redaksiyasına zəng edib görüş istədim. Bir gündən sonra redaksiyada oldum. Məni yaxşı qarşıladılar. Əmim oğlunun taleyi ilə maraqlandım. Jurnalın həmin ərazidə olan əməkdaşı Konstantin Smirnovla söhbət etdim. Rus jurnalisti  Natiq Qasımovun ermənilərə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığı ilə danışdı. Jurnalda çap olunan şəkli göstərib dedi ki, bu oğlan əsir düşəndə erməni uşaqlarının müşayiəti ilə Azərbaycan bayrağı aparırdı. Şəkil keçmiş SSRİ-nin ən populyar jurnallarından olan "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında çap edilmişdi. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə oxuculara təqdim olunmuşdu. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində tutduğu üçrəngli Azərbaycan bayrağı ilə iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks edilmişdi. Sonra söhbətinə davam edən rusiyalı jurnalist dedi ki, ermənilər elə bilirdilər kilsədə batalyon var. Lakin Natiq təslim olanda gördülər ki, kilsədən cəmi bir nəfər çıxdı. Erməni əsgərləri şok olmuşdular. Kəndin sakinləri Natiqin üstünə hücum etmək istəyəndə hərbçilər onları yaxına buraxmadılar və dedilər ki, burda çoxlu sayda xarici jurnalist var. Sonra Natiqi sual-cavab etdilər. Mən jurnalın əməkdaşı Konstantin Smirnovdan ermənilərin nə suallar verdiklərini soruşdum. Dedi ki, onlar Azərbaycan dilində danışdıqları üçün heç nə başa düşməyib. Smirnova dedim ki, əgər ermənilərlə əlaqə qura bilsə, istədikləri pulu verərəm ki, Natiqi buraxsınlar. O, əvvəlcə razı oldu. Dedi ki, danışaram. Lakin bir müddət sonra bildirdi ki, söhbətimiz alınmadı. Çünki Natiq orda yox idi. Öyrənə bilmədim ki, onu başqa yerə aparıblar, yoxsa öldürüblər. Sonralar onun yerini müəyyənləşdirmək üçün hər yerə əl atdım. Lakin heç nəyə nail ola bilmədim".
Natiqin qəhrəmanlığı az bir vaxt içərisində dildən-dilə düşdü. Bu hadisə keçmiş ittifaqda yayıldı. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini nümayiş etdirmişdi.
Bir müddət sonra sosial şəbəkələrdə erməni cəlladlarının 1992-ci ildə əsir götürdükləri Azərbaycan əsgəri Natiq Qasımovun dindirilməsi zamanı çəkilmiş fotoları yayıldı. Bayrağı düşmənə verməyən Natiq Qasımovun dəhşətli işgəncələr nəticəsində öldürüldüyü güman edilirdi. 
Britaniyalı rejissor və ssenari müəllifi Karan Sinq Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib. Film izləyənləri dəhşətə gətirib. Rejissor filmdə Natiqi dindirən Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Balasanyan isə bu faktı təkzib edib. Halbuki  sorğu zamanı Natiqlə düz üzbəüz dayanan gənc zabit həqiqətən  Balasanyan idi. Dindirilmə zamanı erməni zabiti Aşot Movsesyan da bunu təsdiq etdi. Bir də onu qeyd etdi ki, Natiq cəsur və qoxmaz əsgər idi: "Təsəvvür edin ki, bizimkilər ona qumbara atırdılar. O isə həmin qumbaranı götürüb bizə atırdı. Eşitdiyimə görə onu əsir götürəndən sonra öldürmüşdülər".
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı vermişdir. Bununla bağlı Natiqin ailəsində böyük sevinc yaşanır. Belə bir ərəfədə Natiqin ailəsinə baş çəkdik. Bizi Milli Qəhrəmanın bacıları Kəmalə və Nahidə qarşıladılar. Evdə yaxın qohum-əqrəba da var idi. Onlar Dursun ananı təbrik etməyə gəlmişdilər. Qəhrəmanın anası xəstə olsa da, sevincini gözaydınlığa gələnlərlə bölüşürdü. "Oğluna Milli Qəhrəman adı veriləndə hansı hissi keçirdiniz?" sualına belə cavab verdi: 
- Həmin gün özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma  gəlməzdi ki, mənim balama Milli Qəhrəman adı verilə. Sanki yuxuda idim. Sevincdən gözlərim yaşardı. Prezidentimizə təşəkkür etdim, "sağ ol" dedim. Allah ona uzun ömür, cansağlığı versin, Azərbaycan xalqının, dövlətimizin üstündən əskik eləməsin. Çox razı qaldım. Həmişə bizi - şəhid ailələrini diqqətdə saxlayır. 
Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə ürək sözlərini belə ifadə etdi:
- Bu günlər Natiqin ad günüdür. 32 ildən sonra qardaşıma Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi onun doğum gününə bir hədiyyə oldu. Onun yolunu həmişə gözləmişik. Arzulamışıq ki, qardaşım sağ-salamat gəlib çıxsın. Təəssüf ki, onun taleyi barədə heç bir məlumat əldə edə bilmirdik. Sağ olsun Prezidentimiz, Natiqin qəhrəmanlığına yüksək qiymət verdi. Buna görə ona ailəmiz adından minnətdarlığımızı bildiririk. 
 
Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video