“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq Qəbələ rayonunda aqrar sektorun bir çox istiqamətlərində tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni Dövlət Proqramının icrası istiqamətində görülən işlərə baxış məqsədilə Prezident Administrasiyasının, Aqrar Kredit və İnkişaf Agentliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul şəxslərinin iştirakı ilə ərazilərə baxış keçirilib.
Nümayəndələr rayon ərazisində bitkiçilik, heyvandarlıq, balıqçılıq, ərzaqlıq buğda istehsalının artırılması istiqamətində təsərrüfatlara baxış keçirib, sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olublar. Həmçinin bağçılıq və emal sahəsi üzrə “Aspi Aqro” MMC-nin əlavə 55 hektar sahədə üzüm bağının salınması, “AZROSE” MMC-nin 50 hektar açıq sahədə gül plantasiyalarının salınması üçün aparılan hazırlıq işləri, “Aqrokompleks Qəbələ” MMC tərəfindən 100 hektar yonca və qarğıdalı sahələrində müasir yağış yağdırma sisteminin tətbiqi, “Novex Aqro” MMC-nin kartof sahələrində “Valley İrriqation” yağış yağdırma sistemlərinin modernləşdirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Nümayəndələr rayonun heyvandarlıq sahəsi üzrə “Aqrokompleks Qəbələ” MMC tərəfindən məhsuldarlığın artırılması və sürünün yenilənməsi üçün əlavə 300 baş iribuynuzlu heyvanların alınmasının, balıqçılıq sahəsi üzrə “AFF-in Qəbələ Qızıl Balıqartırma Zavodu” MMC tərəfindən balıq istehsalının 36 tondan 80 tona artırılmasının mərhələli şəkildə 2026–2030-cu illər ərzində başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, rayonda buğda istehsalı sahəsi üzrə fermer Şahin Mustafayevlə 54 hektar sahədə ərzaqlıq buğda məhsuldarlığının yüksəldilməsi layihələri, eləcə də sahibkar Səbuhi Nəbiyevin “Tofiqoğlu” arıçılıq təsərrüfatında görülən işlər təhlil edilib.
Sahibkarlarla görüş zamanı onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqlar məsələlər bağlı müzakirə aparılıb, dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Tədbirin davamı olaraq rayon icra hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, Qərargah üzvlərinin iştirakı ilə keçirilən görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatlar diqqətə çatdırılıb, fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb.