17 Yanvar 2025 08:55
331
SİYASƏT
A- A+
Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu


Tariximizə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunan 1990-cı ilin Qanlı Yanvarından 35 il ötür. Bu faciə Azərbaycanın müstəqilliyi amalı ilə ayağa qalxan xalqımızın inam və iradəsini qırmaq, milli azadlıq eşqini boğmaq məqsədi ilə törədilmişdi. 

Qan yaddaşımız olan 1990-cı ilin 20 yanvar tarixi salnamələrimizə sinələrini zülmün topuna, gülləsinə sipər edən, sonunda ölüm olduğunu bilsələr belə əsla istibdada boyun əyməyən neçə-neçə mərd oğul və qızımızın azadlıq uğrunda apardıqları haqq savaşı kimi həkk olunub. Həmin ilin yanvarında qaniçən imperiyanın dəmir caynaqlarını Azərbaycandan söküb atmaq üçün ölümün gözünə dik baxan Aslan Ağaverdiyev, İlham Allahverdiyev, Ülvi Bünyadzadə, Zahir Nuriyev, Vaqif Mirzəyev, Səxavət Quliyev, Tofiq İsmayılov, Azad Mirzəyev, Eldar Məmmədov... kimi vətənpərvər Azərbaycan övladları öz qəhrəmanlıqları ilə hərəsi bir dastan yazıb...


Şəhidlərimizin qisası alındı


1990-cı ilin yanvarından Azərbaycanın azadlığına uzanan yol 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ildə suverenliyimizin tam bərpası, Qarabağda kök salmış erməni quldurlarının yuvasının dağıdılması ilə öz məntiqi zirvəsinə ucalıb. Bununla həm 20 Yanvarda, həm də digər tarixlərdə həyatlarını Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda qurban verən şəhidlərimizin qisası alınıb. 

"Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın ürəyi Şuşanın azadlığının xoş xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdıran zaman söyləmişdi bu fikirləri. Qalib liderin qədim yurdumuz Şuşanın öz əzəli sahiblərinə qaytarılmasının müjdəsini məhz Şəhidlər xiyabanından verməsinin, şanlı Zəfərimizi bu ünvandan dünyaya bəyan etməsinin öz rəmzi mənası var idi. Qarabağın xilaskarı İlham Əliyev şəhidlərimizin uyuduğu bu məkandan qətiyyətlə bildirmişdi ki,  bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! 


Bu qan yerdə qalmadı


Bu tarixi zəfərə yetənə, Qarabağda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağını dalğalandırana qədər isə çox faciəyə, qan-qadaya tuş gəldik. Xalq olaraq öncə 1980-ci illərin sonlarından açıq müstəviyə keçən erməni fitnəsinə qarşı alovlanan azadlıq hərəkatımızı, haqq səsimizi boğmaq üçün qanlı sovet imperiyası ilə yalın əllə çarpışmalı, 20 Yanvar faciəsini yaşamalı olduq.  

1987-ci ilin axırlarında ortaya atılmış qondarma "Dağlıq Qarabağ" problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda, o cümlədən Qarabağın dağlıq hissəsində yaşayan yüzminlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və ovaxtkı SSRİ rəhbərliyinin ermənilərə açıq şəkildə havadarlıq etməsindən hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına axışıb haqlı etirazını bildirir, gecə-gündüz milli mübarizə aparırdı. Amma 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq uğrunda mübarizəsini dayandırmaq, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı amansız hərbi əməliyyatlara başladı. Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 

Dinc əhalimizə qarşı xüsusi qəddarlıqla həyata keçirilən "Bakı əməliyyatı" zamanı hətta fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 1990-cı il yanvarın 20-də səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki yanvarın 20-də gecədən başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə təkcə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.  

Ümumilikdə 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 147 nəfər insan amansızcasına öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu.

Bakının ən uca zirvəsində salınan və Qanlı Yanvar şəhidlərinin uyuduğu, pak ruhlarının dolaşdığı Şəhidlər xiyabanı and yerimiz, müqəddəs ziyarətgahımızdır. Azərbaycan xalqı vətən uğrunda şəhid olan oğul-qızlarını daim dərin hüzn, sayğı və ehtiramla anır. 


Faciəyə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər verib


Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər təhlükələrdən çəkinməyərək hadisənin ertəsi günü Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. 

"Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır" deyən Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir.

Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etmişdir. 

Ümummilli Lider Heydər Əliyev 5 avqust 1998-ci il tarixdə Bakı şəhərindəki Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması haqqında sərəncam vermişdir. Açılışı 9 oktyabr 1998-ci ildə olan kompleks səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənib.


Vətən eşqi


Azərbaycan xalqının azadlıq uğrunda haqq mübarizəsinə qalxaraq nəhəng və istibdadçı sovet imperiyasına qarşı cəsarətlə mücadilə apardığı 1990-cı ilin yanvarından 35 il keçir. Ötən 35 ildə millət olaraq 20 Yanvar faciəsi də daxil olmaqla, xeyli ağrı-acılara düçar olmuşuq, soyqırımları ilə, torpaqlarımızın işğalı ilə üzləşmişik. Ancaq azadlığa gedən yolda qarşımıza çıxan heç bir çətinliyə boyun əyməmişik, milli hədəflərimizə çatmaq uğrunda bütün səylərimizi səfərbər etmişik. Elə bu qayə, iradə, vətən eşqimizlə də sonda amallarımıza yetişmişik. Qarabağımızı azadlığına qovuşdurmuşuq, bütöv Azərbaycan missiyamızı qürurla başa vurmuşuq. 

2023-cü ilin oktyabrında Xankəndidə Zəfər meydanında - vaxtilə erməni fitnəsinin başladığı ünvanda Azərbaycan bayrağını əbədi dalğalandıran zaman Qarabağın xilaskarı İlham Əliyevin bütün dünyaya bəyan etdiyi kimi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


 Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!