Son illər yerli və xarici turistlərin Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncəyə maraqları daha da artmışdır. Bunun bir səbəbi qədim
Nizami yurdunda aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin gözəlləşməsidirsə,
digər səbəbi burada çoxlu sayda mədəniyyət obyektlərinin olmasıdır.
Gəncə həm də muzeylər, tarixi abidələr, parklar
, fəvvarələr şəhəridir. Hazırda burada 31 böyük park var. Onlardan ən nəhəngi Ulu
Öndər Heydər Əliyevin adını daşıyan park-kompleksidir. İstər şəhər sakinlərinin,
istərsə də turistlərin bu parkda mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
450 hektar ərazisi olan Heydər Əliyev park-kompleksinin
girişində möhtəşəm "Zəfər tağı” ucaldılıb. Gözoxşayan xiyabanda geniş yaşıllaşdırma
işləri aparılmış, çoxlu sayda oturacaqlar qoyulmuşdur. İnsanlar axşamlar xiyaban
boyu gəzintilər keçirir, fəvvarələrin ətrafında dayanıb sərinlənirlər. "Zəfər tağı”ndan
Heydər Əliyev mərkəzinə kimi olan ərazidə minlərlə ağac əkilib. Parkda yaradılan
süni göl və orijinal şəlalə bu əraziyə xüsusi gözəllik verir. Bundan başqa, park-kompleksdə
müxtəlif məişət obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri və uşaqlar üçün
nağıl qəhrəmanlarını canlandıran "Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərir.
Parkda Müasir İncəsənət Muzeyi və amfiteatr da inşa edilmişdir. Muzeydə tez-tez
tanınmış rəssamların əl işlərindən ibarət sərgilər təşkil edilir ki, bu da turistlərin
marağına səbəb olur. Nəhayət, burada ucaldılan möhtəşəm Heydər Əliyev Mərkəzi park-kompleksinə
xüsusi yaraşıq verir. Demək olar ki, mərkəz hər gün insanlarla dolu olur. Xüsusilə
məktəblilər burada dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətini,
eləcə də müstəqil Azərbaycanın memarı və qurucusunun göstərdiyi xilaskarlıq missiyasını
dərindən öyrənirlər.
Gəncənin park-bulvar kompleksi də insanların
ən çox sevdikləri məkandır. Layihəyə uyğun olaraq görülən işlər çərçivəsində Gəncə
çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılmış, çayın
yatağı təmizlənmiş, məcrası isə yenidən qurularaq hər iki tərəfdə ümumi uzunluğu
2,4 kilometr olan betondan istinad divarı çəkilmişdir. Çayın sağ sahilində ilkin
olaraq 34 hektar ərazidə bulvar salınmışdır. İstirahət məkanında Bayraq meydanı,
mətbuat evi, kitab evi, uşaq əyləncə və ticarət mərkəzləri, "Əli və Nino” kompleksi,
saat qülləsi, kinoteatr inşa edilmişdir. Bulvarda velosipedçilər üçün xüsusi veloxəttin
salınması şəhər gəncləri, eləcə də turistlər tərəfindən razılıqla qarşılanmışdır.
İndi axşamlar burada insan əlindən tərpənmək olmur. Attraksionlar, yaşlı insanların
dincəlməsi üçün guşələr, müxtəlif stolüstü oyunların keçirilməsi üçün yerlər də
yaradılmışdır.
Yay mövsümü olduğundan Gəncə sakinlərinin
ən çox üz tutduqları yerlər park və xiyabanlardır. Onlardan biri də görkəmli dövlət
xadimi Nəriman Nərimanovun adını daşıyan parkdır. Parkın girişində onun böyük büstü
ucaldılmışdır. Yaşıllıqlarla əhatə olunmuş parkda çoxlu oturacaqlar qoyulmuş, müasir
işıqlandırma qurğuları quraşdırılmışdır ki, bu da gecələr parka xüsusi gözəllik
verir.
Ümumiyyətlə, şəhərin bütün yaşayış massivlərində
park və xiyabanlar salınmışdır ki, bunun da nəticəsində bu ərazilərdə yaşayan insanlar
əziyyət çəkib istirahət etmək üçün uzun yol qət etmirlər. Məsələn, görkəmli Azərbaycan
bəstəkarı Fikrət Əmirovun və Məhəmməd Füzulinin, görkəmli dövlət xadimi Əziz Əliyevin
adını daşıyan parklar, eləcə də "İstiqlal” parkı şəhərin müxtəlif ərazilərində salınmışdır
ki, bu da sakinlərin istirahəti üçün çox əlverişlidir.
Hazırda şəhərdə iki yeni parkın salınması
uğurla davam etdirilir. Onlardan biri Mirzə Şəfi Vazeh parkıdır ki, burada da işlər
yekunlaşmaq üzrədir. Ümumi sahəsi bir hektardan çox olan parkda 10 ədəd bulaq kompleksi
tikilmiş, insanların istirahəti üçün hər cür şərait yaradılmışdır.
Şəhərdə yeni parklar salınarkən Gəncə memarlığına
xas olan tağbəndlərdən, ətraf hasarlarda isə gülbağı daşlardan, eləcə də kərpiçlərdən
istifadə olunur ki, bu da şəhərin qədimliyinə xələl gəlmədən müasirliyini əks etdirir.
Gəncə həm də turistləri özünə daha çox cəlb
edən muzeylər şəhəridir. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin
yaradılması ilə də müşayiət olunur. Yerli memarlıq üslubunda ucaldılan bu muzeylər
çox qısa zamanda həm Gəncə sakinlərinin, həm də xarici qonaqların böyük marağına
səbəb olmuşdur. Qədim mülklərlə yanaşı, indi burada Qala Qapıları-Arxeologiya və
Etnoqrafiya Muzeyi Abidə Kompleksi kimi yeni tikililər də var. Şəhərin girəcəyində
ucaldılmış bu abidə indi hər bir qonaqda heyranlıq yaradır.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi
yaxınlığında bənzərsizliyi ilə diqqəti cəlb edən bir muzey də inşa edilmişdir. Bu,
Nizami Gəncəvi Muzeyi adlanır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında
tikilməsi bura gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat
və yaradıcılığı barədə geniş məlumat almağa imkan yaradır. Bunun üçün muzeydə böyük
monitor da quraşdırılmışdır.
Ümumiyyətlə, Gəncədə son bir neçə ildə mədəniyyət
obyektlərində əsaslı şəkildə yenidənqurma işləri aparılmışdır. Məsələn, Nizami Gəncəvinin
məqbərəsində, Gəncə çayı sahilində yerləşən "Xəmsə” memarlıq kompleksində, "Çökək
hamam” tarixi memarlıq abidəsində, "Zərrabi” tarix-memarlıq abidəsində, "Şərəfxanlı”
tarix-memarlıq abidəsində əsaslı təmir işləri görülmüş, Məhsəti Gəncəvi Mərkəzi,
Miniatür kitab muzeyi, "Avropa Gənclər Paytaxtı-2016 Gəncə Parkı”, Hacıkənd qəsəbəsində
"Nizami Gəncəvinin sələfləri və xələfləri” adlı park, Şah Abbas və Uğurlu xan karvasarayları
təmirdən sonra istifadəyə verilmişdir.
Söz yox ki, şəhərdə turistlər üçün yaradılan
bu imkanlar onu deməyə əsas verir ki, istər yerli və istərsə də xarici qonaqlar
bu qədim şəhərə gəlməyə böyük maraq göstərirlər. Onlar bu səfərləri çərçivəsində
Gəncənin tarixini öyrənməklə yanaşı, onun müasirliyinin də şahidi olurlar. Bundan
başqa, turistlərin qədim Nizami yurduna marağını artıran amillərdın biri də göllər
tacı Göygölun bu şəhərə yaxın ərazidə yerləşməsidir. Son illər göl ərazisində aparılan
abadlıq və quruculuq işləri insanların razılığı ilə qarşılanmışdır. İndi gölə ekskursiya
edən yerli turstlərlə yanaşı, xarici turistlər də çoxluq təşkil edir. Hətta ailəvi
şəkildə bura gələn turistlərin də sayı gündən-günə artır.
Hindistanlı Amriş Kumor deyir ki, onların
ölkəsində də gəzməli, görməli yerlər çoxdur. Lakin dağların qoynunda yerləşən bu
göl onu heyran etdi. Meşələr, yan-yana düzülmüş
göllər isə bu ərazilərə xüsusi yaraşıq verir. Mən buranın təbiətindən çox zövq aldım.
Növbəti illərdə ailəmlə bu yerlərə təkrar dönmək arzusundayam.
İsrailli turist
Adlin Key isə söylədi ki, o, bir çox xarici ölkədə olub. Lakin belə bir gözəllik
görməyib.
Gəncədə turizmin
inkişafı üçün geniş imkanlar var. Xüsusilə şəhərə gəlmək üçün heç bir nəqliyyat
problemi yaşanmır. Əvvəla, burada beynəlxalq hava limanı var və sərbəst uçuşlar
həyata keçirilir. Paytaxt Bakıdan Gəncəyə sürət qatarı işləyir. Bakı-Gəncə magistral
avtomobil yolu tamamilə yenidən qurulmuşdur.
Ümumiyyətlə,
Azərbaycan müstəqillik qazandıqdan sonra turizmin inkişafı sahəsində görünməmiş
uğurlar qazanılıb. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı
sərəncamlara uyğun olaraq görülən işlər onu deməyə imkan verir ki, yaxın zamanlarda
Azərbaycan dünyanın ən qabaqcıl turizm ölkələrindən birinə çevriləcək. Bu öncüllükdə
sözsüz ki, Gəncə şəhəri nümunəvilik nümayiş etdirəcək. Bunun üçün isə Gəncədə həm
əlverişli coğrafi, həm də füsunkar iqlim şəraiti var.
Sabir ƏLİYEV,
"Azərbaycan”