44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız hərbi-siyasi müstəvidə böyük qələbə əldə etmədi, eyni zamanda, müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına başladı. Böyük Qayıdışın təməli qoyuldu
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.
O qeyd edib ki, Böyük Qayıdışın ilk ünvanı Zəngilan rayonunun Ağalı kəndi oldu. Müasir “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı öz sakinlərini qəbul etməklə yanaşı, gələcəkdə bərpa ediləcək digər yaşayış məntəqələri üçün də nümunəvi modelə çevrilib. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı (2022–2026-cı illər)” çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
“Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün, ilk növbədə, müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu gün Qarabağ və Şərqi Zəngəzur istiqamətində əsas avtomobil yolları yenidən qurulub, dağlıq relyefdə ümumi uzunluğu 12 kilometrdən çox olan tunellər inşa edilib. Əhmədbəyli–Füzuli–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Horadiz–Ağbənd və digər avtomobil yolları regionun iqtisadi potensialının reallaşdırılması üçün mühüm imkanlar yaradır.
Qısa müddət ərzində Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları tikilərək istifadəyə verilib. Dəmir yolu infrastrukturu da bərpa olunur və Bakı–Xankəndi dəmir yolu xətti üzrə qatarların hərəkətinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, körpülər, elektrik yarımstansiyaları, su anbarları, magistral su və qaz xətləri, fiber-optik rabitə şəbəkələri və digər strateji infrastruktur obyektləri inşa edilərək istifadəyə verilib”, - deyə A.Badamov vurğulayıb.
Deputat əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcıdır. Günəş, külək və su elektrik stansiyalarının tikintisi, yeni elektrik yarımstansiyalarının yaradılması və yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi regionun enerji təminatını gücləndirməklə yanaşı, bərpaolunan enerji istehsalının artırılmasına da xidmət edir. Əsas məqsəd gələcəkdə Qarabağ və Şərqi Zəngəzuru tamamilə yaşıl enerji ilə təmin olunan bölgəyə çevirməkdir.
“Şəhərsalma layihələri də müasir beynəlxalq standartlara uyğun şəkildə hazırlanır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və digər şəhərlərin baş planları təsdiq edilərək mərhələli şəkildə həyata keçirilir. Yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar, parklar, idman və mədəniyyət obyektləri inşa olunur. Bütün layihələr ekoloji dayanıqlılıq, enerji səmərəliliyi və müasir şəhərsalma prinsipləri əsasında icra edilir.
İşğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir. Həyata keçirilən layihələr yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas inkişaf mərkəzlərindən birinə çevrilməsinə imkan yaradacaq. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında yaradılan yeni müəssisələr həm sənaye istehsalının genişlənməsinə, həm də Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərdə elm və təhsilin inkişafına yeni imkanlar yaradır. Universitet yalnız Qarabağ üçün deyil, bütövlükdə Azərbaycan üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir. Şuşa şəhəri isə Azərbaycanın mədəniyyət paytaxtı kimi öz tarixi-mədəni irsi qorunmaqla bərpa olunur. Burada tarixi abidələrin restavrasiyası, beynəlxalq tədbirlərin təşkili və yeni mədəni layihələrin həyata keçirilməsi şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir” – deyə deputat qeyd edib.
O bildirib ki, bu günədək işğaldan azad olunmuş ərazilərdə yaşayan, çalışan və təhsil alan insanların ümumi sayı 90 min nəfərə yaxınlaşıb. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonunadək təxminən 140 min nəfərin öz doğma yurdlarına qayıdışı nəzərdə tutulur.
“Yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın ən dinamik inkişaf edən bölgələrindən birinə çevriləcəyi, müasir şəhərsalma, yaşıl enerji, innovasiya və dayanıqlı inkişaf modeli ilə ölkənin digər regionları üçün nümunə olacağı gözlənilir”, - deyə A.Badamov əlavə edib.